• şənbə, 21 Sentyabr, 07:04
  • Baku Bakı 20°C

Yolları musiqidə kəsişən cütlük - AİLƏ

21.09.24 03:19 57
Yolları musiqidə kəsişən cütlük - AİLƏ

Karen Danger-Manafzadə: “Əvvəldən rəqslərinizi bilmirdim, lakin toyumuzdan öncə Abuzərin anası mənə Azərbaycan xanımlarının necə rəqs etdiyini göstərmişdi”.

Abuzər Manafzadə: “Karen çox çalışqan insandır, onun əzminə heyran qalırdım. Səhər saat beşdən oyanırdı ki, Azərbaycan dilini öyrənəcəyəm. Qısa müddətdə də öyrəndi”.

UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya-Azərbaycan qarşılaşmasından öncə Azərbaycan himninin canlı səsləndirilməsi çoxumuzu qürurlandırdı. Himnimizi səsləndirən Avstriyada yaşayan alman-kuba əsilli vokalçı Karen Danger-Manafzadə idi. Karen Danger-Manafzadə dünyanın bir çox ölkəsində opera, operetta, film layihələrində yer alan, böyük auditoriyalar qarşısında çıxış edən, beynəlxalq müsabiqələr laureatı vokalist, aktrisa və mahnı bəstəkarıdır. Karen beynəlxalq arenada verdiyi konsertlərlə yanaşı, hazırda ingilis, alman, ispan və Azərbaycan dillərində mahnılar bəstələyir. Karen Azərbaycanın Əməkdar artisti, dünyaşöhrətli pianoçu İslam Manafovun oğlu, pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin həyat yoldaşıdır. Abuzər beynəlxalq müsabiqələrdə 18 mükafat qazanmış pianoçu, dirijor, bəstəkardır. Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsindən məzun olan ilk azərbaycanlıdır. 
Beləliklə, “Kaspi” qəzetinin “Ailə” rubrikasının budəfəki qonaqları Abuzər və Karendir. 

“Musiqisi ilə qəlbimi qazandı”

Hər ikisi musiqiçi olan bu cütlüyün yolları konservatoriyada kəsişib. Karen tanışlıq hekayələrini bizimlə bölüşdü: “Biz ilk dəfə bir-birimizi konservatoriyada gördük. Hər yerdə Abuzərin konsertinin afişaları var idi. Mən onun konserti olduğunu bilirdim. Lakin o, məni dəvət etdikdə özümü bilməməzliyə vurdum. Şirin, yaxşı oğlan idi, amma mən ilk anda ciddi heç bir şey düşünmədim. Sadəcə “konsertə dəvət edir, gedim”, - dedim. Konsertə rəfiqəmlə getmişdim. Abuzər konsertdə Ludviq van Bethovenin “Appasionata” əsərini ifa etdi. Mən hələ belə bir şey görməmişdim. O, üç dəqiqə pianoda ifa etdikdən sonra mən rəfiqəmə dönüb dedim ki, bu oğlan ilə mütləq evlənəcəyəm. Konsertdən öncə məni "Facebook"da tapmışdı və özü, uğurları, ailəsi haqqında məlumat vermişdi. Abuzər konservatoriyaya müraciət edirmiş kimi özü haqqında məlumat göndərmişdi (gülür). O, mənə ailəsi haqqında məlumat verdikdə onlara heyran qalmışdım. O zamanlar 19 yaşım var idi və qarşımda tanınmış Manafzadə ailəsini görəndə bir az utanmışdım”. 

