“Üzüklərin hökmdarı: Güc üzükləri” fantastik filminin ilk bölümləri yayımlanıb
“Amazon” studiyasının istehsal etdiyi 2022-ci ilin ən gözlənilən ekran işlərindən biri olan “Üzüklərin hökmdarı: Güc üzükləri” filminin ilk iki bölümü “Prime Video” yayım platformasında nümayiş olunub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, növbəti mövsümün ilk bölümü “Keçmişin kölgəsi”, ikincisi isə “Dalğaların iradəsi ilə” adlandırılıb. Hər iki bölüm bir saatdan çox davam edir. Hekayə dörd personaj olan Galadriel, Arondir, Elrond və Norinin ətrafında cərəyan edir.
Rejissoru Xuan Antonio Bayona olan filmin hadisələri Con Ronald Ruel Tolkinin qeydlərinə əsaslanır. Tammetrajlı filmin davamı və eyni zamanda bahalı televiziya layihələrindən hesab olunan bu ekran əsərində bəhs edilən hekayə qədim dövrdə dünyanın mənşəyini, eləcə də həmin zamanda yaşayan irqləri izah edən Tolkien mifologiyası haqqındadır. Ekran əsərində Sauronun doğulması, eləcə də məşhur üzüklərin yaradılması prosesi nümayiş ediləcək.
Filmin iki mövsümünün büdcəsi müxtəlif mənbələrə görə 1 milyard dollara başa gəlib və bunun sayəsində layihə rekordçular siyahısında yer alıb.