• cümə, 27 Dekabr, 07:02
  • Baku Bakı 10°C

Xaricdə yaxşı iş tapmağın sirləri - PEŞƏKAR

23.09.23 06:30 9355
Xaricdə yaxşı iş tapmağın sirləri - PEŞƏKAR

Aydan Bağırova: “İş elanınıza cavab gəlməməsi əsla sizin bacarıqsızlığınız demək deyil. Ruhdan düşməyin. Müraciət etməyə davam edin, israrlı olun. Belə insanlar tezliklə arzuladığı işə sahib olurlar”.

Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanın ən böyük silahı özünə olan inamı və ünsiyyət bacarıqlarıdır. Müsahibimiz Almaniyada karyera mütəxəssisi - mentor olaraq fəaliyyət göstərən Aydan Bağırovadır.

Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra bakalavr təhsilini Çində, Çin dili ixtisası üzrə davam etdirib. Orada “ən yüksək səviyyə Çin dili sertifikatı”nı qazanıb. Daha sonra Almaniyaya gedib və alman dilini öyrənib. Həmçinin sözügedən ölkədə beynəlxalq biznes ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Berlində daşınmaz əmlak şirkətinin Çin departamentində işləyir. İngilis, alman, Çin, rus dillərini yüksək səviyyədə bilir.

“Haradan, necə başlayacağımı bilmirdim”

- Aydan xanım, sosial media səhifələrində şəxsi inkişaf, karyera ilə bağlı statuslar paylaşır, gəncləri istiqamətləndirirsiniz. Bunu nə üçün edirsiniz?

- İnsanlara kömək etmək istəyirəm. Çünki mən də ilk dəfə Almaniyaya gəldikdə çox əziyyət çəkdim. Haradan, necə başlayacağımı bilmirdim. Sosial şəbəkələrdə məhz bu sahədə peşəkarlaşan insanlara yazır, dəstək istəyirdim. Onların verdiyi istiqamət, motivasiya mənə çox kömək oldu. Artıq 11 ildir ki, Almaniyadayam. İndi CV yazmaq, işə qəbul olmaq üçün nə etmək lazım olduğunu bilirəm. Bu istiqamətdə bildiklərimlə özüm kimi çətinlik çəkən insanlara kömək etməyə çalışıram. Həftəsonunu sosial şəbəkədə maarifləndirici paylaşımlara ayırıram. - Xaricdə işə qəbul prosesinin çətin olduğunu bildirirsiniz. Sizcə, gənclərin bu istiqamətdə etdiyi səhvlər nədir? - Ən əsası CV formaları düzgün qurulmur. Məsələn, Almaniyada CV-nin dəqiq forması var. HR (İnsan resursları üzrə mütəxəssis) artıq o formaya öyrəşdiyi üçün fərqli CV gördükdə, ona baxmağa vaxt sərf etmir. İkinci problem odur ki, CV göndərmək üçün düzgün iş elanını seçə bilmirlər. Məsələn, bəzən elə işdən cavab gözləyirlər ki, onların CV məlumatları ilə həmin işə qəbul olmağa şans yoxdur. İmtina aldıqda da motivasiyaları düşür. Belə olduğu halda da əksəriyyəti bundan sonra da alınmayacağını düşünür. Üçüncüsü, bəzən gənclər özlərinə uyğun əməkhaqqını düzgün tələb edə bilmirlər. Bu da imtinaya səbəb olan amillərdəndir.

İlk iş insan üçün ən vacib təcrübədir

- İlk iş təcrübəsində yüksək əməkhaqqı tələbi nə dərəcədə düzgündür?

- İlk iş insan üçün ən vacib təcrübədir. Məsələn, mən Almaniyada magistraturanı bitirib iş müsahibəsinə dəvət alanda nə qədər maaş istəyəcəyimi bilmirdim. Az deyib peşman olmaq, çox deyib imtina almaq istəmirdim. Müsahibəyə gedəndə rəfiqəmə zəng vurub nə qədər qazandığını soruşdum və müsahibə vaxtı eyni məbləği istədim. Sonradan bildim ki, yeni məzun üçün ən ideal maaşı istəmişəm. Hazırda internetdə araşdırma edərək, hansı şirkətdən nə qədər əməkhaqqı istəyəcəyinizi bilə bilərsiniz. Məşhur əməkhaqqı araşdırması platformaları var. Gənclər onlardan istifadə edib, düzgün, özlərinə uyğun maaşı istəyə bilərlər.

- Bəs düzgün CV necə hazırlanmalıdır?

