• şənbə, 20 Aprel, 00:06
  • Baku Bakı 15°C

Xoş günlərin müjdəçisinə çevrilən “XARIBÜLBÜL”

13.05.23 01:00 1726
Xoş günlərin müjdəçisinə çevrilən “XARIBÜLBÜL”

Şuşa azad edildikdən sonra 3-cü dəfə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdi. Builki festivalı fərqləndirən əsas məqam onun həm “Heydər Əliyev ili”, həm də Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ili çərçivəsində reallaşması oldu.  

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 9-11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilib. Üç gün davam edən festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olub.

“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023”

Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyindən, budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak ediblər. Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb. Sonda türk dünyasının solistləri birlikdə "Qarabağ" kompozisiyasını ifa ediblər. Festival günlərində şəhərin müxtəlif məkanlarında “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb.

Cıdır düzündə yazılan mədəni tarix

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı məşhur xanəndə Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanıb. Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil edilən tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya, Litva və Belarusdan da musiqi qrupları iştirak edib. 1990-cı ildə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivalda ittifaq respublikaları ilə yanaşı, Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Niderland, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrdən nümayəndələr iştirak edib. Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. 1990-1991-ci illərdə festivalın final konsertləri Bakıdakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təşkil olunub. Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşanın işğalı səbəbindən “Xarıbülbül” musiqi festivalını təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirilib.

“Bayatı-Şiraz” sədasına bürünən Şuşa dağları

Şuşa azadlığına qovuşandan sonra 2021-ci il 12-13 may tarixlərində “Xarıbülbül” festivalı yenidən təşkil olunub. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak ediblər. Tədbirə dövlət və hökumət rəsmiləri, mədəniyyət, ədəbiyyat və elm xadimləri qatılıb. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış ediblər. Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı sayəsində azadlığına qovuşan Şuşanın hər qarış torpağı, sıldırım qayaları “Bayatı-Şiraz” muğamının sədasına bürünüb.

“Festivala Zəfər yolu ilə getdik”

Festivalı Şuşada canlı izləyən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Əməkdar rəssam Ülviyyə Həmzəyeva təəssüratlarını “Kaspi” qəzetinə bölüşərək deyib ki, xoş günlərimizin müjdəçisinə çevrilən “Xarıbülbül” festivalı artıq 3-cü ildir ənənəvi qaydada Şuşada qeyd olunur. O, bu festivalın beynəlxalq əhəmiyyətini qeyd etməklə yanaşı, xalqımız üçün mühüm mənəvi-mədəni, eyni zamanda ictimai-siyasi hadisə olmasından da söhbət açıb: “Qarabağın giriş qapısı sayılan Füzuliyə, oradan isə Şuşaya Şanlı Ordumuzun düşmən işğalından qarış-qarış azad etdiyi Zəfər yolu ilə getdik. Hər il bu yol ilə hərəkət etdikcə təəssüratlarımız yenilənir, erməni vəhşiliyi nəticəsində bir zamanlar dağıntılara məruz qalmış Qarabağın ilbəil dirçəldiyinin, buralara həyatın yenidən qaytarılması istiqamətində görülən işlərin əyani şahidi oluruq. Qısa zaman kəsiyində sürətlə və keyfiyyətlə yaradılan, qurulan nə varsa, hamısı bizlərdə fərəh hissi doğurur, qürur yaşadır”.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə layiqli töhfə

Millət vəkili deyib ki, ata vəsiyyətini yerinə yetirərək Şuşanı azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində mədəniyyət paytaxtımız da dirçəlir. Onun sözlərinə görə, Şuşa şəhərində keçirilən festivallar, digər rəsmi və mədəni tədbirlər, quruculuq və abadlıq tədbirləri deyilənləri bir daha təsdiqləyir: “Bu il keçirilən “Xarıbülbül” festivalı bizlərdə növbəti dəfə sevinc və qürur hissi yaşatdı, mədəniyyətimizin böyüklüyünü nümayiş etdirdi. Şuşa dağları bütün türk xalqlarının dillərində səslənən mahnılara susamışdı. Bu mahnıları məhz Şuşada dinləmək böyük zövqdür, qürurvericidir. İndi Şuşada sadəcə Azərbaycan xalqı deyil, bütün Türk dünyası yallı rəqsini ifa edir. Şuşada xalqlarımızın birliyi, birgə sevnci, ortaq mədəniyyətimizin təbliği, müsabiqələr, sərgilər Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə layiqli töhfə olmaqla bərabər, düşmənlərimizə və onların havadarlarına tutarlı cavabdır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər