• cümə, 21 Iyun, 17:33
  • Baku Bakı 31°C

Şöbə müdiri: "Ehtiyat kadrlar siyahısına düşən 50 din xadiminin yaxın günlərdə təyinatı həyata keçiriləcək"

15.04.23 12:45 1366
Şöbə müdiri: "Ehtiyat kadrlar siyahısına düşən 50 din xadiminin yaxın günlərdə təyinatı həyata keçiriləcək"

"İslam dininə aid ibadət yerləri üzrə 44 vakant vəzifəyə 254 namizəd sənəd verib, onlardan 183-ü kişi, 71 nəfəri isə qadındır. Namizədlərdən 170 nəfərinin dini ali, 83-nün isə orta ixtisas təhsilli olduğu, 35 nəfərin isə xaricdə dini təhsil aldığı məlum olub".

Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib. Şöbə müdirinin ölkədə fəaliyyət göstərən məscidlərə din xadimlərinin təyinatı ilə bağlı "Report"a müsahibəsini təqdim edirik:

- Məscidlərə din xadimlərinin təyinatı ilə bağlı məsələlər necə tənzimlənir?

- Bildiyiniz kimi, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə 25 fevral 2022-ci il tarixli dəyişikliyə əsasən, dini ibadət yerlərinə din xadimlərinin təyinatı, o cümlədən attestasiyası bizim komitənin səlahiyyətləri sırasına daxil edilib. Həmin dəyişiklikdən, eyni zamanda Azərbaycan Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dövlət Komitəsinin Kollegiyası “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı hazırlayaraq təsdiq edib. Qaydada din xadimlərinin vəzifələri, onların təyinatı və attestasiyasının şərtləri barədə, o cümlədən onların təhsili ilə bağlı məsələlərə dair bəndlər öz əksini tapıb. Belə ki, qaydanın 1.2.1-ci bəndində yalnız dini ali və orta ixtisas təhsilli şəxslərin din xadimi ola biləcəyi vurğulanıb.

- Müsahibələrdə iştirak edən namizədlər hansı təhsil ocaqlarının məzunlarıdır?

- Dövlət Komitəsi keçən il məscidlərdə vakant yerlərin tutulması üçün iki müsahibə elan edib. 24 may 2022-ci il tarixində 39 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə 270 namizədin sənədi qeydə alınıb. Onlardan 217-i dini ali, 53-ü isə orta ixtisas təhsilli olub. Namizədlərdən 25 nəfəri isə xaricdə dini təhsil alıb. Azərbaycanda təhsil alanların 169-u Bakı İslam Universiteti (BİU), 12-i Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), 11-i Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi, 27-i Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsisçisi olduğu Əliabad İslam Kollecinin (ƏİK), 26 nəfəri isə ölkədəki digər kollec və mədrəsələrin məzunlarıdır. 25 oktyabr 2022-ci ildə elan edilən növbəti müsahibədə ilk dəfə olaraq qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə məscidlərdə vakant yerlər müsahibəyə çıxarılıb. Statistikaya əsasən, İslam dininə aid ibadət yerləri üzrə 44 vakant vəzifəyə 254 namizəd sənəd verib, onlardan 183-ü kişi, 71 nəfəri isə qadındır. Namizədlərdən 170 nəfərinin dini ali, 83-nün isə orta ixtisas təhsilli olduğu, 35 nəfərin isə xaricdə dini təhsil aldığı məlum olub. Azərbaycanda təhsil alan 218 nəfərdən 129-u BİU-nu, 4-ü Aİİ-ni, 7-i BDU-nun İlahiyyat fakültəsini, 48-i QMİ-nin təsisçisi olduğu Şəbnəm İslam Kollecini, 12-i ƏİK-ni, 21 nəfəri isə ölkədəki digər kollec və mədrəsələri bitiriblər.

- Komitənin vəzifəyə təyin etdiyi din xadimlərinin dəqiq sayı ilə bağlı məlumat verə bilərsiniz?

- Hər iki müsahibənin nəticəsinə görə 18-i qadın olmaqla, 197 nəfər imtahanlardan uğurla keçib ki, onlardan 124 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin olunublar. Müsahibədən keçənlərdən 63 nəfəri BİU-nu, 11-i BDU-nun İlahiyyat fakültəsini, 7-i Aİİ-ni, 15-i ƏİK-ni, 7-si Xosrov İslam Mədrəsəsini bitirib, 9-u xaricdə, 12 nəfəri isə ölkənin digər dini təhsil müəssisələrində təhsil alıb. Müsahibədən keçərək ehtiyat kadrlar siyahısına düşmüş 75 nəfərin (2-i qadın olmaqla) 47-i BİU-nun, 4-ü Aİİ-nin, 2-i BDU-nun İlahiyyat fakültəsinin, 2-i xarici ölkələrin dini təhsil müəssisələrinin, digərləri isə ölkədəki islam kollecləri və mədrəsələrin məzunlarıdır. Qeyd edilən şəxslərdən 50 nəfəri 2023-cü ilin fevral ayında müsahibədən keçiblər. Onların yaxın günlərdə təyinatı həyata keçiriləcək.

- Müsahibənin nəticələri ilə bağlı narazılıqlar olurmu? Şikayətlərə hansı qaydada baxılır?

- Bildiririk ki, Dövlət Komitəsi müsahibə proqramı hazırlayıb, müsahibə və attestasiya komissiyaları yaradıb. Həmin komissiyaların üzvləri Dövlət Komitəsi, Aİİ və QMİ-nin nümayəndələridir. İmtahanlarda şəffaflığı təmin etmək məqsədilə mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakına şərait yaradılır. Həmçinin qaydaya əsasən imtahan nəticələrindən şikayətlərə inzibati qaydada baxılması mümkündür. Apellyasiya Komissiyası bu ilin fevral ayında imtahan nəticələrindən şikayət edən 12 nəfərdən 2-ni haqlı hesab edib və onlara keçid balı verilib.

banner

Oxşar Xəbərlər