- Bəzən 4-5 səhifəlik CV hazırlayırlar. Ən əsası, CV bir səhifədə, uzun olmamalıdır. CV-də axtardığınız işə uyğun “açar sözlər” olmalıdır. Məsələn, proqram mühəndisliyi üçün müraciət etmisinizsə, ona aid “açar sözlər” qeyd olunmalıdır. Şirkətlərin əksəriyyətində CV-lərə insanlar yox, süni intellekt baxır. Söz düzgün olmayanda, avtomatik imtina gəlir. İnternetdə həmişə düzgün CV forması tapmaq olar. CV-lər standart olmur. Ən vacibi isə, hansı ölkəyə iş üçün müraciət edirsənsə, məhz o ölkəyə uyğun CV forması hazırlamaq lazımdır.

Şəbəkələşmə əhəmiyyətlidir

- Yaxşı təhsil və dil bilikləri uğurlu karyera qurmaq üçün kifayətdirmi? Ümumiyyətlə, işdə uğurlu olmaq üçün əsas amil nədir?

- Fikrimcə, müasir dünyada ən önəmli amillərdən biri şəbəkələşmədir. Ancaq Azərbaycanda iş tapmaq üçün tanış axtarmırlar, Avropada da belədir. Şəbəkələşmə tək iş tapmaqda yox, peşəkar inkişafda da çox vacibdir. Yeni tanıdığımız hər bir insanla söhbət edərkən belə, nə isə öyrənirik, öyrədirik. Uğurlu karyerada ətrafın çox olması vacibdir. Üstəlik, bu ətraf o demək deyil ki, ancaq sən öyrənəcəksən. Kömək qarşılıqlı olmalıdır. Biz onlara dəstək olduqda, onlar da bizə olacaqlar. Tək olmaq çətindir. İstər öz ölkəndə, istərsə də xaricdə şəbəkələşmə əhəmiyyətlidir.

- Karyera ekspertləri tərəfindən tez-tez təkrarlanan bir məsləhət var: "Uğurlu karyera üçün bir istiqamətdə ixtisaslaşın!" Sizcə, bu məsləhət hazırki dövr üçün nə dərəcə uyğundur?

- Bu, Almaniyada belədir. Azərbaycanda adətən, bir istiqamətdə təhsil alır, bir çoxumuz fərqli istiqamətlərdə çalışır, bəzən bacarıqlarımızı sonradan kəşf edib onun ardınca gedirik. Bu, mənim üçün normal idi. Lakin Almaniyada iş axtararkən, bakalavrı Çin dilində bitirdiyim üçün ancaq o istiqamətdə iş tapmalı idim. Universitetdə hansı təhsili almısansa, iş də eyni olmalıdır. Almaniyada ixtisas dəyişmək çox çətindir. Burada ümumi inanc budur ki, CV tamamilə bir mövzuya, istiqamətə həsr olunmalıdır. Mən ikinci ixtisası beynəlxalq biznes üzrə aldıqdan sonra Çin dili bacarıqlarımdan istifadə edib Avropa - Çin Biznes əlaqələri istiqamətində işləyirəm.

Hər insan əcnəbi ölkədə yaşaya bilmir

- Gənclərin əksəriyyəti xaricə gedən kimi yaxşı iş tapıb, yüksək maaşla təmin ediləcəyini düşünür. Həqiqətən, xarici ölkədə işə düzəlmək asandırmı?

- Asan deyil. Gəlməzdən öncə ya iş tapmalısınız, ya da universitetə qəbul olmalısınız. Dünyada çox adam Avropada işləmək istəyir. Ona görə də rəqabət böyükdür. Çox istedadlı, bacarıqlı, savadlı gənclərimiz var. Bəziləri üçün bu yol çox keşməkeşli və ağır olur. Çünki belə insanlar çox vaxt imtinanı qəbul edə bilmirlər. Bəziləri yaxşı iş də tapır, amma mühitə adaptasiya ola bilmir. Hər insan əcnəbi ölkədə yaşaya bilmir.

- Maraqlıdır, sizin əcnəbi ölkəyə adaptasiya dövründə hansı çətinlikləriniz olub?

- Almaniyada daha çox çətinlik çəkdim, nəinki Çində. Çünki tam fərqli mentalitetdir. Çində çinli dostlarım var idi və onlarla ünsiyyət qurmaq daha asan idi. Almanlar isə çox soyuqqanlıdırlar. Dost tapmaq çətindir. Hamının işi çoxdur və öz işi ilə məşğuldurlar. Hava da soyuqdur. Qış fəsli çox olur, günəş az çıxır. Adaptasiya asan olmadı. Alman dilini də öyrənmək çətin idi. Ailəm yanımda deyildi, bacımla idik. Valideynlərimiz, ölkəmiz üçün çox darıxırdıq. İldə cəmi bir dəfə Bakıya gedirdik. Universiteti bitirdikdən sonra iş tapmaq asan olmadı. İş tapanda da öyrəşmək problemi yarandı. Beynəlxalq şirkətdə işləyərkən, bu mərhələ rahat keçir. Çünki hər kəs fərqli ölkədəndir. Mən sırf alman şirkətində işləyirdim, ünsiyyət, dostluq qurmaqda çətinlik çəkirdim. Artıq 11 ildir ki, burdayam, öyrəşmişəm. Motivasiyam isə həmişə müstəqillik, heç kimdən asılı olmamaq üçün çalışmağım olub.

