Ceyms Bolduindən hekayələr

Ceyms Bolduindən hekayələr

11 Aprel 2016, 09:56 895
Sonsuz nağıl

Uzaq şərqdə bir padşah var idi, onun işi-gücü yox idi, bütün günü yumşaq yastıqlara söykənib nağıllara qulaq asırdı. Nağılların nədən bəhs etməsindən, hətta çox uzun olmasından asılı olmayaraq, o qulaq asmaqdan yorulmazdı. Nağıl danışana deyərdi:
– Sənin nağılının yalnız bir eybi var, nağılın çox qısadır.
Dünyanın hər yerindən onun sarayına nağılçılar dəvət olunurdu. Əlbəttə, bəzi nağıllar çox uzun olurdu. Ancaq hər dəfə nağıl sona çatanda padşah qəmlənirdi.
Nəhayət, bir gün o bütün şəhərlərə, kəndlərə xəbər göndərdi ki, kim ona sonsuz nağıl söyləsə ona mükafat verəcək. Onun göndərdiyi xəbər bu məzmunda idi:
– Kim mənə sonu olmayan nağıl danışsa mən öz qızımı ona verəcəm. Həmin adamı varis elan edəcəm, məndən sonra o adam padşah olacaq.
Ancaq hələ bu harasıdır? Padşah başqa bir şərt də qoymuşdu:
– Əgər kimsə mənə belə bir nağıl danışmağa cəhd edib, amma danışa bilməsə onun başı vurulacaq!
Padşahın qızı çox gözəl idi, ölkədə ona sahib olmaq istəyən çox cavan var idi. Ancaq heç kim başını itirmək istəmirdi, yalnız bir neçə cavan oğlan cəhd etdi.
Bir cavan oğlan üç ay davam edən bir nağıl uydurdu. Ancaq nağıl sona çatanda onu davam etdirməyə söz tapmadı. Onun taleyi, başının vurulması o birilərə də dərs oldu. O vaxtdan padşaha sonsuz nağıl danışmağa cəhd edən olmadı.
Bir gün cənubdan saraya bir cavan oğlan gəldi.
– Əlahəzrət, - o dedi.- Düzdür ki, sizə sonu olmayan nağıl danışana mükafat vəd etmisiniz?
- Düzdür, - padşah cavab verdi.
– Belə nağıl danışana qızınızı verəcəksiniz? Həmin adam sizin varisiniz olacaq?
– Bəli, əgər danışa bilsə, - padşah dedi. - Ancaq danışa bilməsə başı vurulacaq!
- Çox yaxşı, - cavan oğlan dedi. - Çəyirtkələr haqqında çox yaxşı bir nağılım var.
- Söylə, - padşah dedi.- Sənə qulaq asıram.
Oğlan nağılını danışmağa başladı:
– Bir özündən razı padşah varmış. Ölkəsinin bütün torpaqlarını taxıl zəmisinə çevirmək istəyirdi. Ona görə də o taxın anbarına çoxlu toxumluq buğda yığır. Ancaq ölkəyə çəyirtkə sürüsü gəlir, buğda yığılan yeri görür. Çəyirtkələr çox axtarandan sonra anbarın şərq tərəfində balaca bir deşik görürlər. Bu deşikdən yalnız bir çəyirtkə keçib buğda götürə bilərdi. Beləliklə, bir çəyirtkə o deşikdən anbara girib bir buğda götürüb çölə çıxdı. Sonra başqa çəyirtkə o deşikdən içəri girib bir buğda götürüb çölə çıxdı, sonra başqa çəyirtkə o deşikdən içəri girib bir buğda götürüb çölə çıxdı, sonra başqa çəyirtkə o deşikdən içəri girib bir buğda götürüb çölə çıxdı, sonra başqa çəyirtkə o deşikdən içəri girib bir buğda götürüb çölə çıxdı...
Günlər, həftələr, aylar keçdi, bir il ötüb keçdi, ancaq cavan oğlan elə hey bu sözləri təkrar edirdi: Sonra başqa çəyirtkə o deşikdən içəri girib bir buğda götürüb çölə çıxdı. İki il də keçəndən sonra padşah dedi:
– Bir mənə de görüm, çəyirtkələr buğdaları nə vaxt daşıyıb qurtaracaqlar?
– Ah, padşahım, - cavan nağılçı dedi. - Çəyirtkələr hələ cəmi-cümlətanı anbarın yarım metrindəki buğdanı daşıyıblar. Taxıl anbarının milyonda bir hissəsindəki buğdanı daşıyıblar. Hələ çox var.
– Oğlan, oğlan, sən məni dəli edəcəksən, - padşah qışqırdı. - Daha qulaq asmağa səbrim yoxdur. Götür qızımı, varisim ol, ölkəni idarə et. Ancaq o lənətəgəlmiş çəyirtkələr haqda bir kəlmə də demə.
Beləliklə, həmin cavan oğlan padşahın qızıyla evləndi. Xoşbəxt ömür sürdü. Onun qayınatası, qoca padşah isə bir daha nağıla qulaq asmaq istəmədi.

Həkim Qoldsmit

Bir vaxtlar Oliver Qoldsmit adlı mərhəmətli bir kişi vardı. O çox gözəl kitablar yazardı, ürəyiyumşaq, xeyirxah idi, həmişə başqalarına kömək etməyə, nəyi vardısa onlarla bölməyə hazır idi. Əlinə düşəni kasıblara verdiyinə görə elə özü də çox kasıb idi.
Bəzən onu Həkim Qoldsmit deyə çağırırdılar, çünki o həkimlik oxumuşdu.
Bir gün kasıb bir qadın Həkim Qoldsmitdən xahiş etdi ki, gedib onun xəstə, heç nə yeyə bilməyən ərinə baxsın.
Qoldsmit onun evinə gedəndə ailənin ehtiyac içində yaşadığını gördü. Xəstə kişi uzun müddət idi ki, işləmirdi. O xəstə deyildi, yoxsulluğa düçar olmuşdu, o ki qaldı yeməməyinə, evdə yemək üçün heç bir ərzaq yoxdu.
- Axşam mənim evimə gəl, - Qoldsmit qadına dedi. - Mən sənin ərin üçün bir neçə dərman verəcəm.
Axşam qadın həkimin evinə getdi. Həkim ona balaca karton bir qutu verdi, qutu çox ağır idi.
- Qutunun içindəki dərmandır, - həkim qadına dedi, onu düzgün işlədin. İnanıram ki, bu dərman ərinizə çox yaxşı təsir edəcək. Ancaq evə çatana qədər qutunu açmayın!
- Bəs bu dərmanı qəbul etməyin qaydaları necədir? - qadın soruşdu.
- Qaydaları qutunun içində görəcəksiniz, - həkim cavab verdi.
Qadın evə çatanda ərinin çarpayısı yanında oturdu, onlar qutunu açdılar.
Sizcə, onlar qutunun içində nə gördülər? Qutu xırda qəpiklərlə dolu idi. Lap üstə isə “Qaydalar” yazılmışdı: EHTİYAC OLANDA GÖTÜRMƏLİ
Həkim Qoldsmit evində olan bütün ehtiyat pulu vermişdi onlara.

Lakonik cavab

Romadan neçə mil o tərəfdə Yunanıstan deyilən məşhur bir ölkə vardı. Yunanıstanın əhalisi romalılar kimi birləşməmişdi, əvəzində orada bir neçə dövlət, hər dövlətin də öz qanunları vardı.
Ölkənin cənub hissəsində yaşayanlara Spartalılar deyirdilər, onlar qoçaqlığı və vərdişləriylə tanınırdılar. Onların yaşadığı dövlətin adı Lakoniya idi, ona görə də onlara bəzən Lakonlar da deyirdilər.
Spartalıların qəribə qaydalarından biri o idi ki, onlar çox qısa danışar, ehtiyac olduğundan artıq söz işlətməzdilər. Onlar çox vaxt qısa, lakonik cavablar işlədərdi.
Yunanıstanın şimal hissəsindəki dövlətin adı Makedoniya idi. Bir vaxtlar bu yerləri Filip adlı təcavüzkar bir hökmdar idarə edirdi.
Makedoniyalı Filip bütöv Yunanıstana ağalıq etmək istəyirdi. Beləliklə, o böyük bir ordu toplayıb Yunanıstandakı başqa dövlətlərlə müharibə etdi, bu dövlətlərin əhalisi artıq onu hökmdar kimi tanıyırdı. Sonra Makedoniyalı Filip Lakoniyada yaşayan Spartalılara bir məktub göndərdi: “Əgər sizin ölkənizə daxil olsam, sizin o böyük şəhərinizi yerlə-yeksan edəcəm”.
Bir neçə gündən sonra Filipin məktubuna cavab gətirdilər. O məktubu açanda orada yalnız bircə söz yazıldığını gördü.
Həmin söz bu idi: “ƏGƏR”
Onlar bu sözlə belə demək istəyirdilər: “Əgər bir balaca “əgər” sözü sizin yolunuzu kəsirsə onda biz sizdən qorxmuruq”.

İngilis dilindən tərcümə edən: Sevil Gültən