• şənbə, 08 Fevral, 12:57
  • Baku Bakı 1°C

Ölümü də qeyri-adi olan aktrisa - ANIM

08.02.25 02:09 105
Ölümü də qeyri-adi olan aktrisa - ANIM

Sənət yoldaşları Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zərnigar Ağakişiyevanı hörmətlə anırlar. Onun qeyri-adi xarakteri ilə gözəl rollar yaratdığını vurğulayırlar. 

“Zərnigar xanım Azərbaycan teatrında həmişə xatırlanan simadır. O, rəngarəng aktrisa idi. Oynadığı obrazlar indi də tamaşaçıların yaddaşından çıxmır. Əgər yaşasaydı, bu il 80 yaşını qeyd edəcəkdi”. Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zərnigar Ağakişiyevanın (fevralın 8-də  xatirə günüdür) sənət yoldaşları onu hörmətlə anırlar. 

"Ona qarşı ədalətsiz yanaşma oldu"

Xalq artisti Nurəddin Mehdixanlı xatırlayır: “Zərnigar xanım çox istedadlı idi. Onun gözəl səsi vardı. Teatrın səhnəsində, Azərbaycan Televiziyasında çəkilən tamaşalarda fərqli və maraqlı rollar oynayırdı. Onun gözəl vokal səsi vardı. Teatrda aktyor heyəti ilə bağlı müəyyən dəyişikliklər olanda Zərnigar xanım teatrdan getdi. O dövrdə ona qarşı ədalətsiz yanaşma oldu. Təəssüf ki, teatrımızın elə bir istedadlı aktrisası teatrdan necə küsüb getdisə, bir daha geri qayıtmadı”. N.Mehdixanlı deyir ki, Zərnigar xanım həmişə üzügülər, şən idi: “Onu heç kəs heç vaxt qəmli görməzdi. Bu, hamı üçün bir tapmaca idi. O, insan olaraq heç kəsin işinə qarışmazdı, xeyirxah bir xanım idi”. 

“Çox koloritli, heç kimə bənzəməyən aktrisa idi”

“Biz yaxın dost olmuşuq. O, bizə tez-tez gedib-gəlirdi”, - deyə Xalq artisti Səidə Quliyeva xatırlayır: “Mən teatra işləməyə gələndə Zərnigar xanım aktrisa kimi çox xoşuma gəlirdi. Çox koloritli, heç kimə bənzəməyən aktrisa idi. Onun oyun tərzi, səhnədəki müxtəlif obrazları tamaşaçını heyran edirdi. Zərnigarın rolları bir-birinə bənzəmirdi. Belə bir aktrisa ilə tərəf-müqabil olmaq mənim kimi gənc aktrisa üçün böyük uğur idi”. S.Quliyeva deyir ki, mərhum aktrisa ilə tərəf-müqabil olduğu ilk tamaşa “Atayevlər ailəsi” olub: “Zərnigar xanım həmin tamaşada mənim ögey anamı oynayırdı. Bu tamaşada çox qüdrətli aktyorlar çəkilmişdi. Zərnigar xanım da onlardan biri idi”. S.Quliyeva Zərnigar xanımın sənətə bir qədər gec, 30 yaşlarında gəldiyini deyir: “O, bir müddət Moskvada çalışmışdı. Bakıya qayıdandan sonra aktrisa olmaq istəmişdi. Və nə yaxşı ki, o, aktrisa olmuşdu. O, Azərbaycan mədəniyyətinə yeniliklər gətirdi, rəngarəng obrazlar qalereyası bəxş etdi. Baxmayaraq ki, o, bu sənətə gec gəlmişdi, illərlə işləyən sənətkarları da ötüb keçdi. Onun gözəl vokal səsi vardı. Qayınanam Elmira Quliyeva onun vokal müəlliməsi olmuşdu. Zərnigar xanım oynadığı obrazlarla, səs tembri, gözəlliyi ilə səhnəyə yaraşırdı. O bir az dolu xanım idi, ancaq bu da ona yaraşırdı. Çox qəribədir ki, o, ömrünün sonuna qədər pəhriz saxladı. Mən həmişə qastrollarda olanda “sən həmişə pəhriz saxlayırsan, amma heç vaxt da arıqlamırsan” deyirdim. Amma “elə bil bir az arıqlamısan” deyəndə o qədər sevinirdi ki...”  

