• cümə, 26 Aprel, 11:41
  • Baku Bakı 12°C

Zərif qanadların bəxş etdiyi həyat

21.05.22 11:30 335
Zərif qanadların bəxş etdiyi həyat

Zərif qanadları ilə uçaraq güldən gülə, çiçəkdən çiçəyə qonan bal arısı dünyanın ən böyük möcüzələrindən biridir. Öz kiçik vücudu, qeyri-adi zəhmətkeşliyi, istehsal etdiyi min-bir dərdin dərmanı olan məhsulu ilə...

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 2017-ci il dekabrın 20–də keçirilən iclasında alınan qərara əsasən hər il mayın 20-si Ümumdünya Bal Arısı Günü kimi qeyd olunur. Həmin tarixin təsadüfən seçilməsi 1734-cü il mayın 20-də Sloveniyada olan görkəmli rəssam və arıçı, arıçılığın öyrənilməsinə yeniliklər gətirmiş Anton Yanşanın anadan olduğu günlə əlaqədardır. O, 1769-cu ildən arıçılıqla məşğul olub.

“Qurani-Kərim”in “Ən-Nəhl” surəsində də bu barədə bəhs olunur. Məhəmməd peyğəmbər (ə) deyirdi: “Bal ye, sağlam ol”.

Böyük Sokrat isə “Bal uzun ömrün cövhəridir” söyləyirdi.

Qədim Çin şairi Li Yu sağlamlığın və uzunömürlülüyün sirlərindən bəhs edərkən demişdi: “İnsanlar qədim zamanlardan sağlamlığın və çox yaşamağın sirlərini axtarırlar. Bu isə gözlərimiz qarşısındadır. Çiçək tozcuğu... Onun sirlərinə bələd olanlar ölümsüz olurlar...”.

Dünyada 20 mindən artıq arı növü var. Onlara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. 17-18 günlükdə arılar bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kiloqram təmiz bal verə bilir. Bal arıları 15 kilometrə qədər yol qət edə bilir, həmin məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verir. Onlar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edənləri tanıyırlar.

Təbabətdə sübut edilib ki, çiçək tozcuğu insana lazım olan bütün vitamin-mineral kompleksini özündə cəmləşdirən nadir qida maddəsidir. Balın tərkibində həyat əhəmiyyəti olan vacib 450-yə qədər komponent var.

Bal arısı saxlamaq, arıçılıqla məşğul olmaq özü də sağlamlıq üçün çox faydalıdır. Arı pətəkləri saxlanılan ərazinin 200 metr həndəvərinə yaxınlaşan hər kəs özünü xüsusi hava balonuna daxil olan kimi hiss edir. Arı məhsullarından ayrılan maddələr - efir yağları həmin ərazidəki havanı dezinfeksiya etməklə yanaşı, onu yüksək əhval-ruhiyyə yaradan ətirli maddələrlə zənginləşdirir. Ona görə də həmin müalicəvi hava ilə tənəffüs alan arıçı və onun ailə üzvləri həmişə sağlam və gümrah olurlar.

Arı ən böyük loğman, onun istehsal etdiyi məhsullar isə əvəzsiz dərmandır. Son vaxtlar həkimlər arı sancması ilə bir çox xəstəliklərə şəfa verməyin mümkünlüyünü sübut ediblər. Apidiyetoloqlar arı sancması ilə az qala bütün xəstəlikləri müalicə etməyin mümkün olduğunu söyləyirlər. Ana südündən başqa dilinə heç nə dəyməyən körpənin dilinə bal sürtülməsi onun ağız boşluğunda və ağız ətrafında olan mikrob və bakteriyalardan qoruyur.

Arıçılar deyirlər ki, gündə iki-üç dəfə arı vurmaqla yel və revmatizm xəstəliyindən qurtulmaq mümkündür. Arı südü astma, bronxit, ürək xəstəliklərinə çox xeyirlidir. Arı südünün hər 190 qramına 100 qram bal qataraq səhərlər qəbul etmək olduqca faydalıdır.

Arı dünyası çox möcüzəli və ecazkardır. Maraqlıdır ki, işçi arı cəmi 40-45 gün, ana arı isə ondan 50-60 dəfə çox – 6-7 il yaşayır. Təxminən ayyarım yaşayan kiçik bir varlıq öz qısa ömründə nə qədər xeyirxah və savab işlər görür. Arının istehsal etdiyi bal, vərəmum, propolis, arı südü, çiçək tozu və güləm sağlamlıq üçün olduqca qiymətli və əvəzsiz məhsullardır.

Azərbaycanda arıçılıq kənd təsərrüfatının inkişaf edən sahələrindən biridir. Onu inkişaf etdirmək məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilib. Dövlət başçısı Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında Sərəncam da imzalayıb. Ölkəmizdə bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır.

Son illərdə dünyada milyardlarla arının məhv olması, onların saylarının azalması narahatlıq doğurmağa başlayıb. Dahi Eynşteyn deyirdi ki, arılar qırılandan dörd il sonra dünya məhv olacaq. Məşhur alimin bu sözləri belə deməyə əsas verir ki, arı həm də həyat mənbəyidir. Deməli, nə qədər ki, arı var, həyat var...

banner

Oxşar Xəbərlər