• çərşənbə, 24 Iyul, 23:15
  • Baku Bakı 30°C

Sülh danışıqlarında Moskva dayanacağı - ŞƏRH

20.05.23 06:00 1926
Sülh danışıqlarında Moskva dayanacağı - ŞƏRH

Rəsmi Bakının beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklif və tələbləri aparıcı güclər tərəfindən qəbul olunmaqdadır. Vaşinqton, Brüssel və Moskva görüşlərinin nəticələrinə dair bəyanatlarda əksini tapan fikirlər prosesin məhz Azərbaycanın diktə etdiyi şərtlər daxilində irəlilədiyini göstərir.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçirilib. Bu, son bir ayda Azərbaycan və Ermənistanın iştirakı ilə aparılan sülh danışıqlarının artıq üçüncü raundudur.  

“Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”

Üçtərəfli görüşdə çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Cənubi Qafqaz regionunda sabitlik və sülhün olmasında maraqlıdır. “İnanırıq ki, liderlərimiz arasında əldə olunmuş razılaşmalara alternativ yoxdur. Ümid edirəm ki, bu və ya digər şəkildə regionda iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”, - o qeyd edib. Görüşdən sonrakı açıqlamasında isə Lavrov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və bir sıra maddələrə dair hər iki tərəfin düşüncələrini ortaq baxışa yaxınlaşdırmaq mümkün olub. Onun sözlərinə görə, gələn həftə baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçirilməlidir: “Ümid edirik ki, yekunda müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”.

Bakı bütün istiqamətlərdə paralel işin tərəfdarıdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, rəsmi Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir: “Postmünaqişə dövründə normallaşma müxtəlif istiqamətlərdən ibarət bir prosesdir. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır”.

Ermənistanın XİN başçısı Ararat Mirzoyan isə bildirib ki, İrəvan Bakı ilə sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir: “Bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır”.

Qeyd etdiyimiz kimi, Moskva görüşündən əvvəl tərəflər mayın əvvəlində Vaşinqtonda, mayın 14-də isə Brüsseldə sülh sazişi ətrafında müzakirələr aparıblar. Mayın sonunda isə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşü planlaşdırılır. Bundan sonra Kişinyovda dördtərəfli müzakirələr, iyunda isə Brüssel formatında daha bir danışıqlar raundu gözlənilir. Müxtəlif siyasi mərkəzlərin təşəbbüsü ilə həyata keçirilən danışıqlar prosesində müşahidə olunan yüksək dinamika artıq bölgəyə sülhün gəlişinin bütün tərəflərin maraqlarında olduğunu göstərir. Bu məsələdə iki il ərzində Azərbaycanın gərgin diplomatik səyləri, hərbi-siyasi addımları öz uğurlu nəticəsini verməkdədir.  

Əvvəlki görüşlərdə əldə olunan nəticələr

Vaşinqton görüşündə iki tərəf arasındakı danışıqlarda yaranmış fasiləyə son qoyuldu. Uzun müddətdən sonra Azərbaycan və Ermənistan rəsmiləri bir araya gələrək 4 gün ardıcıl müzakirələr apardı.

Brüssel danışıqlarında isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadrat kilometr sahədə tanımaqla Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu rəsmən etiraf etdi. 

Azərbaycanın şərtləri əsas kimi qəbul edilir

Azərbaycan əvvəldən bəyan edirdi ki, bölgədə həqiqətən sülh istəyən vasitəçilər münaqişə tərəflərinin öz aralarında razılaşdırdıqları və həyata keçirilməsi mümkün olan ideyalara dəstək verməlidir. Onun üçün razılığa necə və hansı şərtlərlə gəlindiyi elə bir əhəmiyyət daşımamalıdır.

Bu prinsipi əsas tutan rəsmi Bakı Ermənistandan fərqli olaraq bütün platformalarda yaxından iştirak edir. Məkandan və zamandan asılı olmayaraq, tarixi zəfərdən sonra bölgədə yaranan yeni reallıqlar, rəsmi Bakının beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklif və tələbləri aparıcı güclər tərəfindən qəbul olunmaqdadır. Vaşinqton, Brüssel və Moskva görüşlərinin nəticələrinə dair bəyanatlarda əksini tapan fikirlər prosesin məhz Azərbaycanın diktə etdiyi şərtlər daxilində irəlilədiyini göstərir.

Azad Əliyev 

banner

Oxşar Xəbərlər