• cümə, 29 Mart, 05:35
  • Baku Bakı 7°C

«Məhəbbət və göyərçinlər» filmi 30 yaşında

25.02.15 07:15 5512
«Məhəbbət və göyərçinlər» filmi  30 yaşında
“Məhəbbət və göyərçinlər” filmi ekrana çıxandan sonra tamaşaçılar “əsl ümumxalq filmi gəldi”- deyə sevindilər. 1985-ci ildə film prokata çıxdı. Filmə o vaxtdan bəri təkrar-təkrar baxırlar. İlk yarım ildə isə artıq ekran əsərini 44,5 milyon tamaşaçı izləmişdi.
İçmək yoxsa, içməmək
“Çəkiliş prosesində göyərçinlərlə o qədər də problem olmayıb. Xüsusi təlim keçmiş göyərçinləri çəkiliş üçün Moskvaya Kareliyadan gətirmişdilər”- deyə flmin rejissoru Vladimir Menşov xatırlayır: “Həmçinin qrupun öz quşbazları vardı. Onların arasında pyesin müəllifi Vladimir Qurkin əsas yer tuturdu. Beləliklə, çox adam öz uşaqlığını, quşlarla oynayan vaxtını xatırlayırdı”.
Kumsa çayının sahilində quşbazlar üçün ev tikilmişdi. Onlar yerli sakinlərlə bir yerdə yaşayırdılar. “Mən şübhələnirdim ki, quşları çəkmək çətin olacaq. Xüsusilə finalda ağ göyərçin aşağıya, öz göyərçinin yanına üçmalı idi. Biz dubl arxasınca dubl çəkirdik. Nəhayət o, uçdu».
Aktyor komandası da münasib idi. Tamaşaçı onların şəxsi həyatını aydın görür, hətta aktrisa Nina Doroşinanın (Nadyuxa Kuznakina) 38 yaşlı Natalya Demyakovadan - klassik kəndli qadınını oynayan aktrisadan 10 yaş böyük olduğunu ağlına belə gətirmirdi. Şura xalanın əri Sergey Yurskiy isə heç də klassik kəndli kişisindən geri qalmırdı. Mitya dayının reallıqda heç 50 yaşı da yox idi.
«Məhəbbət və göyərçinlər» yaxşı mənada “xuliqan” və əsl xalq kinosu idi. Vladimir Menşov filmi özünün ən həyəcanlı ekran əsəri adlandırır: «Film heç bir reklam olmadan ikinci kateqoriyanı qazandı. Onun festival taleyi də maraqlı oldu. Onu heç bir beynəlxalq kino festivala təqdim etməyə cəhd etməsək belə, kino hakimiyyətlərini fəth elədi. Ekran əsəri İspaniyada komediya filmləri festivalında «Qızıl ahəng» mükafatını qazandı. Bizə demədən film eyni uğurla Finlandiyaya, Macarıstana getdi. Yadımdadır, Macarıstandan mənə zəng vuraraq «Nə üçün film SSRİ-də qadağa altındadır?» - deyə soruşdular».
Əslində, filmin taleyi o qədər də rahat olmayıb. 80-ci illərin ortalarında film “Alkoqol əleyhinə” kampaniyanın “təsiri” altına düşüb. Senzura onu əxlaqsızlıqda, alkoqolizmin təbliğində və rus dilinin normalarını pozmaqda günahlandırırdı. Ancaq Menşov iradları qəbul etmirdi. Onu çəkilişdən uzaqlaşdırdılar. Ancaq «Məhəbbət və göyərçinlər» əli butulkalı, tələsik qaçaraq Şura xalanın arxasında gizlənən Mitya dayısız necə olardı?
Menşov xatırlayır: «Mən filmi təhvil verdim. Ona qədər kim lazımdırsa, filmi görmüşdü. Birdən bütün rəhbərlik – nazir, nazir müavini filmə baxmağa gəldi və «yox, bu film ekrana çıxa bilməz» dedilər. Mən başa düşmürdüm ki, nə baş verib. İzah etdilər ki, «filmdə daim içirlər, bu, ola bilməz». Həmin ərəfədə RSFSR Nazirlər Sovetinin sədri Solomensev öz bağında «Olqa və Konstantin» filminə baxıb. Ostroumova və Kikabidzenin oynadığı filmdə şampan şərabı su yerinə axırmış. O, ağrıyan başla evə gəlib və deyinməyə başlayıb: «Buna nə vaxt son qoyulacaq? Biz daunlu uşaqlar üçün uşaq evi tikə bilmirik, nəticədə bu cür sərxoşlar yaranır. Siz, hələ bunları filmə də çəkirsiniz» - deyib. Nəticədə qorxuya düşən məmurlar «Birinci Pyotr», «Çapayev» kimi filmlərdən araqla bağlı səhnələri kəsməyə başlayıblar. Yeni filmləri isə sadəcə ekrana çıxmağa qoymayıblar. Ancaq mən həmin səhnələri filmimdən necə kəsə bilərdim? Etirazımı bildirəndə məni filmdən uzaqlaşdırdılar. Filmin arxasında başqa adam oturdu. Ancaq təbii ki, o, heç nə edə bilməzdi. Çünki bu filmdə hər şey hazır idi”.
Qadınların arzusu
«Moskva göz yaşlarına inanmır» filmindən, Menşovun «Oskar»ından sonra növbəti kino lenti üçün material axtarışında çətinliklər yaranıb: plankanı saxlamaq, gözləntiləri doğrultmaq lazım idi. O zaman «Sovramennik» teatrında Omsk Dram Teatrının aktyoru Vladimir Qurkinin qələmə aldığı «Məhəbbət və göyərçinlər» pyesinin uğurlu tamaşasından sonra Menşov təsadüfən Nadyuxa rolunu oynayan Nina Doroşinanı gördü. O zaman tamaşa artıq 22 il idi ki, bu teatrın səhnəsində oynanılırdı. Tamaşa Menşovu heyran etdi: «Bu ki, həyatdır – bizim, rus həyatıdır». Sonra isə Pyesin ardınca Omska gələrək müəlliflə görüşdü. Rejissor öyrəndi ki, pyesdəki hadisələr realdır. Qurkinin özü İrkutsk vilayətinin Çeremkova kəndindən idi. Bütün personajlar – onun valideynləri və digər qohumları, qonşuları idilər və hadisələr də onların taleyi və tarixçələri idi. Pyesdə uydurma yaşantılar yox idi. Qurkin pyesi hələ teatr institutunun tələbəsi olarkən yazmışdı. Hətta, vaxtı çatmadığından o, öz qəhrəmanlarına saxta adlar fikirləşə bilməmişdi, əsl adlarını yazmışdı. Menşov pyeslə tanış olarkən «adları dəyişdirmək lazım deyil, onlar çox gözəldir, qoy qalsın» - deyib. Menşovun qarşısında çətin seçim dururdu. Əlbəttə, filmdə rus həyatını təbii yarada bilən aktyorlar oynamalı idilər. Nadyuxa Lyubov Polişuk və ya Vera Alentova ola bilərdi. Ancaq rejissorun yaddaşından tamaşadakı Nina Droşina çıxmırdı. Tatyana Doronina, Natalya Kustinskaya, Olqa Yakovleva kimi məşhur gözəllər sınaqdan keçirildi. Nəticədə Menşov Lyudmila Qurçenkonu birbaşa çəkilişə dəvət etdi. Yaraşıqlı və öz üslubu ilə fərqlənən aktrisa obraza bir sıra yeniliklər gətirdi.
Mitya dayı roluna əvvəlcə Oleq Tabakov razılaşmışdı. Ancaq pyes onun xoşuna gəlmədiyindən aktyor «Meri Popins, xudahafis!» filminin çəkilişlərinə getdi. Sergey Yurskiyə isə karyerasında ilk dəfə olaraq kəndli kişisini oynamaq lazım gəldi. Rejissor istirahət evinə gedərək Yurski və həyat yoldaşı Natalya Penyakova ilə danışıqlar apardı. Natalya kəndli qadın rolunu oynamalı idi. Filmin çəkilişləri başdan-ayağa improvizasiyalarla getdi.
Vasili roluna Aleksadr Mixaylovun seçilməsi isə aktyor seçiminə nöqtə qoydu. Mixaylov hədər yerə bu rolu özünün vizit kartı adlandırmır. Vasya – Mixaylov özünün etibarlı, işgüzar, sadəlövh xüsusiyyətləri ilə bütün sovet qadınlarının daha bir arzusuna çevrildi. Ancaq aktyor çəkilişlərin birində həyatını itirə bilərdi. Vasilinin kostyum və qalstukda evindən dənizə çıxdığı səhnə noyabr ayında Batumidə çəkilirdi. 14-15 dərəcə şaxta var idi. Suyun altında dalğıclar onu soyundurmalı idilər. Ancaq böyük qızı və arvadı tərəfindən boynuna bağlanan qalstuk sanki ömürlük bağlanıbmış kimi dolaşmışdı. Onu həyəcanla soyundurdular və Mixaylov suyun altında ölümdən güclə xilas oldu.