Özünə inamı sarsılanlar bu yolda uduzur

- Ən çətin mərhələ iş müraciətlərinin cavabsız qalma mərhələsidir. Kifayət qədər bacarığı, istedadı olan insanlar üçün bu mərhələ ağrılı olur dediniz. Bəs bu mərhələni motivasiyanı itirmədən necə keçmək olar?

- Bəli, bu, çox vaxt motivasiyanı salır və hətta insanın özgüvənini zədələyir. Mən də bunu yaşamışam, dəfələrlə CV göndərib, rədd cavabı almışam. Bütün iş elanları göründüyü kimi deyil. Bəzən olur ki, iş reklam üçün elan olunur, faktiki vakansiya göstərilmir. Bəzi hallarda şirkət bu vakansiya üçün fikrini dəyişir. Yaxud işçi götürülür, amma iş elanı aktiv qalır. Müraciətiniz tələb olunan keyfiyyətlərə cavab verməyə bilər və şirkət rəy bildirməyə bilər. Müraciət edənlərin çoxluğu ola bilər ki, bu da baxılma prosesini ləngidir. Son olaraq daxili namizəd vəzifəyə yüksəlmiş ola bilər. İş elanınıza cavab gəlməməsi əsla sizin bacarıqsızlığınız demək deyil. Ruhdan düşməyin. Müraciət etməyə davam edin, israrlı olun. Belə insanlar tezliklə arzuladığı işə sahib olurlar. Özünə inamı sarsılanlar isə, təəssüf ki, bu yolda uduzurlar.

- Almaniya mentalitet baxımından Azərbaycan və Çindən fərqlidir. İlk vaxtlar Almaniyada sizi təəccübləndirən məqam nə idi?

- İstər Azərbaycanda, istərsə də Çində öyrəşmişik ki, dost-tanış görmək istəyəndə, dərhal zəng edir, ya həmin gün görüşürük, ya da sabaha vaxt təyin edirik. Almanlarda belə deyil. Onlar ani qərar vermirlər. Burada hər kəsin təqvimi var. Kiminlə görüşmək istəsən, adətən ən tezi, bir həftə öncədən bildirməlisən. Məsələn, alman qonşum var idi, münasibətlərimiz çox yaxşı idi. Mənə dedi ki, bir gün bizə gəl, kofe içək. Dedim yaxşı, nə vaxt gəlim? Cavab verdi ki, 3-cü gün. Sabah görüşəcəyimizi düşündüm, dedi xeyr, növbəti həftə 3-cü gün kofe içərik. Çox təəccübləndim. Çünki qonşu idik, tez-tez qarşılaşırdıq, kofe içmək üçün bir həftə gözləməyə nə ehtiyac var? Amma indi onları başa düşürəm. Hətta təqvimim də var. Çünki iş o qədər çox olur ki, məcburən, görüşü təqvimə baxıb təyin edirəm.

“O tədbirdən sonra həyatım dəyişdi”

- Karyerada kəpənək effektinə inanırsınız? Yəni kiçik qərarların insanın həyatını dəyişə bildiyini düşünürsünüz? Maraqlıdır, sizin hansı kiçik qərarınız həyatınızı dəyişib?

- Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər - deyirlər. Mən də karyerada kəpənək effektinə çox inanıram. Məsələn, Çində universiteti bitirdikdə orada qalıb işləmək istəyirdim, amma atamla söhbət edib, ani qərarla Almaniyaya gəldim. Almaniyada magistraturanı bitirdikdən sonra bir tədbirə qatılmaq həyatımı dəyişdi. Yadımdadır, həmin tədbirin bileti baha idi və getməyi düşünmürdüm. Son anda qərar verdim və tədbirə bileti aldım. Orada tanış olduğum insanın məsləhətilə CV-mi Almaniyada bir şirkətə göndərdim və məni istədiyim işə qəbul etdilər. O tədbirdən sonra həyatım və qərarlarım zəncirvari şəkildə dəyişdi.

- Ümumiləşdirsək, uğurlu karyeranın sirri nədir?

- Özünə inam, bacarıqları inkişaf etdirmək və şəbəkələşmə. Bunlar olduqda, karyera yolunda sürətlə irəliləyirsən. İnsan daim öz üzərində işləməli, özünü inkişaf etdirməlidir. Çünki bizi öyrəndiklərimiz irəli aparır.

Aygün ƏZİZ 

banner

Oxşar Xəbərlər