• çərşənbə axşamı, 16 aprel, 15:47
  • Baku Bakı 19°C

Kadr arxasında qalan rejissor

29.02.16 10:01 2580
Kadr arxasında qalan rejissor

Şəxsiyyət! Onu sözlə ifadə etmək azdır, onu satın almaq mümükün deyil. Xarakteri bütöv, əxlaqi təmiz, mənəviyyatı yüksək, cəmiyyətdə mövqeyi olan səmimi, mehriban insanlara şəxsiyyət deyilir.
Tariyel Vəliyev şəxsiyyət idi. Adamlar ona tərəf meylli idilər, onu görəndə sevinirdilər. Artıq saçlarına dən düşmüş, möhkəm bədənli, asta danışan Tariyel həmişə diqqət mərkəzində olurdu, hər yerdə arzu edilən qonaq idi.
Azərbaycan televiziyasında rejissor T.Vəliyevi hamı yaxşı tanıyır və sevirdi. İlk çoxseriyalı televiziya tamaşasına – dramaturq Aslan Qəhrəmanovun “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” trilogiyasına quruluş verəndən sonra onu milyonlar tanıdı və sevdi. İndiyə kimi bu üç seriyalı televiziya tamaşasını insanlar xatırlayırlar. Bu televiziya tamaşaları Azərbaycan televiziyasının qızıl fondunda qorunub saxlanılır. Həmkarlarının dediyinə görə, birinci iki tamaşa efirə verildikdən sonra respublikamızın müxtəlif regionlarından redaksiyaya 27 min tamaşaçı məktubu daxil olmuşdur. Həqiqətən bu, ədəbi hadisə idi.
Baş rolların ifaçılarının dediklərindən:
Xalq artisti Firəngiz Mütəllimova: − “Mən deyərdim ki, aktyorluq sənətini seçmirlər, o Tanrı vergisidir. Sonralar isə onu sevirsən, tamaşaçı rəğbəti qazanırsansa, şöhrət zirvəsinə ucalırsan. Belə xoşbəxtlik mənə də nəsib olub. Bunun üçün də xatirini qardaşımdam artıq istədiyim, zəmanəmizin ən istedadlı, ən qədirbilən televiziya rejissoru Tariyel müəllimə minnətdaram. İndinin özündə də mənə oynadığım həmin rolun adı ilə müraciət edirlər...
Xalq artisti Yaşar Nuri: – Tariyellə işləmək, çəkilişlər aparmaq həm asan, həm də çətindir. Unutqan, yaddaşsız aktyoru danlamırdı. Amma onun üzünə elə baxırdı ki, bilmirsən qəti qərar verir, yoxsa təvəqqe edir ki, rejissor mizanına doğru-dürüst əməl et, tamaşanın profilinə uyğun oyna. Dostumuz, sevimli sənətkarımız quruluş verdiyi hər bir ekran əsərinin fundamentini beynində, ürəyində yaradır, sonra araya-ərsəyə gətirir.
O özündən əvvəlki şərəfli yolu çox böyük uğurla, ləyaqətlə davam etdirir...
O da maraqlıdır ki, rejissor T.Vəliyev əvvəlcə bir tamaşaya quruluş verməyi planlaşdırıbmış, lakin “Səni axtarıram” efirdə göstəriləndən sonra Azərbaycan Televiziyasına çoxsaylı tamaşaçılar ardı-arası kəsilməyən məktublar yazırlar. Qərara alınır ki, 2-ci hissə çəkilsin. Beləliklə, “Bağışla” yaranır. Eyni hal təkrar olunur. Yəni tamaşaçıların məktublarının sayı daha da çoxalır. Tamaşaçılar Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) ailə qurmalarını arzu edirdilər. Bu dəfə 3-cü hissə − “Səndən xəbərsiz” hazırlanıb efirə verildi.
T.Vəliyev 3-cü hissənin çəkilişi ilə bağlı müsahibələrinin birində belə demişdir: “Tamaşaçıların xahişi ilə müəlliflə birgə tamaşanın ardını çəkdik. Tamaşanın sonu başqa formada çəkilmişdi, lakin məcbur olub qəhrəmanları birləşdirdik. Deyərdim ki, Azərbaycan Televiziyasında bu əsər yeganə tamaşa idi ki, tamaşaçı sevgisi, tamaşaçı arzusu bu qədər güclü oldu.”
Bu gün məhəbbət mövzusunda hazırlanan tamaşalarda Elçin-Gülnar xarakterlərindəki ruhun, hərarətin o qədər də hiss olunmadığını deyən müxbirə rejissorun cavabı belə olmuşdur: “İstəsək də, istəməsək də zamanla, dövrlə ayaqlaşmaq lazımdır. Ümumiyyətlə, Elçin−Gülnar məhəbbəti bu gün yoxdur, deyərdim. Çünki bugünki gənclik üçün hər şey daha da asanlaşıb, sadələşib. O əlçatmaz məhəbbəti sanki onlar yaşamaq istəmirlər.
Üç hissədən ibarət tamaşa xeyli müddətdir ki, çəklib. Lakin görün tamaşaçı kütləsi bunu necə qəbul edir. Yaşlı və orta nəsil belə mənəvi dəyərləri yüksək olan əsərlərdə öz gənclik xatirələrini, o əlçatmaz illərin bir parçasını axtarırlar. Bugünkü gənc nəsil isə tamamilə fərqli baxışla bunları qarşılayır.”
Rejissor Tariyel Vəliyev bizim ana televiziyamızın ən qiymətli adlandırdığımız mahiyyətini, yəni xüsusiyyətini, əsil mənasını ömrünün sonuna kimi özündə qoruyub saxlaya bilmişdi. O, həmişə deyərdi: “Azərbaycan televiziyası mənəviyyat televiziyasıdır. Televiziya həyatımın əsas hissəsidir.”
Tariyelin demokratizmi və həyata inamı insanlara, o cümlədən tələbələrinə qayğısından irəli gəlirdi.
* * *
Azərbaycanın tanınmış kino və televiziya rejissoru, respublikanın əməkdar incəsənət xadimi Tariyel Təyyar oğlu Vəliyev 1944-cü il fevralın 24-də İmişli rayonunda dünyaya göz açmışdır. Lakin o, orta təhsilini Bakının 172 nömrəli məktəbində almışdır. Hələ uşaq ikən kinoya və teatra böyük maraq göstərirdi, özünün dediyi kimi, incəsənət vurğunu idi. Məktəbin dram dərnəyində hazırlanan kiçik tamaşalarda iştirak edirdi.
T.Vəliyevin uşaqlıq xatirələrindən: “Mən uşaqlıq illərindən televiziyaya möcüzə, nağıllar aləmi kimi baxırdım. Günlərin birində məni və bacımı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına apardılar. O vaxtı biz hələ orta məktəbdə oxuyurduq. Sevincimizdən gecə gözümüzə yuxu getmədi, səhərə qədər oyaq qaldıq.
Maraqlıdır ki, teatrda gördüklərimiz də nağıl-tamaşa idi. Elə o nağılla da mən televiziyaya gəldim və həyatımı möcüzələr aləmi ilə bağladım.”
Tariyel elə bu istəklə, bu arzu ilə əvvəlcə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsəsnət Universitetində, sonra isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasında oxumuş, kino və televiziya rejissoru ixtisasına yiyələnmişdir. Bakıda onun sənət müəllimi professor Mehdi Məmmədov olmuşdur. Bundan başqa ona Adil İsgəndərov, Tofiq Kazımov və Lütfi Məmmədbəyov kimi sənətkarlar dərs demiş, Tariyel onlardan seçdiyi sənətin sirlərinə dərindən yiyələnmişdir.
Onun televiziyaya gəlməsi tarixçəsi də maraqlıdır. Tariyel əsgəri xidmətini başa vurub doğma Bakıya qayıtdıqdan sonra bir müddət rejissor Lütfi Məmmədbəyovun xalq teatrında qoyulan tamaşalarda iştirak edir. Günlərin birində isə ... tələbə yoldaşı, Azərbaycan Teleradio Verilişləri Komitəsində çalışan Pərviz Cəfərov (rejissor Elxan Cəfərovun atası) ona bu yaradıcılıq təşkilatında bir yerdə işləməyi məsləhət görür. Beləliklə, gənc mütəxəssis 1967-ci ildə radioda fəaliyyətə başlayır, “Qitədən-qitəyə” onun ilk verilişi olur. İlk iş, ilk uğur. Elə ilk gündən o, işgüzarlığı, yüksək mədəniyyəti, işə məsuliyyəti ilə kollektivin diqqətini özünə cəlb edir. Sonradan Tariyel televiziya sahəsinə keçərək, burada da özünü istedadlı rejissor kimi göstərir və ömrünün sonuna kimi Azərbaycan televiziyasında rejissor vəzifəsində çalışır.
Tariyel müəllim bu illər ərzində bir sıra televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının, televiziya verilişlərinin quruluşçu rejissoru olmaqla yanaşı, uzun müddət televiziyanın “Ədəbi dram” verilişləri baş redaksiyasının baş rejissoru vəzifəsində işləyir. O, bir rejissor kimi yazıçılardan İsi Məlikzadənin “Qaranquş yuvası”, Seyid Hüseynin “Məhəbbət macərası”, Əzizə Əhmədovanın “Pəncərədə işıq”, Mar Bayciyevin “Duel”, Anarın “Ötən ilin son gecəsi” (R.Həsənoğlu ilə birgə), “Evləri köndələn yar” (R.Həsənoğlu ilə birgə), Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam – 1” (R.Həsənoğlu ilə birgə) əsərləri əsasında televiziya tamaşalarına quruluş verir.
Bundan başqa quruluşçu rejissor L.Məmmədbəyovun “Atayevlər ailəsi”, “Göz həkimi”, “Mehmanxana sahibəsi” və “Yad qızı”, G.Güləhmədova – Martınovanın “Sən həmişə mənimləsən”, M.Ələkbərzadənin “Dəfn edilməmiş ölülər” və s. tamaşalarının televiziya rejissoru Tariyel müəllim olmuşdur.
Azərbaycanın xalq artisti Əliağa Ağayev T.Vəliyevin fəaliyyətini belə qiymətləndirmişdir: “Ömrüm-günüm səhnədə, çəkiliş meydançalarında keçib. Amma Tariyel kimi mədəni, yumşaq tonda məsləhət, mizan, quruluş verən rejissor görməmişəm. O, təkcə öz adını yox, həm də iş yerinin nüfuzunu, şərəfini qoruyur.”
Bəli, Tariyel müəllimdəki bu xasiyyəti, bu işgüzarlığı, sənətə vurğunluğunu ətrafında olanların hamısı görürdü. Hətta televiziyanın “Ədəbi-dram” verilişləri baş redaksiyasının şöbə müdiri Həbibə Məmmədxanlı belə demişdi: “Oğul, səni anan burada – studiyada, kameralar arxasında, rejissor pultunda populyarlıq, hörmət, nüfuz qazanmaq üçün dünyaya gətirib. Sağ ol ki, etimadı doğruldursan.
Sən redaksiyamızın adını ucaltmaq üçün min bir əzaba qatlaşırsan.”
T.Vəliyevin yaradıcılığı çoxşaxəli idi. Onun Azərbaycan Prezidenti Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyi münasibətilə “Xalqa həsr olunmuş ömür”, Qurtuluş günü ilə bağlı “Xilas günü”, eləcə də “Heydər Əliyev – 75”, “Əbədiyyət” proqramları yüksək səviyyədə hazırlanmışdı. Yeni il və Novruz bayramlarına həsr olunmuş bədii-publisistik , “Aktyorlar və rollar”, “Səhnə xadimləri”, “Yeni tamaşalar”, “Sənət fədailəri” və başqa verilişləri təzəliyi ilə seçilirdi.
Onun “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində çəkdiyi “Gün keçdi” (2012; bəstəkar Emin Sabitoğlu haqqında), “Qalalı dağlar” (1995; tammetr.), “Ləyaqət hücrəsi” (2011; yazıçı İlyas Əfəndiyev haqqında, tammetr.), “Muğam” (1995; tammetr.), “Səni axtarırıq” (2013), “Tanrı payım, telli sazım” (2007) və s. televiziya sənədli filmləri müxtəlif illərdə lentə alınsa da bu gün də mavi ekranlarda uğurla nümayiş etdirilir.
Jurnalist Telman Mehdixanlının həmkarı haqqında dediyi dost sözü: “Ötən əsrin 70-80-ci illəri haqlı olaraq milli tariximizə qızıl həflərlə yazılıb... Ürək sözlərini demək üçün görkəmli ziyalılar Azərbaycan Dövlət Televiziyasına dəvət olunardılar. Ən əsası, biz günün mövzusuna uyğun süjetlər, reportajlarla yanaşı, tamaşaçıları düşündürən, maraqlandıran bədii-publisistik verilişlər hazırlayardıq. Bu məsələdə ən böyük, ən çox əməyi, xidməti olanlardan biri Tariyel Vəliyev idi. Rəhbərlik, kollektiv ona inanırdı...”
T.Vəliyev Azərbaycan Televiziyasında işləməklə yanaşı 1988-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərirdi. İşə müəllim kimi başlayan Tariyel sonradan “Kinoşünaslıq” kafedrasının müdiri təyin olundu. Universitetdə “Televiziya rejissoru” kafedrası yaradılanda T.Vəliyev kafedra müdiri vəzifəsinə keçirildi. O, 2007-ci ildən ömrünün sonuna kimi bu kafedraya rəhbərlik etdi.
Professor Tariyel Vəliyev yüksək mədəniyyətə malik, bacarıqlı və istedadlı müəllim idi. Onun yetirdiyi onlarla tələbə bu gün Azərbaycan televiziya məkanında müxtəlif kanallarda rejissor, operator, baş rejissor və digər vəzifələrdə çalışırlar.
Tariyel müəllim həm də gözəl ailə başçısı idi. Övladları – Vüqar, İlqar və Elmar atalarının yolunu davam etdirirlər. Atalar yaxşı deyib: “Ot öz kökü üstə bitər.”
P.S. Bu günlərdə Azərbaycan Dövlət Film Fondunda görkəmli televiziya və kino rejissoru, professor Tariyel Vəliyevin xatirə gecəsi keçirildi. Xatirə gecəsinə onun qohumları, tanışları, dostları, sənətkarlar və tələbələri toplaşmışdılar.
Gecədə həmkarları çıxış edib T.Vəliyev haqqında xatirələrini söylədilər. Çıxışlardan sonra Tariyel müəllimin tələbəsinin çəkdiyi və öz müəlliminə həsr etdiyi “Kadr arxasında qalan rejissor” sənədli filmi nümayiş olundu.
Gözəl insan və peşəkar rejissor Tariyel Vəliyev bu gün cismani aramızda olmasa da o, ruhən həmişə bizimlədir, dostlarının xatirələrində, yaratdığı televiziya tamaşalarında və çəkdiyi televiziya filmlərində yaşayır.
Aydın Kazımzadə,
Azərbaycanın əməkdar incəsənət xadimi
banner

Oxşar Xəbərlər