“Pozitivliyinə vuruldum”

Karen ilk başda ciddi düşünməsə də, Abuzər artıq evlilik xəyalları qururmuş: “Kareni ilk dəfə görəndə gülümsəməsi çox xoşuma gəldi. Onun pozitivliyinə vuruldum, konsertimə dəvət etdim. Konsertə dəvət edəndə artıq ciddi düşünməyə başlamışdım. İlk baxışdan aşiq olmuşdum, davamlı onu düşünürdüm, gözlərindən, baxışlarından, hərəkətlərindən, danışığından çox gözəl ürəyi olduğunu anladım. Elə o anda düşündüm ki, Karen çox gözəl həyat yoldaşı ola bilər. Hər zaman gülümsəyir, daim pozitivdir. İnsanlara, heyvanlara, təbiətə çox böyük hörmət və sevgi ilə yanaşır. Karenin bir şüarı var ki, “hər şeyi sevgi ilə etmək lazımdır”. İllər keçməsinə baxmayaraq ilk gördükdə nə düşünmüşdümsə, hələ də elədir. Hisslərimdə və düşüncəmdə yanılmadığımı zamanla anladım”. 

Karen isə Abuzərin xasiyyətini öyrəndikdən sonra bilib ki, onun yarıdır: “Abuzərin öncə pianoda ifasını çox sevmişdim. Xarakterini öyrəndikdən, onun centlmenliyini, mədəniyyətini gördükdən sonra isə qərar verdim ki, həqiqətən də o, mənim həyat yoldaşım olmalıdır. Almaniyada böyümüşəm, orada belə centlmenlik görməmişdim”. 

“Karenin heç nədən xəbəri yox idi”

Abuzər deyir ki, Karenə evlilik təklif edəndə elə həyəcanlanıb ki, heç konsertlərdə belə həyəcan keçirmir: “İki il müddətində bir-birimizi daha da yaxından tanıdıq. Artıq bir-birimiz haqqında tam ciddi düşünürdük. Lakin mən Karenə sürpriz etmək istəyirdim. Bir gün dedim ki, hazırlaş, bir yerə gedirik. Vyanadan Zalsburq şəhərinə qatar bileti almışdım. Həmin gün onun doğum günü idi. Bütün günü orada gəzdik. Karenin heç nədən xəbəri yox idi. Özəl bir restorana getdik, hansı ki, bütün şəhərin mənzərəsini oradan görmək mümkündür. Həmin restoranda ona evlənmə təklif etdim. İspan dilində ona dedim ki, “sən mənim həyatımın eşqisən, mənimlə evlənərsən?” 

Abuzərin bu sürprizi Karen üçün doğum günündə aldığı ən gözəl hədiyyə olub: “Abuzər çox həyəcanlı idi. Hətta mən ondan bir neçə dəfə soruşdum ki, Abuzər, nəsə problem var? Davamlı telefona baxırdı. Qorxurmuş ki, ispan dilində cümlələri unudar. Unutmamaq üçün gözü telefonda imiş. Abuzərin bu sürprizinə şok olmuşdum”. 

İki musiqiçinin ailə həyatı 

Deyirlər, musiqiçilər romantik olurlar. Karenin sözlərinə görə, həyatlarının böyük bir qismini musiqi tutsa da, bir-birlərinə zaman ayırmağı da unutmurlar: “İki musiqiçinin həyatı gecə-gündüz musiqi və məşqlərdən ibarətdir. Mən oxuyuram, Abuzər piano çalır, hər gün yeni bəstələr üzərində işləyirik. Çalışırıq heç olmasa həftədə bir dəfə bərabər planlar quraq. Bizim ortaq xüsusiyyətimiz musiqi və idmandır. Hər ikimiz idmanı çox sevirik. Bərabər idmanla məşğul oluruq, kinoya gedirik. Meşədə gəzməyi və bərabər dondurma yeməyi də sevirik”. 
Abuzər: “Karen bəzən kiçik sürprizlər edir. Onun səhərlər məşqi olur. Səhər kofe içməyi sevdiyim üçün getməmişdən mənə kofe hazırlayır. Oyandıqda kofemi hazır görürəm. Yanında da kiçik bir not yazıb qoyur”.

“Hər uğurlu kişinin arxasında onun xanımı dayanır”

Abuzər deyir ki, onların uğurlarının sirri daim bir-birilərinə dəstək olmalarıdır: “Məsələn, mən pandemiya zamanında Karenə piano çalmağı öyrədirdim. O da məni idmanla məşğul olmağa təşviq edir. İşlərimin çoxluğundan bəzən idmana vaxt ayıra bilmirəm. Amma Karen nizam-intizamlı olduğu üçün məni məcbur edir. Hər zaman bir-birimizi irəliyə aparmağa çalışırıq. Öz ailəmizdə də valideynlərimin bir-birinə dəstək olduğunu görmüşəm. Atamın və bütün ailəmizin uğurlarının arxasında hər zaman anam yer alıb. Hətta belə bir ifadə də var ki, hər uğurlu kişinin arxasında onun xanımı dayanır. Mən bu fikrə inanıram”.  

Cütlüyün toyları həm Avstriyada, həm də Azərbaycanda keçirilib. Karen bizimlə Azərbaycandakı toylarının təəssüratlarını bölüşdü: “Bu dərəcədə böyük toy olacağını düşünmürdüm. 400 nəfər qonaq var idi. Bəlkə Azərbaycan üçün bu elə də böyük rəqəm deyil. Amma mən belə bir şey görməmişdim. Əvvəldən rəqslərinizi bilmirdim, lakin toyumuzdan öncə Abuzərin anası mənə Azərbaycan xanımlarının necə rəqs etdiyini göstərmişdi. Azərbaycanın xanımlarının rəqsi çox eleqant və möhtəşəmdir”.

“Azərbaycanda özümü şahzadə kimi hiss etdim”

Karen bir neçə dəfə ölkəmizdə olub: “Biz ancaq Bakıda olmuşuq. Bakını çox sevdim. Memarlıq abidələri sənət əsəridir, binalar hamısı çox gözəldir. Abuzərdən öncə Azərbaycanı “Eurovision” müsabiqəsindən tanıyırdım. Azərbaycan mənim üçün çox özəl və gözəldir. Yeməkləri tamamilə fərqlidir, insanları çox mədənidir. Azərbaycanda özümü şahzadə kimi hiss etdim. Hara gedirdim, mənim üçün qapı açırdılar. Düşünürəm ki, Azərbaycan xalqı çox açıq fikirli, tolerantdır, hər bir dinə, dilə çox hörmət edir. Gələcəkdə çox istəyərik Qarabağa gedək. Orada konsert proqramı ilə çıxış etməyə də çox şad olarıq”.

“Bitdiyi zaman göz yaşlarımı saxlaya bilmədim”

Qarabağdan söz düşmüşkən Karen dedi ki, əvvəl xalqımızın başına gələn müsibətlərdən bixəbər olsa da, sonradan Abuzərin “Xocalıya” əsəri ilə tanış olub və acımızı anlayıb: “Biz yeni tanış olanda Abuzərin “Xocalıya” adlı əsərini YouTube-da gördüm. O zaman mən Xocalı soyqırımı haqqında heç bir məlumata sahib deyildim. Lakin o qədər təsirli idi ki, bitdiyi zaman göz yaşlarımı saxlaya bilmədim. Abuzərə yazıb soruşdum ki, bu əsər nədən bəhs edir. O da mənə bu faciənin dərinliyini izah etdi. Bundan bir neçə ay sonra bizim Abuzərlə ilk böyük tədbirimiz Amsterdamda Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Xocalıya” aid rekviyem-konsert proqramı oldu. Abuzər həmin əsəri orada da səsləndirdi, mən Azərbaycan bəstəkarlarının əsərlərini və ilk dəfə Azərbaycanın dövlət himnini orada ifa etdim”.  

