• cümə axşamı, 14 noyabr, 14:20
  • Baku Bakı 11°C

“Vətəni sevmək insanın qanında olmalıdır” - MƏKTƏBDƏ

17.02.24 04:29 8331
“Vətəni sevmək insanın qanında olmalıdır” - MƏKTƏBDƏ

Xalq şairi Vahid Əziz: “Utandığım odur ki, atam və anamdan çox nazımı çəkən müəllimlərimi bəzən dəyərləndirməmişəm. Sizə sevgi göstərən insanı həmişə dəyərləndirin”.

“Vaxt nisbi şeydir. Kimin üçünsə bir saat an kimi, kimin üçünsə bir il kimi keçir. Hər uğur vaxtı səmərəli keçirməkdən asılıdır. Gərək elə yaşayasan ki, həyatında keçən vaxtdan nəsə qalsın...” Xalq şairi Vahid Əzizin “Məktəbdə” layihəsində qonaq olarkən vurğuladığı bu fikirlər məktəblilər üçün əhəmiyyətli tövsiyə kimi səsləndi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı layihənin Qaradağ rayonunun Qobustan qəsəbəsindəki 321 nömrəli tam orta məktəbdə baş tutan görüşündə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri və s. kimi vacib məsələlərə də toxunuldu.

“Məktəb zirvələrə gedən pillədir”

“Vahid müəllim, demək olar ki, 80 yaşınızı haqlamısınız. Ömür yolunda yaşanan günlərin və illərin əhəmiyyətli keçməsi üçün şagirdlərə nə tövsiyə edərdiniz?” - deyə auditoriyadan ünvanlanan ilk suala Xalq şairi “Mənim də həyatda səhvlərim olub və indi düşünəndə onlara görə hərdən utanıram”, - deyə cavab verdi: “Məsələn, bəzən nəvələrim dil, qrammatika, kimya və sairlə bağlı suallar verəndə cavablandıra bilmirəm. Bunlar hansısa dərsə gəlməyəndə və ya tapşırılanda öyrənmədiklərimdir. Ona görə elə oxuyun ki, gələcəkdə övladlarınız sual verəndə utanmayasınız. Mən ən çox fizika və astronomiya fənlərini sevmişəm, riyaziyyatla o qədər aram olmayıb. Ədəbiyyat da sevimli fənnim olub. Rus dilində oxumuşam, amma Azərbaycan dilini yaxşı bilmişəm. Heydər Əliyev o zaman məni Mərkəzi Komitədə işə qəbul etdi. Təlimatçı, mətbuat bölməsinin müdiri işlədim. Savadlı adam özünə arxayın və cəsarətli olur. Siz də cəsarətli və savadlı olmaq üçün çox oxuyun. Məktəb zirvələrə gedən pillədir, qalan elmləri həyat öyrədir”.

Vətən sevgisini ifadə etmək üçün...

“Vətən sevgisini sadəcə şeir dili ilə ifadə etmək olurmu?” - deyə şagirdlərdən birinin sualına V.Əziz belə cavab verdi: “Təbii ki, vətən sevgisi şeirlə ifadə olunur. Müharibə başlayandan on gün qabaq bir yuxu gördüm: Tərtərdə evimizin yanındakı arxdan su axırdı. Mən bir şeir yazdım: “Su bir də gələcək su gələn arxa”. Sonra müharibə başladı. Mən müharibə, vətənpərvərlik mövzusunda yazdığım şeirləri “Param-parça illər” adlı kitabda topladım. Bu kitab müharibə gündəliyidir. Vətən sevgisini ifadə etmək üçün gərək vətəni yaxşı tanıyasan, onun dilini sevəsən. Vətəni sevmək insanın qanında olmalıdır.  Bu gün Azərbaycan xalqı onunla qürur duya bilər ki, ermənilərlə mübarizə aparan, döyüşən, şəhid olan Vətəni sevən cəsarətli insanları var. Şəxsiyyətinizi elə formalaşdırın ki, özünüzü Vətənin sahibi kimi görəsiniz. Onda Vətəni qorumağı da, sevməyi də bacaracaqsınız. Həyatda layiq olduğunuz yeri bilin və özünüzü saydırmağı bacarın. Həmişə sadə olun və adiləşməyin. Sadəlik insanın gözəlliyidir”. 