Menşov xatırlayır: «Çəkilişlər şən, ancaq təhlükəli keçirdi. Aktyorlar kinodan başqa teatrda məşğul olan adamlar idilər. Onlar ehtiyaca görə bura gəlmişdilər. Onları bir yerə yığmaq çox çətin idi. Sarayın üzərindəki final çəkilişində aktyorların hamısı mütləq şəkildə olmalı idilər. Hətta, vertolyotdan istifadə etmək lazım gəldi. Onun köməyi ilə Doroşinanı uçuş zamanı qrimləyib sarayın üstünə qaldırdılar. Yerə enən aktrisa dərhal kadra düşdü. 20 dəqiqə sonra həmin vertolyotla Mixaylov Moskvaya üçdu».
Mixaylov Doroşinadan 10 il cavan olduğu üçün çəkilişlər zamanı onu qrimləyib qocaltmaq lazım gəlirdi. Hər gün qrimçilər aktyorun üzünə süni qırışlar vurur, dişlərini tütünlə sarı rəngləyirdilər. Yurskini qrimləmək o qədər çətin deyildi, ona sadəcə saqqal lazım idi. Ən çətini isə 39 yaşlı Şura xalanın qrimlənməsi idi. Bütün çəkiliş truppası onu məsxərəyə qoyurdu. Aktrisanın bədəninə bir neçə kiloqram pambıq və tənzif yerləşdirib bədən quruluşunu düzəldirdilər. Aktrisanın boğazını gizlətmək üçün 2-3 dəsmalı onun boğazına dolayırdılar. Onun üzündə bir neçə qat qrim vardı. Aktrisa çəkiliş vaxtı bunlara dözmək məcburiyyətində idi.
Aktyorların filmdən sonrakı taleyinə gəlincə, bu yaxınlarda Aleksey Mixaylovun ölüm xəbəri yayılıb. Ancaq ona zəng edənlərdən bu barədə eşidən aktyor xeyli gülərək «məqsədlərinə çatmadılar»- deyib.
Nina Doroşina isə «Sovremennik»də çalışır. 2010-cu ildən bəri kinolara çəkilmir. Deyir ki, onun Nadyası reallıqda Doroşinaya bənzəmir. 2014-cü ildə aktrisanın həyat yoldaşı vəfat edib. Aktrisa hesab edir ki, qadınların bütün bədbəxtliklərində özləri günahkardır.
Lyudmila Qurçenko (Raya ) isə dünyadan köçüb. Menşovun sözlərinə görə, onlar son illər ümumiyyətlə, görüşməmişdilər.
Natalya Temyakovanın (Şura xala) özünü ekranda görməyə o qədər də səbri çatmır. Ona görə də az çəkilir. O, Sergey Yurskinin gərçəkdə də həyat yoldaşıdır. Çəkilişlərdən sonra onlar əylənmək üçün meşəyə göbələk yığmağa gedir və bütün səbəti doldururdular.
Sergey Yurskiy (Mitya dayı) - 79 yaşlı aktyor əvvəlki kimi kinolara çox çəkilir. Axırıncı rollarından biri eyni adlı serialda çəkildiyi Stalin roludur. «Göyərçinlər” filmindəki işini isə o vaxtdan bəri karyerasında ən şən dövr kimi xatırlayır. Yanina Lisovskaya (Lyudka) – Kuzyakinlərin böyük qızı 90-cı illərdə bir almanla ailə quraraq Almaniyaya köçüb və orada aktrisalıq fəaliyyətini davam etdirir. Eyni zamanda, rejissor kimi bir neçə əsər tamaşaya qoyub.
İqor Lyax (Lenka) nadir hallarda filmlərə çəkilir – sonuncu rollarından biri «Şam ağacı 3» filmindəki Şaxta babadır. Şepkin adına Teatr İnstitutunda dərs deyir. Ona zarafatla «Göyərçinlər»in davamına çəkilməyi təklif edəndə, dərhal imtina edib.
Filmin bakılı rejissoru Vladimir Menşov isə 14 ildir ki, film çəkmir: «Bizim kinematoqrafı prodüserlərin pəncələri ələ keçirib. Onlar hər şeyi ələ alıblar, rejissor isə o qədər azad deyil» - deyir.
2001-ci ildə Çeremkovada “Məhəbbət və göyərçinlər” filmi ilə bağlı abidə qoyulub. Abidəyə görə Vasya və Nadya suda oturub və onların ətrafında göyərçinlər uçuşur. Həmin vilayətdə yaşayanlar isə bu abidəyə öz həyatlarının bir parçası kimi baxırlar. Film həmçinin “Ən möhtəşəm 10 melodrama” siyahısına daxil olub.
Tərcümə etdi:
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər