1000-dən artıq həkim Azərbaycanda tibb fəaliyyətilə məşğul ola bilər

1000-dən artıq həkim Azərbaycanda tibb fəaliyyətilə məşğul ola bilər

Cəmiyyət
24 May 2017, 15:53 759
"Xaricdə təhsil alıb Azərbaycanda işləmək istəyən həm yerli vətəndaşlarımız, həm də əcnəbi həkimlər ölkədəki mövcud qanunvericiliyə əsasən müəyyən proseduralardan keçməlidirlər".
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib. Onun sözlərinə görə, həmin şəxslər ilkin olaraq ali təhsilini təsdiq edən sənədin ölkəmizdə Təhsil Nazirliyində tanınmasına çalışmalıdırlar. Nostrifikasiyadan müsbət rəy aldıqdan sonra Səhiyyə Nazirliyi tərəfindən oxuduğu tibb ixtisası üzrə işləməyə icazə almalıdır. Həmin şəxslərə tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa dair şəhadətnamə verilir. Bu şəhadətnaməni alandan sonra onlar artıq Azərbaycanda işləyə bilərlər. 
 
E.Əzizov qeyd edib ki, şəhadətnamə bir neçə məqsədlə verilir: "Birincisi, həmin şəxsin həkim kimi tibb fəaliyyəti ilə məşğul ola biləcəyi və hansı ixtisas üzrə işləyə biləcəyi müəyyən olunur. Xaricdə təhsil aldığı ixtisas və fənlər bizim istifadə etdiyimiz ixtisas və fənlərlə uzlaşdırılır. Ondan sonra konkret hansı ixtisas üzrə məşğul ola biləcəyi dəqiqləşdirilir. Şəhadətnamə  konkret bir ixtisas üzrə verilir.  Bununla işə qəbul edən müəssisələr onu hansı ixtisas üzrə işlədəcəklərini bilirlər.   Əvvəl bir neçə dəfə ixtisasdan kənar fəaliyyətlə məşğul olan əcnəbi həkimlər aşkarlanıb.  Həkim terapevt olub, müəssisə bilməyib onu başqa ixtisas üzrə işlədib”.
 
E.Əzizov deyir ki, bu şəhadətnamələr müddətsiz olur: "Şəhadətnamələrin verilməsi prosesinə 2008-ci ildən başlamışıq. Bu vaxta kimi 1000-dən artıq həkimə ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilib. 500-550-dən artıq orta tibb işçisi də bu icazəni alıb.  Son bir il ərzində təxminən 150 nəfərə bu şəhadətnamədən verilib. 50-60 nəfər də orta ixtisas təhsilli şəxslərə (tibb bacıları, feldşer) verilib. Şəhadətnamə verilərkən əsas meyl orta ixtisas yox, ali təhsil sahəsinə verilir.  Şəhadətnamə almaq üçün müraciət edənlər sırasında cərrahlar, ginekoloqlar, terapevtlər çox olur. Yerli vətəndaşlarımız əsasən Rusiyada, Türkiyədə təhsil alır. Xarici vətəndaşlardan da İran, Türkiyə, Avropanın müxtəlif ölkələrində təhsil almış şəxslər burda işləmək üçün müraciət edir. Müraciət edənlərin 70 faizi Azərbaycan vətəndaşıdır”.
 
E.Əzizov bildirib ki, əcnəbi həkimlər tərəfindən ölüm halları adətən özəl klinikalarda olur və Səhiyyə Nazirliyi tərəfindən bu hallar müraciət daxil olduğu halda  araşdırılır: "Nazirliyə bu barədə müraciət daxil olmayıb. Həm də xəstə öləndə əcnəbi həkim  ya yerli həkim nəzarətində olub-olmamağının qeydiyyatı aparılmır”.