• çərşənbə axşamı, 21 may, 16:56
  • Baku Bakı 23°C

Su dünyanın ən bahalı məhsulu ola bilər

26.08.23 02:00 2580
Su dünyanın ən bahalı məhsulu ola bilər

Hesablamalara görə, 2050-ci ildə dünya əhalisinin sayı on milyardı keçəcək. Bəs yer planeti bu qədər adamı yedirib, su ilə təmin edə biləcəkmi? Müşahidələr göstərir ki, ən yaxın zamanlarda Yer kürəsi içməli su qıtlığı ilə üz-üzə qala bilər. 

Qlobal istiləşmə, su ehtiyatlarının azlığı artıq hər gün müzakirə olunan mövzulardır. Təəssüflər olsun ki, bəşəriyyət hələ də bu problemin nə qədər genişmiqyaslı olması barədə düşünmür, ya da onu ciddiyə almır. 

Su ehtiyatlarının azalmasında tək qlobal iqlim dəyişikliyi yox, həm də dünya əhalisinin durmadan artan sayı da böyük rol oynayır. 

200 mindən üç milyona sıçrayış 

Təsəvvür edin, XX əsrin əvvəllərində Bakıda 200 mindən çox insan yaşayırdısa, bu gün bu göstərici üç milyonu keçib. Düşünün ki, bu qədər sakini su ilə təmin etmək lazımdır. Tək su ilə yox, eyni zamanda çörəklə, digər zəruri ərzaqlarla da. Deməli, daha çox əkin sahələri və daha çox su sərf olunmalıdır. Nəzərə alsaq ki, əhali sayı durmadan artır, deməli, resurslar da daha çox olmalıdır. Bəs Yer kürəsinin resursları artırmı? Təəssüf ki, yox. Əksinə, getdikcə azalır. 

Gəlin, dünya əhalisini sayının dəyişməsinə nəzər yetirək.  Məsələn, on min il əvvəl Yerdə təqribən beş milyon insan yaşayırdı. 

XIX əsrin əvvəlinə kimi dünya əhalisi çox ağır templə artırdı. Buna səbəb müharibələr, epidemiyalar, tibbin ən adi xəstəliklər qarşısında əlacsız qalması, aclıq, səfalət, insanların həyat tərzinin təhlükəli olması, doğuş zamanı ana və uşaq ölümlərinin kütləviliyi və başqa səbəblər idi. 

İnsanlıq özü öz əliylə tabutunun mismarını vurur

Bəşəriyyət elmi-texniki tərəqqi əldə etdikcə, əhalinin sayı da sürətlə artmağa başlayır. Beləliklə, 1800-cü ildə Yer kürəsinin əhalisi bir milyarda çatır.  

1960-cı ildə isə əhali sayı üç milyardı keçir. Bu tarixi kəsikdən sonra rəqəmlər sanki uçmağa başlayır.  

Bu gün dünyada 7 milyard 700 milyon insan var. Bu rəqəm planet üçün çoxdurmu, azdırmı? Suala yekdil cavab yoxdur. Bəzi mütəxəssislər bunu təhlükəli rəqəm hesab edirlər. 

Hesablamalara görə, 2050-ci ildə dünya əhalisinin sayı on milyardı keçəcək. Bəs Yer planeti bu qədər adamı daşıya biləcəkmi? Bu qədər adam üçün su, çörək, ən adi ehtiyacları ödəyə biləcəkmi? 

Uzun illərdir dünyada qeyri-hökumət təşkilatları böyük şirkətlərin istehsal etdikləri məhsullar qarşılığında ətraf mühitin çirklənməsi, bəzi hallarda təbiətin, su hövzələrinin məhvi barədə həyəcan təbili çalırlar. Lakin heç bir dəyişiklik müşahidə olunmur. Sanki insanlıq özü öz əliylə tabutunun mismarını vurur. 

Su dünyanın ən bahalı məhsulu olacaq?

Etiraf etməliyik, biz insan olaraq bu planetdə təbiətə görə varıq. Amma bu gün təbiət ölür. Daha doğrusu, bu gün biz onu məhv edirik, öldürürük. 

Bəs hər gün böyüyən iştahamız bizə sonda nə verəcək?  Dünya əhalisi on milyard olanda içməyə su tapacaqmı? Yoxsa, su dünyanın ən bahalı məhsulu olacaq? Bəlkə 30 il sonra insanlar su uğrunda qanlı müharibələrə başlayacaqlar? Suallar həddindən artıq çoxdur.

Neft quyuları əvəzinə su quyuları

Su uğrunda mübarizə artıq qlobal miqyasda böyüyüb. Suyun çatışmazlığı özünü ilk növbədə dünyanın böyük şəhərlərində göstərir. Böyük şəhərlərdə əhalinin suya ehtiyacını ödəmək üçün müxtəlif yollar axtarılır. Məsələn, bu gün Braziliyanın ən böyük şəhərlərindən biri San-Pauluda 22 milyondan çox insan yaşayır. 2014-cü ildə şəhər ən böyük quraqlıq dövrünü yaşayıb. O vaxtdan yerli su anbarları demək olar ki, quruyub. Bəzi sakinlər susuz qalmamaq üçün çıxış yolu tapıblar. Onlar hər on metrdən bir su quyusu qazaraq özlərini içməli su ilə təmin ediblər. Bu quyuların qazılması ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir, sayı isə 13 mini keçib. Bir zamanlar insanlar neft quyuları qazırdılarsa, indi su quyuları qazırlar. 

Şəhərlərin əhali sıxlığı nəticəsində hələ nə qədər quyular qazılacaq? Bu, təhlükəsizdirmi? 

Üstəlik, yağıntılar da azalır. Su anbarları, çaylar, göllər quruyur. Bu, bütün dünyada yaşanan qlobal prosesə çevrilib. Qarşımızda apokalipsis (dünyanın sonu) tablosu canlanır. 

Məhv edilən flora və fauna 

İndi soruşacaqsınız, bəs niyə yağıntılar azalır? Çünki insan övladı durmadan meşələri qırır, əkin yerlərinə çevirir. Artan əhalini yedirtmək lazımdır. Ağaclar azaldıqca, quraqlıq da artır. Mən hələ flora və faunaya dəyən ziyandan danışmıram. Hələ dəniz və okeanlarda məhv edilən balıqları, digər canlıları demirəm. Bəli, təbiətin yaratdığı mükəmməl eko-sistem var ki, özü hər şeyi yerbəyer edirlər. Lakin bəşəriyyət, insanlıq, elmi-texniki imkanlar inkişaf etdikcə təbiətə daha çox müdaxilə olundu, onun işlək sistemi korlandı. 

Bəzi mütəxəssislər dəniz sularının şirinləşdirilməsi və ya başqa yerlərdən quraqlıq yaşanan yerlərə su daşınmasını çıxış yolu kimi qeyd edir. Amma durmadan artan dünya əhalisi üçün bu, heç də uğurlu çıxış yoluna oxşamır. 

Bəs Azərbaycanda vəziyyət necədir? 

Cənubi Qafqazın ümumi su ehtiyatının cəmi on faizi ölkəmizin payına düşür. Ərazimizin dörddə üçü Kür çayı hövzəsindədir. Bu çay ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biridir. Təəssüflər olsun ki, son illər Kür çayının quruması müşahidə olunur. Bunun da səbəbləri var. Çay qonşu ölkələrdən keçib Azərbaycana gəlir. Suyun ölkələr arasında ədalətli paylanması ilə bağlı razılaşma da yoxdur. 

Düşünürəm ki, hər birimiz suya və təbiət resurslarına qarşı daha məsuliyyətli davranmalıyıq. Ən azı, əllərimizi sabunlayanda su kranını açıq qoymayaq. Yaxud, qabları sabunlayanda su kranını bağlasaq, ildə tonlarla suya qənaət etmiş olarıq. 

Kubra Məhərrəmova

banner

Oxşar Xəbərlər