Dünya ədəbiyyatından seçmələr

Dünya ədəbiyyatından seçmələr

25 Aprel 2016, 09:59 2497
Lao Ma
Sual


İyirmi ildən sonra ilk dəfə olaraq bitirdiyim universitetə qayıdanda hətta şəhərciyin bitkiləri də iyirmi il əvvəlin tənbəl tələbəsinə sakitcə gülürdülər.
Universitetin təmir olunmuş girişində dayanıb doğma universitetimin dəyişikliyinə baxıb dərindən köks ötürdüm. Fəlsəfə kafedrası köhnə binadan çoxmərtəbəli binaya köçmüşdü, qapıçı mənə belə dedi. Məncə bu qapıçı biz tələbə olanda qapıçı işləyən kişinin oğludur, belə güman etdim. Bir-birinə çox oxşayırdılar, yəqin ki, o qoca qapıçı ötüb keçən illərin əlindən canını sağ qurtara bilməyib.
Bundan başqa demək olar ki, şəhərcikdə heç nə dəyişməmişdi. Bütün bunlar əvvəlki kimi köhnə idi, ciddi maliyyəyə ehtiyacı vardı. Bu yeniyetmə qızlar gündə bir don dəyişsə də universitet əvvəlki formada idi.
Bu sinif otaqlarında işlətdiyim ən gözəl ifadələri yadıma salmaq istədim.
O vaxtlar mən fəlsəfə fakültəsinə heç bir səbəb olmadan qəbul edilmişdim, mənim o biri otuz tələbə yoldaşlarım da mənim kimi. O biri tələbələrin çoxu fəlsəfənin anlaşılmazlığı, mücərrədliyi içində sıxılırdılar. Gözləri quzğun gözlərinə oxşayırdı.
Dörd il bizə çox uzun gəldi. Universiteti bitirməyə az qalmış iki tələbəyə şizofrenik diaqnozu qoyuldu, ikisi kəndə qayıdıb heyvandarlıqla məşğul olmağı üstün tutdu. Başqa üç tələbə isə hər gün başqa sinif otaqlarına gedib girirdilər.
(universitetdən qovulana qədər onlar gah mühasibat, gah da jurnalistika fakültəsinin auditoriyalarına getdilər) Buna görə universiteti bitirəndə bizə elə gəldi ki, biz ya təqaüdə çıxmışıq, ya da həbsdən azad edilmişik.
Buraxılış mərasimində kafedranın rəhbəri bu fakültədə tələbələri həyəcanlandıran və onları incidən məqamlara da toxundu:
- Əgər fəlsəfə olmasaydı onda dünya necə olardı?
Tələbələrin çoxu kövrəldi. Neçə illər ərzində tələbələr bu ehtimalın praktikaya tətbiq edilməsinə nə qədər ümid etmişdilər! Müəllimlərin də bir neçəsi kövrəldi - bu şərti sualın cavabından onların yaşayış şəraiti asılı idi. Əgər fəlsəfə olmasaydı onda onların da dünyası mövcud olmazdı. Onda onlar məntiqin əleyhinə çıxar, ya da bu nəticəyə gələrdilər.
Bütün fəlsəfə, xüsusilə də müasir fəlsəfənin əsas fundamental sualı fikir və varlıq arasındakı əlaqə haqda olan sualdır. Hətta ən küt tələbələr də bu şüara bənzər sual barədə debat edə bilərdilər.
Universiteti bitirmək ərəfəsində “fikir və varlıq arasındakı əlaqə” ən görkəmli çağırış oldu mənimçün. Bu suala cavabdan asılı olaraq bizi materialist və idealist olmaqla iki sinfə ayırdılar. Yaşamaq uğrunda mübarizə aparmaq üçün tələbələrin çoxu bu sualın cavabını “fikir” demişdilər.
Sonralar mən özüm pul qazanmaq xatirinə öz xərcimlə səyahət etdim, bəzi malları alıb satırdım, beləcə, ticarətçi oldum. Bu yolla mən yaşamaq üçün materiya bazamı gücləndirdim. Ancaq necə deyərlər, “fəlsəfə olmasaydı dünya necə olardı?” sualı hələ də mənimçün tapmaca idi.
Mən fakültənin binasına daxil olanda orda gördüyüm bütün sifətlər mənə yad idi. Mənim universitetdə işləyən bir tələbə yoldaşımın hara yoxa çıxmasını soruşdum. Cavab məni şoka saldı:
- O çoxdan ölüb.
- Ölüb? Nə baş verib? - soruşdum.
- O qara ciyər serozundan ölüb.
Mən qorxa-qorxa soruşdum:
- Bəs X müəllim necə, o da ölüb?
-Sözlərinizə fikir verin, o çox yaxşıdır, sizin necə diliniz gəlir onu lənətləyəsiniz?
- Ah, üzr istəyirəm, - dedim, sanki çiynimdən ağır yük götürüldü.
- Deyin görüm, o hələ də bu fakültədə dərs deyir?
-Bəli, ancaq siz onu universitetdə tapa bilməzsiniz, heç biz də onu tapa bilmirik. Çünki o universitetdən kənarda bizneslə məşğuldur. Cədvəldə dərsi olanda gəlib dərsini keçir, sonra yoxa çıxır.
Mən heç bir məqsəd olmadan şəhərciyi dolaşmağa başladım. Hələ də beynimdə həmin tapmaca vardı: “Fəlsəfə olmasaydı dünya necə olardı?”
Bu vaxt universitet tələbələri gəlib tələsik yanımdan keçdilər və tədris korpusuna getdilər. Həmin gün ya üçüncü, ya da dördüncü dərs idi. Ancaq bu tələbələr bizim dövrün tələbələri kimi görünmürdü, ya da yəqin ki, onlar başqa fakültənin tələbələri idi. Onların geyimi də bizim geyimdən daha qəşəng idi.
Elmi Fəallıq Mərkəzinin qapısı üstündən bir bayraq asılmışdı. Üstündə bu sözlər yazılmışdı: “Fəlsəfə nədir? – Yeni Əsr beynəlxalq Forumu” .
Şübhə içində zala addımladım. Universitetdə qayda var ki, belə tədbirlərdə hər bir kəs iştirak edə bilər. Forum iştirakçıları maraqlı danışırdılar, ancaq onların dedikləri diqqətimi cəlb etmirdi.
Mənim fikrim tribunada idi. Bəzi sifətlər tanış idi, onlar mənim də müəllimlərim olmuşdu. Bəziləri maraqla qulaq asırdılar, bəziləri isə gözlərini yumub fikrə getmişdilər. Hətta mənim keçmiş baş müəllimim xoruldayırdı. Mən zalı tərk etmək istəyəndə kimsə əlini çiynimə qoydu. Aman Allah, bu ki mənim universitetdə işləyən başqa tələbə yoldaşım idi!
O danışmağa macal tapmamış suallarımı onun üstünə yağdırdım:
- İyirmi il keçib, hələ də sizin tələbələr “fəlsəfə nədir kələfini aça bilməyiblər?
- Biz bu mövzuda tez-tez danışırıq, gələcəkdə də bu sualı müzakirə edəcəyik. Hələ bundan sonra yüz il bu sualı verəcəklər.
Mən həyəcanlandım, onu qıcıqlandırmaq istədim.
- Baş açmıram, əgər sən özün də fəlsəfə,nin nə olduğunu bilmirsənsə hansı cürətlə tələbələrə dərs keçirsən? Bu ki məsuliyyətsizlikdir! Mən fəlsəfəni iyirmi il əvvəl öyrənmişəm. Ancaq iyirmi il sonra sizin tələbələr yenə də “fəlsəfə nədir?” sualını müzakirə edirlər. Yoxsa bu bir şit zarafatdır? Mən itirdiklərim üçün kompensasiya tələb edirəm. De görək, fəlsəfə olmasaydı dünya necə olardı? - ona sual verdim.
- Heç nə, heç nə dəyişməzdi - o soyuqqanlıqla cavab verdi.

Ceyms Bolduin
Antonio Canova


Neçə gözəl illər bundan əvvəl İtaliyada Antonio Canova adlı balaca bir uşaq vardı. Atası öldüyünə görə o babasıyla bir yerdə yaşayırdı. Onun babası daşyonan idi. O, çox kasıbdı.
Antonio çox zəif uşaqdı, babasıyla işləməyə gücü yox idi. Eləcə də başqa uşaqlarla oynamağı sevmirdi. Ancaq o babasıyla birlikdə qayalıqlara getməyi xoşlayırdı. Qoca babası daşları yonanda o da daş qırıqları arasında oynayardı. Hərdən də yumşaq gildən heykəl düzəldərdi. Bəzən özüylə çəkic və iskənə götürər, qayanın iri daşlarından heykəl oymağa cəhd edərdi. Çox vaxt istəyinə nail olar, belə vaxtlarda babası çox sevinərdi:
– Deyəsən, bu uşaq gələcəkdə heykəltəraş olacaq, - babası deyərdi.
Axşam evə qayıdanda isə nənəsi ondan soruşardı:
– Mənim balaca heykəltəraşım, sən bu gün nə iş görmüsən?
Daha sonra nənəsi onu dizi üstə oturdar, ona nağıllar danışardı. Bu nağıllar da balaca Antonionun beynini gözəl obrazlarla doldurardı. Növbəti gün o babasıyla qayalıqlara gedəndə ya gildən, ya da daşdan beynindəki obrazları düzəldərdi.
Onlar yaşayan kiçik şəhərdə Qraf deyilən bir varlı kişi də yaşayırdı. Hərdənbir bu Qraf ziyafət təşkil edər, başqa şəhərlərdən varlı dostlarını ziyafətə dəvət edərdi. Belə vaxtlarda Antonionun babası da Qrafın evinə gedər, mətbəxdə iş görərdi. Çünki o yaxşı daşyonan olduğu kimi yaxşı da aşpaz idi.
Bir gün elə oldu ki, Antonio da babasıyla birlikdə Qrafın malikanəsinə getdi. Şəhərdən çoxlu qonaqlar gələcək, onların şərəfinə ziyafət veriləcəkdi. Antonio yemək bişirə bilmirdi, nə də yaşı az olduğuna görə ona başqa iş tapşırmadılar. O ancaq qab-qacaqları yuya bilirdi, zirək uşaq olduğundan başqa işlərdə də babasına əl tuturdu.
Nahar üçün stol açılana qədər hər şey yaxşı gedirdi. Birdən yemək otağından səs gəldi, deyəsən nəsə sınmışdı. Elə bu vaxt bir kişi əlində mərmər parçası mətbəxə cumdu. Onun rəngi ağappaq ağarmış, qorxudan tir-tir əsirdi.
– Mən nə edəcəm? Mən nə edəcəm? - o həyəcanla təkrar edirdi. - Mən stolun ortasında dayanmalı olan heykəli sındırmışam. Bu heykəl olmasa stolun gözəl görünməsi üçün heç nə edə bilmərəm. Qraf mənə nə deyəcək?
Artıq o biri xidmətçilər də təşviş içindəydilər. Görəsən, ziyafət baş tutmayacaq? Nahar olmayacaq? Hər şey stolun gözəl görünməyindən asılı idi. Qraf çox hirslənəcəkdi.
– Biz nə edəcəyik? - onlar bir-birinin üzünə baxıb deyirdilər.
Antonio qabları yuyurdu. İşini yarımçıq qoyub heykəli sındıran adama yaxınlaşdı.
– Əgər sənin başqa heykəlin olsaydı stolu bəzəyə bilərdin? - o kişidən soruşdu.
– Əlbəttə, - kişi cavab verdi.- Əgər heykəl əvvəlki uzunluqda və əvvəlki hündürlükdə olsa...
– Mənə icazə verərsənmi bir heykəl düzəltməyə cəhd edim? - Antonio dedi. - Güman ki, işinizə yarayan birini düzəldə bilərəm.
Kişi onun sözlərini eşidib güldü.
– Cəfəngiyat danışma! – kişi onun üstünə qışqırdı. - Sən axı kimsən ki, bir saata heykəl düzəltməkdən dəm vurursan?
– Mən Antonio Canovayam, - o dedi.
– İcazə verin uşaq bacardığını düzəltsin, - Antonionu tanıyan xidmətçilər dedi.
Beləliklə, başqa əlacı olmayan kişi ona icazə verdi.
Mətbəx stolunun üstündə iri, dördkünc yağ parçası vardı. Doxsan kiloya yaxın çəkisi olardı. Onu dağlardakıyağ zavodundan təzəcə gətirmişdilər, təzə idi. Antonio mətbəx bıçağını əlinə alıb yağ parçasını oymağa başladı. Bir neçə dəqiqənin içində Antonio bu yağ parçasını oturan şir formasına saldı. Bütün xidmətçilər toplaşıb şirə baxırdılar.
– Nə gözəldir, - xidmətçilər qışqırdılar. - Hətta sınan heykəldən də çox qəşəngdir.
Antonio işini bitirəndə kişi şiri sınan heykəlin yerinə aparıb qoydu.
– İndi stol mənim istədiyimdən də gözəl görünəcək, - kişi dedi.
Qraf və onun varlı dostları stol arxasında oturanda onların nəzərini cəlb edən ilk şey sarı şir oldu.
– Necə də gözəl incəsənət əsəridir? - onlar heyrətlə dedilər. - Yalnız dahi bir heykəltəraş belə bir şir düzəldə bilərdi! Ancaq çox maraqlıdır, nə üçün o bu heykəli yağdan hazırlayıb?
Sonra Qrafın dostları ondan xahiş etdilər ki, bu şiri hazırlayan heykəltəraşın adını onlara desin.
– Dostlar, - Qraf dedi. - Bu şir elə mənim üçün də sürprizdir, mən də elə sizin kimiyəm, bunu kimin hazırladığını bilmirəm.
Daha sonra Qraf baş xidmətçini çağırdı, ondan soruşdu ki, belə bir gözəl heykəli haradan tapıb gətirib.
– Bunu yarım saat əvvəl mətbəxdəki o balaca oğlan düzəldib, - baş xidmətçi cavab verdi.
Onun sözlərini eşidən Qrtafın dostları indi daha çox təəccübləndilər. Qraf baş xidmətçiyə həmin oğlanı yemək otağına çağırmağı dedi.
– Balaca, - Qraf uşağa dedi. – Sən elə bir əsər yaratmısan ki, dahi heykəltəraşlar bununla fəxr edə bilər. Sənin adın nədir? Müəllimin kimdir?
– Mənim adım Antonio Canovadır, - oğlan dedi. - Daşyonan babamdan başqa mənim heç bir müəllimim olmayıb.
Qrafın bütün qonaqları Antonionun başına toplaşdılar. Onların arasında məşhur rəssamlar, heykəltəraşlar da vardı. Onlar başa düşdülər ki, bu uşaq dahidir. Onlar uşağın yaratdığı işə deməyə güclü bir söz tapmadılar. Dedilər ki, Antonionun onlarla bir stol arxasında oturması onları məmnun edər, ziyafət də onun şərəfinə verilər.
O biri gün Qraf adam göndərib Antonionu çağırdı ki, gəlib onlarla birgə yaşasın. Ölkənin ən yaxşı rəssamları, heykəltəraşlar gəlib ona dərs keçdilər. Bu dəfə o yağı oymaq əvəzinə mərməri oyurdu.
Antonio Canova dünyanın ən məşhur heykəltəraşlarından biri oldu.

İngilis dilindən tərcümə edən: Sevil Gültən