• şənbə, 20 Aprel, 19:55
  • Baku Bakı 24°C

Yubiley - Yaşadığı dövrün salnaməçisi

13.04.15 17:35 2846
Yubiley - Yaşadığı dövrün salnaməçisi
Hər hansı bir filmə baxanda tamaşaçılar ekranda nə baş verirsə, onu izləyir, xüsusən də aktyor oyunlarına tamaşa edir. Amma tamaşaçılar filmin necə çəkilməyinin fərqinə varmırlar. Ona görə də operator sənəti haradasa kölgədə qalır. O mənada ki, çox nadir hallarda tamaşaçı operator haqqında rejissor qədər məlumatlı olur. Bu, həmişə belə olub, indi də belədir.
Operator sənəti bədii yaradıcılığın elə sahəsinə məxsusdur ki, onsuz kinematoqraf mövcud ola bilməz.
Kino, tamaşa, plastik sənətdir və təsvir ideya-bədii vəzifənin təcəssüm olunmasında əsas komponentlərdən birini təşkil edir. Ona görə də kinooperator peşəsi xüsusi əhəmiyyətə malikdir. Onun film üzərində iş prosesindəki rolunu qiymətləndirmək çətindir.
Azərbaycanda S.Mərdanov, R.Təhmasib, A.Quliyev, H.Seyidzadə, Ş.Mahmudbəyov, H.Seyidbəyli, L.Səfərov kimi tanınmış kinorejissorlarla birgə kinooperatorlardan C.İsmixanov, M.Mustafayev, Ə.İsmayılov, Ə.S.Atakişiyev, M.Dadaşov nəinki filmlərin yaradılmasında iştirak etmiş, həm də kino dilinin təşəkkül tapıb inkişafına əhəmiyyətli töhfələr vermişlər. Bu məqalə Azərbaycanın yaşlı nəslindən olan kinematoqrafçıların nümayəndəsi, öz işinin ən savadlı və geniş bilik sahibi olan kinooperator Əsgər İsmayılov haqqındadır.
Azərbaycanın əməkdar incəsənət xadimi, istedadlı operator Əsgər Cəfər oğlu İsmayılov 1905-ci il aprelin 1-də Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində doğulmuşdur. Ailəsi Bakıya keçəndən sonra orta təhsilini Fəhlə fakültəsində almışdır.
Uşaqlıqdan fotoqrafiya ilə, rəssamlıqla məşğul olan Əsgər Moskvaya gedir və 1928-ci ildə Ali Rəssamlıq-Texniki İnstitutuna daxil olur. İkİ ildən sonra o, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna köçürülür. Böyük həvəslə kinooperatorluq sənətinin incəliklərinə yiyələnib, 1936-cı ildə təhsilini başa vurur. Həmin il Bakıya qayıdıb “Azərfilm” kinostudiyasında çəkilişinə hazırlıq görülən “Almaz” bədii filminin yaradıcı heyətinə daxil olur.
O dövrdə filmlər az çəkildiyi üçün rejissorlar, operatorlar iki, hətta üç nəfərdən ibarət olurdu. “Almaz” filminin də quruluşçu operatorları Ə.İsmayılov və İ.Frolov idi. Hələ iki il əvvəl filmə kinodramaturq C.Cabbarlı özü quruluş verməyə hazırlaşırdı. Lakin hazırlıq dövrü başa çatandan sonra o, vəfat edir. Filmə rejissorlardan A.Quliyev və Q.Braginski quruluş verməli olurlar. Film çəkilib başa çatandan sonra Əsgər müəllim öz insanlıq borcunu yerinə yetirib, “Kommunist” qəzetində kiçik bir məqalə dərc etdirir. Məqalədə deyilirdi: “Film hazırdır. “Azərkino”nun işçiləri öz sevimli yoldaşları və dostları olan əziz Cəfərin başladığı işi şərəflə yerinə yetirdilər”.
“Almaz” kinopovesti rejissor C.Cabbarlının şəxsən seçdiyi Şamaxıdakı bağ-bağatlı Dədəgünəş kəndində çəkilmişdir. İstər kənd mənzərələri, istərsə də personajların – Almazın, Yaxşının, Hacı Əhmədin, Şərifin, Fatmanisənin, Mirzə Səməndərin portretləri sənətkarlıqla lentə alınmışdır. Filmdə dramatik səhnələr çoxdur. Kəndə müəllimlik etməyə gələn komsomolçu Almazın bu yerlərdə görünməsi kəndliləri iki cəbhəyə ayırır; yeniliyə can atanlar və yeniliyin qarşısını almağa çalışanlar. Hadisələrin inkişafı prosesində baş verən dolaşıq məsələlər, vəziyyətin gərgin şəkil alması qəhrəmanların haldan-hala düşmələrinə səbəb olur. Nəzərə alsaq ki, film səssiz idi, deməli, hər bir qəhrəman öz fikrini, düşüncələrini jestlərlə, sifətindəki cizgilərlə ifadə edirdi. Bütün bunları inandırıcı şəkildə ekrana çıxarmaq üçün təkcə aktyorlardan deyil, kinooperatorlardan da peşəkarlıq tələb olunurdu. Əlbəttə, Əsgər müəllimin yazdığı kimi, onlar bu işin öhdəsindən bacarıqla gəlmişlər.
Kinooperator Ə.İsmayılov yaxşı həmfikir idi. Ona görə də rejissorlar onu öz yaradıcı qruplarında görməyə üstünlük verirdilər. Əsgər müəllim quruluşçu operator kimi “Kölgələr sürünür” macəra filmində rejissorlardan İ.Əfəndiyev və Ş.Şeyxovla, “Qara Daşlar” (oper. X.Babayevlə birgə) kinopovestində, “Bəxtiyar” kinonovellasında A.Quliyevlə, “Sovqat”da H.Seyidzadə və N.Bədəlovla, “Bir ailə” kinoalmanaxının bir novellasında R.Təhmasiblə, “Əyri yolla qazanc”da Ş.Mahmudbəyovla, “Qəribə əhvalat”da Ş.Şeyxovla, II operator kimi “Səbuhi”də R.Təhmasiblə, “Səhər”də A.Quliyevlə, operator kimi “Kəndlilər”də S.Mərdanovla işləmişdir.
Onun müstəqil çəkdiyi “Kölgələr sürünür” bədii filmi macəra janrında olduğu üçün operatora öz texniki imkanlarından maksimum istifadə etməyə imkan vermişdir. Filmin əksər hissəsi Azərbaycanın rayonlarında naturada çəkildiyi üçün respublikamızın əsrarəngiz təbiəti - meşələri, dağları məhəbbətlə lentə alınmışdır.
Əsgər müəllimin sözləridir: “Ekranda demək istədiyini qısa göstərməlisən. Bu, istedadın göstəricisidir”. Operator sanki elə bu sözləri özü üçün demişdir. Bəli, hər bir işin öz çətinlikləri var. Bunun üçün sənət adamından yüksək peşəkarlıq tələb olunur.
“Qara Daşlar” filminə baxarkən bir daha deyilənlər öz təsdiqini tapır. Yazıçı M.Hüseynin eyniadlı romanı əsasında ekranlaşdırılmış bu film neft uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri cürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərimizin əmək fədakarlığından bəhs edir.
Əgər əvvəlki filmlərdə hadisələr Azərbaycanın mənzərəli guşələrində baş verirdisə, bu filmdə əhvalatlar Bakıda və Xəzər dənizinin ortasındakı Qara Daşlarda cərəyan edir. Filmdə bədii cəhətdən həllini tapan bir neçə uğurlu epizod vardır. Bunlardan biri iclas səhnəsidir. Bu səhnədə dəniz neftinin olum, ya ölüm məsələsi həll olunur. Digər epizod Qara daşlar deyilən yerə ekspedisiyanın gedib neft axtarması ilə bağlıdır. Dənizin ortasında sal daşlar üzərində çadır qurmuş neftçilərin təbiətin ağır sınaqlarına cəsarətlə sinə gərməsi uğurlu alınmışdır. Hər iki epizod kinooperator tərəfindən maraqlı və inandırıcı işlənmişdir. Ona görə də tamaşaçı filmə baxarkən gərgin anlar yaşamalı olur.
Təsadüfi deyil ki, o vaxtı “Bakinski raboçi” qəzeti yazmışdı: “Qara Daşlar” Bakı kinostudiyasının əvvəlki filmlərindən nisbətən bütövlüyü ilə seçilir, sovet incəsənətinin aparıcı mövzusuna həsr olunduğu üçün bu film Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutur”. Şübhəsiz, filmə verilən qiymətin qazanılmasında bütün yaradıcı qrupla bərabər operatorlardan Ə.İsmayılov və X.Babayevin də xüsusi zəhməti vardır. Əgər Ə.İsmayılovun işlərini nəzərdən keçirsək filmlərdə mövzu və janr rəngarəngliyini görə bilərik.
Böyük Vətən müharibəsinin lap başlanğıcında çəkilişi başa çatmış “Səbuhi” tarixi bioqrafik filmi böyük Azərbaycan maarifçisi, milli dramaturgiyanın banisi, filosof Mirzə Fətəli Axundzadənin gənclik illərinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Yazıçı M.Hüseynin eyni adlı romanının motivləri əsasında çəkilmiş “Səhər” tarixi-inqilabi filminin də operatorları D.Feldmanla Ə.İsmayılov olmuşlar.
Rəngkar və kinooperator. Hər iki sənət adamı rənglərlə işləyir. Ən böyük rəng ağ və qaradır. Ağ-qaranın özündə çoxlu rəng var. Sadəcə, olaraq bunları görmək lazımdır. ”Sabahın xeyir, Bakı!” sənədli filminə baxarkən onun ağ-qara olduğunu unudursan. Filmdə 60-cı illərin müasir Bakısını, küçə və meydanlarını, dənizkənarı bulvarını görürük. Burada şəhər və onun sakinləri, əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Kadrlar bir-birini əvəz etdikcə ekranda qədim və müasir Bakının qaynar həyatı canlanır.
Filmə baxdıqca kinooperator Ə.İsmayılovun doğma şəhərinə vurğunluğunun bir daha şahidi oluruq. Yüksək zövqlə çəkilmiş poetik kadrlar tamaşaçıda xoş əhval-ruhiyyə oyadır. Belə bir gözəl şəhərdə yaşamağınla fəxr edirsən. Əsgər müəllimin kinofelyeton janrında çəkdiyi “Qəribə əhvalat” qısametrajlı filmi onun ən maraqlı işlərindən biridir. Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur. Təsadüfi deyil ki, Bakıda keçirilmiş “Bizim naməlum kino-2” festivalında (2003) “Qəribə əhvalat” filmi rejissor işinə görə mükafat və priz almışdır. Əlbəttə, bu mükafatın qazanılmasında filmin quruluşçu operatoru Ə.İsmaylovun zəhmətini xüsusi qeyd etmək lazımdır.
Ə.İsmayılov təqaüdə çıxmağa hazırlaşarkən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi qocaman kinooperatora respublika əhəmiyyətli təqaüd verilməsi üçün Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədrinə aşağıdakı məzmunda məktub göndərir: “Qocaman kino işçisi, Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator Əsgər İsmayılov bu müəssisədə UDKİ-ni qurtardığı gündən işləyir. Ötən 30 il müddətində nümunəvi işçi olmuşdur. Qüsursuz, nümunəvi işinə görə kinostudiya üzrə əmrlərdə dəfələrlə qeyd olunmuşdur.
Özünün əsas işindən başqa Ə.İsmayılov pedaqoji işlə də məşğul olmuş, kadrların hazırlanmasına böyük diqqət yetirmişdir. Bizim kinostudiyada “Bakıdan Göy-Gölədək” ilk rəngli filmi Ə.İsmayılov çəkmişdir. Rəngli filmin texnikasını öyrənmək məqsədilə o, məxsusi olaraq Moskvaya ezamiyyətə göndərilmişdir. Onun çəkdiyi film Moskvada yüksək qiymət almış, studiya üzrə əmrlə qeyd olunmuş və ona mükafat verilmişdir...”
Əsgər müəllim bir neçə sənədli filmin də kinooperatoru olmuşdur. O, hələ tələbə ikən, 1934-cü ildə M.Mustafayevlə birgə “Sınmış qəlblərin haqq-hesabı” kinofelyetonunu çəkmişdir. Bundan başqa, Ə.İsmayılov “Xəzər neftçiləri” (rəngli, həm də ssenari müəllifi), “Arazın sahillərində” (oper.qrupu), “Sən bunu bilməlisən” (elmi-kütləvi film), “Sabir” və s. sənədli filmlərini lentə almışdır. Müharibədən sonra kinostudiyanın ağır illərində Ə.İsmayılov operator texnikası bazasına, quraşdırma çəkilişləri sexinə rəhbərlik etmiş, uzun müddət Bədii Şuranın məsul katibi olmuşdur. Elə həmin dövrlərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Bakının işıqları” və “Bəxtiyar” bədii filmlərində quraşdırma çəkilişləri operatoru işləmişdir. Kinooperator Əsgər müəllim həm də əsl ziyalı, xeyirxah insan idi.
Kinooperator Fikrət Əsgərov 50-ci illərin əvvəllərində ailəsi ilə birgə Hacıkənddə istirahət edərkən təsadüfən burada “Kölgələr sürünür” filminin çəkilişi ilə rastlaşır. O vaxtı onun 10-11 yaşı olardı. Uşağın lap yaxından çəkilişi seyr etməsi onun üçün bir möcüzə idi. Ətrafda gözəl təbiət, dağlar, tanış olmayan adamlar, işıq cihazlarından süzülən şüalar və baş rolun ifaçısı Leyla Bədirbəyli. Fikrət danışırdı ki, çəkiliş meydançasında iri kranın üstündə kinokamera arxasında oturmuş eynəkli kinooperator nədənsə onun diqqətini daha çox cəlb edirdi. Sonradan öyrəndi ki, bu filmin operatoru, gözəl insan Əsgər İsmayılovdur.
F.Əsgərovun xatirələrindən: “Mən operatoru görəndə onun kimi peşəkar olmaq ürəyimdən keçdi. O vaxtlar Ə.İsmayılov Sovet İttifaqında tanınmış operator idi. Həmin dövrdə mən onunla tanış oldum. 5-ci sinifdə oxuyanda ilk dəfə mən onun yanına kinostudiyaya gəldim. Əsgər müəllim məni çəkiliş pavilyonuna gətirdi. O zaman burada “O olmasın, bu olsun” filmindən Məşədi İbadın dava-dalaş səhnəsi çəkilirdi. Həmin gün Ə.İsmayılov mənə dedi: “Bakıda olanda mütləq kinostudiyaya gəl!” Beləliklə də, mən Əsgər müəllimin tövsiyəsi ilə həyatda öz yerimi tapdım, ali kinematoqrafiya təhsili alıb, kinoooperator oldum.”
Elmdə, mədəniyyətdə və cəmiyyətin inkişafına xidmət edən sahələrdə çalışan adamlar mütləq əsl ziyalı olmalıdırlar. İstedadlı kinooperator, nəcib insan Əsgər İsmayılov məhz belə ziyalılarımızdan olmuşdur. Elə bu keyfiyyətlərinə görə onu sevir, ona hörmət edirdilər. Kinooperator Əsgər İsmayılovun milli kinomuzda xidmətləri böyükdür. Artıq 32 ildir ki, o, aramızda yoxdur. Amma çəkdiyi onlarla film ekranlarda bu gün də göstərilir. Deməli, Əsgər müəllim əsərlərində və qohumların, tanışların xatirələrində yaşayır, həmişə də yaşayacaqdır.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
banner

Oxşar Xəbərlər