“Karenin dil öyrənməklə bağlı qabiliyyətini görürdüm”

Karenin sözlərinə görə, onun dilimizdə səsləndirdiyi ilk əsər də məhz himnimiz olub: “Mənim Azərbaycan mahnıları ilə tanışlığım Abuzər sayəsində olub. Bizim ilk dəfə Amsterdamda konsertimiz olduqda səhnədə Azərbaycan himnini səsləndirməyimə o qərar verdi. Bu, Azərbaycan dilində səsləndirdiyim ilk əsər idi. Abuzərə çox təşəkkür edirəm ki, o zaman mənə inandı. Bununla da Azərbaycan musiqisi, sonra isə dili ilə tanış oldum”. 

Abuzər əvvəldən xanımının bacarığını sezibmiş: “Karenə müraciət etdim ki, tədbirdə himnimizi və digər əsərlərimizi səsləndirmək istəyərsən? Təklifim ona da sürpriz oldu. Karenin dil öyrənməklə bağlı qabiliyyətini görürdüm. Bilirdim ki, dil öyrənməyə qarşı necə qətiyyətli və həvəslidir. Əmin idim ki, o, bu məsuliyyətli işi ən gözəl şəkildə həyata keçirəcək. Hazırda Karenin mahnılarımızla və dilimizlə bağlı əldə etdiyi uğurlara baxdıqda da deyə bilərəm ki, yanılmamışdım”.

“Öyrənənə qədər çox çətin idi”

Karen mahnılarımızı ifa etsə də, dilimizdə danışa bilməyib. Lakin qarşısına məqsəd qoyub və buna ən qısa zamanda çatıb: “Mən Azərbaycan mahnılarını oxuyurdum. Lakin sizin dilinizdə “salam” belə deyə bilmirdim. Səhnədə oxuduğun dili anlamamaq düzgün deyil. Abuzərin ailəsi ilə də öz dillərində danışmaq istəyirdim. Özümə dedim ki, mütləq Azərbaycan dilini öyrənməliyəm. Düzdür, mahnıları səhnədə ifa etmədən öncə Abuzərdən mənalarını soruşurdum. Amma dili tam bilmədiyim üçün stress keçirirdim. Abuzər və dil müəlliminin dəstəyi ilə yavaş-yavaş öyrəndim. Öyrənənə qədərki yol çox çətin idi”. 

“Hər gün bəlkə 50 dəfə bu sözdən istifadə edirəm”

Karen sonradan Abuzərin həm də tələbəsi olub. Abuzər tələbəsinin necə əzmlə dilimizi öyrənməsindən bəhs etdi: “Karen həmişə mahnılarımızı oxumamışdan öncə gəlib məndən mənalarını öyrənirdi. Mahnılarımızdakı sözləri izah edirdim. Karen çox çalışqan insandır, onun əzminə heyran qalırdım. Səhər saat beşdən oyanırdı ki, Azərbaycan dilini öyrənəcəyəm. Qısa müddətdə də öyrəndi. O, gəlib mənə “sizin dili öyrənmək istəyirəm” dediyi zaman sevincimdən havalara uçdum deyə bilərəm. Çünki doğma dilimizdə sevdiyim insanla ünsiyyət qurmaq, ona sevgimi çatdırmaq və eyni şəkildə bu sözləri ondan eşitmək çox gözəl bir duyğudur. Karenin dilindən, özü də Azərbaycan dilində sözlərimizi eşitmək mənim qəlbimi titrədir”.

Karen deyir ki, ona Azərbaycan dilində ən maraqlı gələn “nazlı” sözü idi: “Çünki o söz mənim dilimdə yoxdur. Bunu başa düşmək çox çətin idi. Abuzərdən soruşurdum ki, “nazlı” nə deməkdir? O da tam başa sala bilmirdi, çünki tam ifadə etmək mümkün deyildi. Ən sevdiyim söz isə “canım”dır. Hər gün bəlkə 50 dəfə bu sözdən istifadə edirəm”. 

“Paxlavanın aludəçisiyəm”

Avstriyada yaşasalar da, cütlüyümüz milli bayramlarımızı da qeyd edir. Karenə görə bayramlarımızdan Novruz çox özəl və gözəldir: “Biz dostlarımız və ailəmizlə onu qeyd edirik. Novruz şirniyyatlarınız - paxlava, şəkərbura, qoğal hamısı superdir, olduqca dadlıdır. Daha çox paxlavanı sevirəm, hətta aludəçisi olmuşam deyə bilərik”. 

Yeməklərimizdən söz düşmüşkən Karen deyir ki, ən sevdiyi təamımız dolmadır: “Özüm də dolma bişirirəm. Abuzərin anası mənə öyrədib. Paxlava və şəkərbura bişirməyi də öyrənmək istəyərdim”. 

“Üzeyir Hacıbəyli, Fikrət Əmirov mənim üçün şedevrdir”

Karen bəyəndiyi bəstəkarların əsərlərini də bizimlə paylaşdı: “Bütün Azərbaycan mahnıları çox gözəl və möhtəşəmdir. Amma Müslim Maqomayevin “Azərbaycan” mahnısının  qəlbimdəki yeri bir başqadır. “Anamın anasısan, Azərbaycan” hissəsində ağlamışdım. Müslim Maqomayevin mahnılarını çox ifa etmişəm. Fikrət Əmirovun “Sevil” operasından “Dilbərin nəğməsi“ də çox gözəldir. Ən özəl isə himninizdir. Çünki dahi Üzeyir Hacıbəylinin əsəridir. Böyük Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Fikrət Əmirov mənim üçün şedevrdir. Rauf Hacıyevin də mahnılarını çox sevirəm”. 

Karenin dilimizdə bəstələdiyi ilk mahnı 

“Azərbaycan, gözəlsən” isə Karenin dilimizdə bəstələdiyi ilk mahnısıdır. Abuzərin sözlərinə görə, bu əsər o qədər mükəmməl alınıb ki, hər hansı bir dəyişiklik etməyə ehtiyac qalmayıb: “Karenin Azərbaycan dilində mahnı bəstələməsi hekayəsi çox maraqlıdır. Bir dəfə evə gəldikdə mənə dedi ki, mahnı bəstələmişəm. Düşündüm, yəqin ya ingilis dilində, ya da alman dilindədir. Önümdə sözləri gördükdə adına baxdım ki, “Azərbaycan, gözəlsən” yazılıb və mahnı bizim dildədir. O qədər mükəmməl idi ki, biz ona sonradan heç bir düzəliş etmədik. Dilimizi o qədər gözəl öyrənmişdi ki, artıq mahnı yaza biləcək səviyyədə bilirdi. Buna görə onunla hədsiz qürur duydum”. 
Karen isə gələcəkdə Azərbaycan dilində yazdığı mahnıların sayını artırmağı düşünür: “Mahnı bəstələmək istədim. Amma bilmədim ki, bunu hansı dildə edim. Sonra düşündüm və ağlıma Azərbaycanın necə gözəl olduğu gəldi. Qərar verdim ki, mahnını Azərbaycan dilində yazım. Gələcəkdə Azərbaycan dilində başqa mahnılar da bəstələmək istəyərəm”. 

“Mən də Kareni tövsiyə etdim”

Abuzər Karenin Slovakiya-Azərbaycan matçından öncə himnimizi səsləndirməsinə də toxundu: “Slovakiya Futbol Assosiasiyası UEFA Millətlər Liqasında Azərbaycana belə bir jest etmək istədi. Bunu Bratislavadakı səfirliyimizə bildiriblər. Onlar da peşəkar musiqiçi kimi mənimlə məsləhətləşdilər. Mən də Kareni tövsiyə etdim. Çünki o, həm peşəkar vokalistdir, həm də himnimizi dəfələrlə qürurla səsləndirib. Karen öncə böyük auditoriyalar qarşısında çıxış etmişdi, amma bu, ən böyük auditoriya idi”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər