“O xalq ki, unudur, onun faciələri çox olur” - MƏKTƏBDƏ

Professor Anar İsgəndərli: “Dünənə qədər bizi neft-qaz tanıdırdı. 44 günlük müharibədən sonra dünya öyrəndi ki, insan öz Vətənini necə sevə bilər! Siz bu gün fəxr edəndə “Azərbaycan” şeiri ilə yox, Azərbaycan reallığı ilə fəxr edirsiniz”.
“Mən orta məktəbdə oxuyanda sual verirdilər ki, Vətənin haradır? Deyirdim ki, SSRİ. Sizə bu sual veriləndə Azərbaycan deyirsiniz. Mən tamam başqa bir himn oxuyurdum, siz isə bu gün öz Vətənimizin himnini oxuduğunuz üçün xoşbəxtsiniz. Xoşbəxtsiniz ki, üçrəngli bayrağımız hər birinizin ürəyindədir və deyirsiniz ki, “Bir kərə yüksələn bayraq bir daha enməz!”
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərli Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə reallaşdırdığı “Məktəbdə” layihəsinin qonağı olarkən çıxışına bu sözlərlə başladı.
189-190 nömrəli tam orta məktəbdə baş tutan görüş Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümünə təsadüf etdi.
Müstəqil və suveren dövlətin balaları
“Siz müstəqil və suveren bir dövlətin gözəl və şirin balalarısınız”, - deyə millət vəkili auditoriyaya səsləndi: “Dünyada 8000-dən artıq xalq və etnik qrup var. Onlardan cəmi 200-ə qədərinin müstəqil dövləti var. Həmin 200 dövlət içərisində Azərbaycan da var. Siz o müstəqil dövlətin vətəndaşısınız. Babalarımız bu müstəqil dövləti və suverenliyi əldə eləmək üçün mübarizə aparıblar. Biz millət olaraq yüksəkdə duran xalqıq. 44 günlük müharibə bunu bir daha dünyaya göstərdi. Bu torpaq üçün şəhid olanlarımız var.
Onlar da dünən bu partada oturanlar idi. Onlar da elə qabaqda oturan şagird yoldaşının köynəyini yazan idi, partanı cızan idi. Dünən şagird idilər, sonra tələbə oldular. Qələmi yerə qoydular, süngünü götürdülər və qalib gəldilər. Siz onların ideyalarını uğurla davam etdirən şagirdlərsiniz”.
“Gələcək sizin əlinizdədir!”
Millət vəkili gəncliyi yüksək dəyərləndirdiyini bildirdi: “Gənc yaşlarında sambo üzrə Azərbaycan çempionu idim. Heç kimdən qorxmurdum. İndi gənclərin yanından keçəndə “birdən biri itələyər”, - deyə düşünürəm. Gənclik başqa şeydir. Bu torpağı gənclik xilas etdi. Dağlarda, dərələrdə qəhrəmanlıq göstərdi. Gəncliyin elədiyini heç kim edə bilməz. Gənclik haqqında “20 il bundan qabaq yaxşı idi”, - demək yanlışdır. 19-cu əsr 20-ci əsrdən heç vaxt irəli gedən əsr ola bilməz. Bu gün Azərbaycan gəncliyi hamıya dedi ki, mən qəhrəmanam. Ali Baş Komandan əmri verib, mən yerinə yetirmişəm. Dünyada bütün siyasi hadisələrə təsir edən gənclikdir. Siz müstəqil Azərbaycanın fidanlarısınız. Gələcək sizin əlinizdədir!”
