• cümə axşamı, 25 aprel, 15:39
  • Baku Bakı 23°C

Ziyafət Əsgərov: Qazandığımız Zəfəri qorumaq bizim borcumuzdur

22.09.22 17:45 633
Ziyafət Əsgərov: Qazandığımız Zəfəri qorumaq bizim borcumuzdur

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd olunur. Biz artıq ikinci ildir ki, anım gününü qeyd edirik.

Əlbəttə, Vətən müharibəsinin başlaması və şanlı Zəfərimiz təsadüfü olmamışdı. Çünki Respublikamızın ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll olunacağına ümid etsək də, biz heç zaman torpalarımızın işğalı ilə barışmamışıq. Tarixi faktdır ki, torpaqlarımıza erməni təcavüzü Birinci Qarabağ Müharibəsindən çox-çox əvvələ, ХVIII əsrin əvvəllərinə təsadüf edir. Çar Rusiyası zamanı I Pyotrun fərmanı ilə ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin uydurma “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı və buna paralel azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdu. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olmuşdur. Minlərlə azərbaycanlı soydaşımız Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya edilib. 1905-1907-ci illərdə başlamış ilk kütləvi qırğınlardan sonra ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycan kəndlərinin tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam etmişdir. Xocalı, Ağdaban, Başlıbel faciələri yaxın tariximizdə aid ermənilər tərəfindən törədilmiş ən qanlı hadisələrdir. Xalqımızın başına gətirilən bu faciələrə ilk hüquqi qiymət verən Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımlarını qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı imzalamaqla nəinki yalnız 1918-ci il 31 mart hadisələrinə, ümumilikdə ermənilərin əsrlərdir davam edən azərbaycanlılara qarşı düşünülmüş soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verib.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov qeyd edib ki, 1988-1994-cü illər ərzindəki işğal dövründə, eləcə də 30 il ərzində torpaqlarımızı işğal altında saxladıqları dövrdə işğalçı Ermənistan hərbi cinayətlər törətməkdə davam edib. Ən dəhşətlisi də budur ki, başqa bir suveren dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə, əhaliyə qarşı soyqırımı törədilməsinə və işğalın 30 il davam etdirilməsinə beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq bu cinayətlərə etinasız qalıb. Bütün bu müddət ərzində dünyaya haqq səsimizi çatdırmağımıza və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər kağız üzərində qalıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunur, lakin qətnamələrə əməl etməməsinə baxmayaraq, işğalçı dövlətə qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Münaqişənin həlli üçün yaradılmış digər beynəlxalq qurum olan ATƏT-in Minsk qrupu da 30 il müddət ərzində heç bir ciddi iş görməmiş, əksinə münaqişəni həll etmək əvəzində onu donmuş vəziyyətdə saxlamağa çalışmışdır. Həmçinin bu müddət ərzində BMT və ATƏT kimi beynəlxalq təşkilatlar azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmamış, Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror və soyqırımı hadisələrinə heç bir münasibət bildirməmişdir. Ermənilər isə ərazilərimizi işğal etməklə kifayətlənməmiş, dini-tarixi abidələrimizi məhv ediblər. Hətta azğınlaşmış düşmən yeni ərazilər işğal etmək arzusuna da düşüb. 2020-ci ilin iyul ayında Azərbaycan Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar da təsdiq etdi ki, düşmən yeni torpaqlar ələ keçirmək iddiasındadır.

Komitə sədri bildirib ki, bununla da 30 il boyunca səbirlə münaqişənin sülh yolu ilə həll edilməsinə olan ümidlərimiz nəticəsiz qalıb. “Belə olan halda Azərbaycan nə etməli idi? Daha 30 il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin kağız üzərində qalmasına və ATƏT-in Minsk qrupunun münaqişənin donmuş vəziyyətdə saxlamaq cəhdlərinə şahidlik etməli idimi? Üstəlik, dövlət sərhədimizin yeni istiqamətlərdə təcavüzə məruz qaldığı bir vaxtda Ermənistanın dövlətimizə qarşı təxribatlarına, yeni ərazi iddialarına göz yummalı idikmi? Xeyr, əlbəttə, xeyr. Məhz anım günü kimi dövlətimizin tarixinə əbədi həkk olunmuş sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın hərbi təxribatlarına cavab olaraq dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Bununla da erməni təcavüzünün qarşısını almaq üçün başlamış əks-hücum əməliyyatları uğurla davam edərək dövlətimizin ərazi bütövlüyü uğrunda, işğalçıları torpaqlarımızdan birdəfəlik çıxarmaq uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi. Prezidentinin ətrafında dəmir yumruq kimi birləşmiş xalqımızın da dəstəyi ilə qüdrətli ordumuz cəmi 44 gün müddətində Ermənistanın 4 il müddətinə işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etdi”, - deyə Z.Əsgərov qeyd edib.

Komitə sədri diqqətə çatdırıb ki, bizim mübarizəmiz torpaqlarımızın işğaldan azad olunması uğurunda haqq işimiz olmaqla yanaşı, beynəlxalq hüququn bütün tələblərinə uyğun aparılmışdı. Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara həmişə sadiq olub, biz hərbi əməliyyatları heç vaxt döyüş meydanından kənara çıxarmamış, dinc əhali, mülki infrastrukturları qətiyyən hədəf almamışıq. Döyüş meydanında uduzan düşmən isə həmişəki kimi beynəlxalq hüquqa zidd olan terror və təxribatlar törətmiş, dinc əhalini, mülki obyektləri, işğal altında olan torpaqlarımızdan kənarda yerləşən rayonları hədəf almış, üçüncü dövlətləri münaqişəyə cəlb etməyə çalışaraq münaqişənin miqyasını genişləndirməklə Azərbaycan qarşısında siyasi məsuliyyətdən qaçmağa çalışmışdır. Lakin bütün bu cəhdlər düşməni məğlubiyyətdən, kapitulyasiya aktına imza atmaqdan xilas edə bilmədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri və torpalarımızın düşmən işğalından azad edilməsi ilə nəticələndi, ədalət bərpa olundu.

Vətən müharibəsində Azərbaycanın 2907 hərbçisinin şəhid olduğunu, mindən çox əsgərimizin yaralandığını bildirən komitə sədri bildirib ki, dövlətimiz və xalqımız şəhidlərimizi hər zaman dərin ehtiramla yad edəcək. Anım gününün qeyd olunması, Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənəvi diqqəti və qayğısı, xəstəxanalarda, reabilitasiya mərkəzlərində müharibədə xəsarət almış şəxsləri şəxsən ziyarət etmələri Vətən müharibəsi iştirakçılarına olan ali diqqətin təcəssümüdür. Qazilərə və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi bu gün də dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ümumilikdə indiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmiş, müharibə əlillərinə 7 mindən çox minik avtomaşını verilmiş və digər sosial yardımlar göstərilmişdir. Bundan sonra da Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi, şəhid ailələrinə və müharibə veteranlarına dövlətin diqqət və qayğısı sahəsində də dünya miqyasında öz modelini ortaya qoyaraq nümunəvi olmağa davam edəcək.

“Biz artıq regionda sülhə, təhlükəsizliyə və əmin-amanlığa nail olunmasında maraqlıyıq. İkinci Qarabağ müharibəsi qurtaran kimi Ermənistanla sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına başlamağı təklif edən ilk Azərbaycan olub. Daha sonra biz öz mövqeyimizi artıq bütün dünya ictimaiyyətinə də yaxşı məlum olan sülh müqaviləsinin bağlanmasının 5 prinsipi ilə daha da dəqiqləşdirdik. Ermənistan isə həmin prinsiplərə etiraz etməmişdi, əslində Ermənistanın beynəlxalq hüquqa əsaslan bu prinsiplərə etiraz etmək haqqı da yoxdur. Lakin sentyabrın 12-dən başlanan erməni təxribatı bir daha göstərdi ki, bizim nə qədər ki, Ermənistan kimi məkrli qonşumuz var, hər zaman müharibəyə, təxribatlara hazır olmalıyıq. Azərbaycan Ordusu hər zaman düşmənə cavab verməyə hazır olmalıdır, “Dəmir yumruq” yerində olmalıdır və yerindədir!

Vətən Müharibəsi dövründə özünün ən yüksək həddinə çatmış xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır, hətta mən deyərdim ki, bu birlik daha da güclənib, möhkəmlənib. Çünki Azərbaycan xalqı da şahid olur ki, Ermənistan ilə aparılan siyasi-diplomatik danışıqlara, Ermənistanın sözünə, imzasına arxalanmaq olmaz. Ermənistan sülh danışıqları prosesindəki məsuliyyətsiz hərəkətləri və son təxribatı ilə Azərbaycan qarşısında etimadını tamamilə itirmişdir. Hətta Ermənistan nəinki Azərbaycan qarşısında etimadını itirmiş, erməni cəmiyyəti daxilində baş qaldırmış parçalanmalar və qütbləşmələr Ermənistanın öz müstəqil dövlətçiliyini şübhə altında qoymuşdur. Belə bir qeyri-stabil və işğalçı dövlətlə qonşu olduğumuz üçün bizim şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Qələbəmizi qorumaq, dövlət sərhədlərimizin təhlükəsizliyini qorumaq, Ermənistanla sərhəd rayonlara köçürüləcək vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etmək və sərhəddə təhlükəsizlik zolağı yaradılmasını tələb etmək də daxil olmaqla bütün müdafiə vasitələrindən istifadə etməyə haqqımız çatır”, - deyə Ziyafət Əsgərov vurğulayıb.

banner

Oxşar Xəbərlər