“Məktəb xatirələri insanı yaşadır”  

“İlk şeirinizi nə vaxt yazmışınız?” sualı şairi gəncliyinə qaytardı: “İlk şeirimi Politexnik İnstitutunun 2-ci kursunda oxuyanda qələmə almışam. Amma ona qədər yaxşı mütaliəm vardı, ədəbiyyatı yaxşı bilirdim. Hərdən düşünürəm ki, Nizaminin, Füzulinin, Nəsiminin, Xəqaninin, Məhəmməd Hadinin bu qədər dərin və poetik şeirlərinin olduğunu bilsəydim, əlimə qələm almazdım. Amma 22 yaşımda ilk şeirimi yazandan sonra Rəsul Rza “Vahid Əzizin şeirləri qibtə oyadacaq qədər poetikdir”, - deyə rəy bildirdi. Ondan sonra şeirlərim sıralandı...” 
“Məktəb illəri necə yadınızda qalıb?” sualı isə şairin uşaqlıq xatirələrini oyatdı. “Qərbi Zəngəzurdan, Dərələyəzdən köçüb gələndə 6 yaşım vardı.1951-ci il idi”, - deyə xatırladı: “Atam rayon partiya komitəsi katibinin müavini idi. Məni məktəbin Azərbaycan bölməsinə yazdılar. İlk dərs günü dəhlizdə qaçışan uşaqları gördüm. Çox səliqəli geyinmişdilər. Onların arxasınca gedib oxuduqları sinfə daxil oldum. Bu sinif rus bölməsi idi. Beləcə rus dilində təhsil almalı oldum. Uşaqlardan fərqlənirdim. Təyyarə maketləri düzəldirdim. Məktəb xatirələri insanı yaşadır. Bəzən ata-ana evdə uşağın nazını çəkmir, amma məktəbdə müəllimlər sizin qayğınıza qalırlar. Mənim də utandığım odur ki, atam və anamdan çox nazımı çəkən müəllimlərimi bəzən dəyərləndirməmişəm. Sizə sevgi göstərən insanı həmişə dəyərləndirin. Gələcəkdə sizin içərinizdən nazir də çıxacaq, məmur da. Çalışın, nə vaxtsa vəzifə sahibi olanda yanınıza gələn insanların qayğısına qalasınız”.

“Şairlər və şeir yazanlar”

“Şeirlərinizi özünüz oxuyanda daha çox xoşunuza gəlir, yoxsa başqalarının ifasında?” - deyə soruşan şagirdə qonaq “Şeir sakit oxunmalıdır. Şeir qələm adamıyla kağız arasında pıçıltıdır”, - deyə cavab verdi: “Şeirdə müqəddəs kədər olmalıdır. Bir də ədəbiyyatda və sənətdə elitarlıq var. Ədəbiyyatda da, incəsənətdə də hamı üçün və yüksək zövq üçün fərqlər var. Bir var şeir yazanlar, bir də var şairlər. Siz də çalışıb zövqünüzü elə tərbiyə edin ki, yalnız yüksək olsun”.

“Dünya sürətlə dəyişir. Sizcə, şeir müasir zamanın tələbi ola bilərmi?” - deyə ünvanlanan suala “Vladimir Mayakovski yazırdı ki, əgər hər gecə göydə ulduzlar yanırsa, demək bu, kiməsə lazımdır. Mən də hərdən düşünürəm ki, əgər Ramiz Rövşən, mən və ya başqa qələm dostlarımız yazırıqsa, demək, bunlar kiməsə lazımdır. Şeirlə dünyanı dəyişmək olmur, amma bədii əsərlər insanlara həyatlarını dəyişməyə kömək edir”, - deyə cavab verdi. 

“Bugünkü gənclik haqqında fikirləriniz necədir?” - deyə məktəblilərdən biri maraqla soruşdu. “Hazırkı gənclikdən çox razıyam”, - deyə Xalq şairi fikrini bildirdi: “Qarabağ müharibəsində kimlər döyüşdü? Gənclər. Əgər bu gün yaşlı insanlar gənclərdən şikayətlənirsə, demək, özləri hardasa səhvə yol veriblər. Bu gün ucqar kənddən gələn uşaq  beynəlxalq olimpiadada qızıl medal qazanır. O, azərbaycanlı balasıdır. Mən qürur duyuram ki, Azərbaycanın çox intellektual gəncliyi yetişir...”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər