Vahid rəqəmsal platforma yoxdur
Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyini artırmaq üçün onun rəqəmsallaşdırılması işləri də aparılır. 2025-ci ildə "Maneəsiz Rəqəmsal Dəhliz" platformasının işə salınması planlaşdırılır.
Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.
Tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır. "Bu vahid platforma müxtəlif rəqəmsal sistemləri inteqrasiya edə bilərdi. Layihədə iştirak edən ölkələr bu istiqamətdə rəqəmsallaşma ilə bağlı fərqli səviyyələrdə yerləşirlər. Bu isə məlumat mübadiləsi və yüklərin izlənilməsinə dair vahid sistemin tətbiqini çətinləşdirir. Vahid rəqəmsal platformanın olmaması nəticəsində iştirakçı ölkələr arasında koordinasiya ciddi şəkildə qəlizləşir. Bu isə bütün səviyyələrdə tədarük zəncirlərində gecikmələrə səbəb olur", - deyə o qeyd edib.
"Maneəsiz Rəqəmsal Dəhliz"
Qeyd edək ki, Orta Dəhlizin cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaq üçün onun bütün uzunluğu boyunca vahid multimodal xidmət yaradılıb. Azərbaycan və Qazaxıstan dəmir yollarının informasiya sistemləri artıq DTC (Digital Trade Corridor) platformasının gömrük modulu olan "Tez Customs" ilə inteqrasiya olunub, Gürcüstan dəmir yolları ilə də oxşar iş planlaşdırılır. Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyini artırmaq üçün onun rəqəmsallaşdırılması işləri də aparılır. 2025-ci ildə "Maneəsiz Rəqəmsal Dəhliz" platformasının işə salınması planlaşdırılır ki, bu da bütün marşrut boyunca sənəd dövriyyəsini, gömrük rəsmiləşdirilməsini və yüklərin izlənməsini vahid ekosistemə birləşdirəcək.
İnfrastruktur daha da inkişaf etdirilməlidir
ADY-nin Rəqəmsal inkişaf departamentinin rəhbəri Andrey İskiriç isə bildirib ki, Orta Dəhlizlə daşınan yüklər artacaq, buna görə infrastrukturu daha da inkişaf etdirmək lazımdır.
Onun sözlərinə görə, məhdud infrastruktur çox baha başa gəlib: "Buna görə infrastrukturla əvvəlcədən məşğul olmaq lazımdır. Bununla yanaşı, biz müştərilərimizin rahat şəkildə sifariş verməsi üçün sifarişdən əvvəl onlayn yoxlamanı təmin etməli, görülən işləri qeyd etməli, müştərilərimizlə hesablaşmaları avtomatlaşdırmalıyıq. Yəni, dəhliz boyunca bütün sənədlər tam rəqəmsallaşmalıdır. Dəhlizimizin hansı inkişaf dövründə olduğunu öyrənməliyik.
Əməliyyat səmərəliliyini artırmaq üçün Orta Dəhlizdə dar boğazlar müəyyən edilməli, onların aradan qaldırılması üçün prioritetlər təyin olunmalıdır. Ümumilikdə, bu kimi istiqamətlərdə ixtisaslaşmış işçi qrupları yaradılmalıdır", - deyə ADY rəsmisi əlavə edib.