Tarixçi alim tədris və tədqiq etdiyi elm sahəsini xarakterizə etdi: “25 ildən artıqdır ki, Bakı Dövlət Universitetində kafedra müdiriyəm. 1918-20-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı ilk dəfə mən tədqiq etdim. Nələrin şahidi oldum? Bir daha gördüm ki, ermənilər nələr törədib. Göz yaşı tökməmək üçün “nə etməli?” sualına cavab axtardım. Tarix elminin digər elmlərdən bir üstünlüyü var - tarix ibrətdir. Əgər 1905-1906-cı illərdə bilsəydik ki, erməni bizi niyə qırır, onda 1918-1920-ci illər olmayacaqdı. O illərdə bilsəydik, onda gərək 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində 20 faiz torpaqlarımız işğal olmayaydı. Nə üçün oldu? Çünki unutduq. O xalq ki, unudur, onun faciələri çox olur”.
Coğrafi məfhumdan siyasi məfhuma
Tarixçi alim Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlara toxunaraq qeyd etdi ki, cəmi 23 ay yaşayan dövlət 350 ilkə imza atıb: “Müsəlman Şərqində ilk cümhuriyyət coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi. Dövlət Albaniya, Şəddadi, Rəvvadi, Səfəvi, Qaraqoyunlu yox, Azərbaycan adlandı. Bakı tarixində ilk dəfə bütün Azərbaycanın paytaxtı oldu. Azərbaycan Parlamentini yaratdı. 1919-cu ilin iyulunda ilk dəfə Azərbaycan Parlamenti kişi və qadın bərabərliyini elan etdi. Dinindən, irqindən, cinsindən asılı olmayaraq parlamentdə hamıya yer verdik. İlk universitet, ilk hərbi məktəbin yaradılması, xaricə oxumağa 100 tələbənin göndərilməsi - bunlar hamısı cümhuriyyətin uğurlarıdır. 40 minlik bir ordu yaradıldı. 23 ay ərzində bundan artıq nə etmək olardı? Təəssüf ki, 1920-ci ilin aprel işğalı hər şeyi yarımçıq qoydu!”
Millət vəkili Azərbaycanın bu gün dünyada tanınmasına da diqqət çəkdi: “Dünənə qədər bizi neft-qaz tanıdırdı. 44 günlük müharibədən sonra dünya öyrəndi ki, insan öz Vətənini necə sevə bilər! Siz bu gün fəxr edəndə “Azərbaycan” şeiri ilə yox, Azərbaycan reallığı ilə fəxr edirsiniz. Bizim əsgər torpaqlarımızı işğaldan azad etdi. Bizim də adımız qaliblərin sırasına düşdü. Siz bu gün qalib ölkənin şagirdlərisiniz. Bu gün bayrağımız bayraqlar içərisində seçilir”.
Millət vəkili Ulu Öndər Heydər Əliyevi böyük şəxsiyyət kimi xatırladı: “Ulu Öndər gəncləri SSRİ-nin hər yerinə oxumağa göndərirdi. Yeni ali məktəblər yaradırdı. Heydər Əliyev yeganə türk müsəlmandır ki, SSRİ adlı nəhəng dövləti idarə edib. 1991-ci ildə biz dövlət müstəqlliyimizi bərpa etdik, amma onun şirinliyini dada bilmədik. Torpaqlarımızın 20 faizi işğal olundu. Bir milyon qaçqın, bir yandan da vətəndaş müharibəsi təhlükəsi. Bütün bunlar ölkəni süquta aparırdı. Nə yaxşı ki, Heydər Əliyev gəldi, ölkəni bu çətinliklərdən çıxardı”.
“Valideynlərinizin, müəllimlərinizin qədrini bilin”
Tarixçi alim məktəblilərə tövsiyələrini də verdi: “İllər keçəcək, hər biriniz vəzifə sahibi olacaqsınız. Valideynlərinizin, müəllimlərinizin qədrini bilin. Bir-birinizə hörmətlə yanaşın. Azərbaycan bizim dövlətimizdir. Hamımız bu dövləti sevməliyik. Dininizə hörmətlə yanaşın. Dinimiz bizə halallığı, ədaləti, qəhrəmanlığı, şəxsiyyət olmağı öyrədir. Kamil vətəndaş kimi yetişin, ailə üçün şərəfli övlad olun”.
Təranə Məhərrəmova