“Mən onun qeyri-adiliyini sevirdim”

S.Quliyeva deyir ki, Zərnigar xanım təbiətdən, Tanrının yaratdığı hər şeydən zövq alırdı: “Onu tanıyanlar “Zərnigar bir az qeyri-adi idi” deyirdilər. Amma mən onun qeyri-adiliyini sevirdim. Onun qeyri-adiliyinin içində bir fəlsəfə, gözəllik, daxili zənginlik vardı. Çox insanlardan eşitmədiyin fikirləri çatdırmağı bacarırdı. Bəlkə də buna görə aktrisa olmuşdu. Zərnigar 70 illik yubileyini də qəribə keçirdi. Yubileyini “Avropa” hotelində qeyd etdi. “Görüm kimin yadındayam? Kim gələcək?”- deyə heç kəsi dəvət etmədi. Amma bilənlər öyrənib yığışdı, çox maraqlı bir gecə keçdi. Onun özü ilə bağlı tədbirləri də fərqli idi. Hərdən deyirdim ki, sən yer adamı deyilsən, göy adamısan. Hərəkətləri ilə, rolları ilə, həyata baxışları ilə fərqlənirdi. Zərnigar geniş qəlbli, xeyirxah insan idi. Sonuncu qəpiyini də kiməsə verirdi. Onun ağır günləri çox olmuşdu. Ona görə də çalışırdı ki, əmək haqqından, Prezident təqaüdündən imkansızlara paylasın. Onun övladı yox idi, amma uşaqları çox sevirdi. Mən ona qəlbən bağlı idim. Gecələr mənə zəng vururdu. Bilirdim ki, ürəyi sıxılır, darıxır. Çox şeydən qorxurdu. Ən çox 20 Yanvarda qorxmuşdu. Hadisələr onun yaşadığı binanın qarşısında baş vermişdi. Sonra bir müddət o evdə yaşamadı. Dost-tanışının evində qalırdı”. S.Quliyeva deyir ki, mərhum aktrisanın xarakteri kimi ölümü də qeyri-adi olub: “Zərnigar həyatdan nakam getdi. O, tək yaşayırdı. Biz tez-tez onu axtarırdıq, zəng vururduq. Bəzən evdə olanda da telefonu qaldırmırdı. Adamlarla ünsiyyət qurmaq istəmirdi. “Heç kəslə danışmaq istəmirəm”, - deyə gizlətmirdi. Biz bununla barışmışdıq. Zərnigar 2-3 gün evdə cansız qaldı. Qohumları ona çox hörmətsizlik etdilər. Onun evi, bir az pulu vardı. Ölən kimi onun cəsədini buradan qaçırıb Qubada dəfn etdilər. İndi biz onun məzarını ziyarət edə bilmirik. Heç yas mərasimində də iştirak edə bilmədik. Buna görə onun yaxınlarını qınayıram. Məzarı burada olsaydı, sənət yoldaşları ziyarət edərdi. Onun ruhu nigaranlıq çəkir...”

Yetim qalan obrazlar

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov danışır: “Zərnigar xanım mənim quruluş verdiyim bir neçə tamaşada yüksək peşəkarlıqla oynayıb. O, yüksək vokal səsə malik idi. Hətta “Qızıl Fond”da saxlanılan mahnıları da var”. M.Fərzəlibəyov deyir ki, hazırladığı “Təhminə və Zaur” tamaşasındakı Zivər xanım - Zaurun anası obrazından sonra kinorejissor Rasim Ocaqov da Zərnigar xanımı “Təhminə” filminə, eyniadlı obrazı oynamağa dəvət edib: “Rasim müəllim başa düşürdü ki, bu obrazı heç kim Zərnigar xanım kimi oynaya bilməz. Həqiqətən də film çox uğurlu alındı. Mən həmişə bu aktrisa ilə işləməyə çalışırdım. Çünki Zərnigar xanım anadan aktrisa doğulmuşdu. Tanrı ona gözəl səs, qadın gözəlliyi, aktrisalıq istedadı bəxş etmişdi. Yüzdən çox tamaşa hazırlayan bir rejissor kimi əminliklə deyirəm ki, böyük aktyor olmaq üçün anadan böyük aktyor doğulursan. Belə sənətkarlar Azərbaycan teatrında azdır, onlardan biri də Zərnigar xanım idi. Zərnigar xanımdan sonra can verə biləcəyi nə qədər obrazlar yetim qaldı...”

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər