• şənbə, 25 Iyul, 14:03
  • Baku Bakı 33°C

Əsgəran döyüşlərinin qəhrəmanı

24.01.26 02:19 1169
Əsgəran döyüşlərinin qəhrəmanı

General-mayor Həbib bəy Səlimovun ölkə qarşısındakı xidmətlərindən biri də 1920-ci ilin mart-aprel aylarında uğurla həyata keçirdiyi Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə endirilib. 

Azərbaycanın hərb tarixinə düşmüş görkəmli sərkərdələrdən biri də general-mayor Həbib bəy Səlimovdur. O, 1881-ci il fevralın 8-də Azərbaycanın qədim torpaqlarından sayılan İrəvanda anadan olub. Orduda xidməti 1900-cu ilin avqust ayından başlayıb. H.Səlimov həmin tarixdə 156-cı Yelizavetpol süvari alayına könüllü yazılaraq orada 14 ay xidmət etdikdən sonra unter-zabit rütbəsini əldə edib. 1902-ci ildə Tiflis şəhərində süvari məktəbini bitirib və sonra üçüncü Qafqaz Atıcı Batalyonunda xidmət etməyə başlayıb. Burada podporuçik rütbəsində xidmət edib. O vaxtkı podpuruçik rütbəsi hazırkı leytenant rütbəsinə uyğun gəlir.  

Məxfi tapşırıqlarla Tehrana göndərilir

Həbib bəy 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə isə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin edilir. Həmin ilin sentyabrında hərbi xidmətinə görə Müqəddəs Vladimir ordeni ilə təltif edilib. 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvan-Culfa sərhədində xidmət edib və məxfi tapşırıqlarla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsini əldə edib, daha sonra Peterburq şəhərində Baş Qərargahın Nikolayev Hərbi  Akademiyasını bitirib.  

Ordu quruculuğunda fəal iştirak edib

Arxiv sənədləri təsdiq edir ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyətinin  (AXC) elanından sonra ordu quruculuğunda fəal iştirak etmiş hərbçilərdən biri də məhz Azərbaycan Ordusunun Baş Qərargahının general-mayoru, Baş ştabın Baş İdarəsinin, eləcə də Bakı istehkam rayonunun rəisi H.Səlimov olub. Cümhuriyyət dövründə Azərbaycanda ordu quruculuğunda yaxından iştirak etmiş Həbib bəyin imzaladığı ilk sənədlərdən biri 7 noyabr 1918-ci il tarixə aiddir. 

Mehmandarov və Şıxlinskinin yaxın silahdaşı  

Belə ki, həmin tarixdə artilleriya generalı Səməd bəy Mehmandarov 1 saylı əmr imzalayaraq özünün hərbi nazirin müavini təyin edilməsi haqqında məlumatı elan edir. Həmin sənəd S.Mehmandarovla yanaşı, Azərbaycan Ordusunun Baş Qərargahının rəisi Həbib bəy Səlimov tərəfindən də imzalanıb. S.Mehmandarov 25 noyabr 1918-ci il tarixdə Gəncə şəhərindən hökumət rəhbəri Fətəli Xan Xoyskiyə raport göndərərək Əliağa Şıxlinskinin hərbi nazirin ikinci müavini təyin edilməsini xahiş edir. Həmin raport da S.Mehmandarovla yanaşı, H.Səlimov tərəfindən imzalanıb.

1918-ci il noyabrın 1-də AXC hökuməti nəzdində Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edilib. Həmin qərarda qeyd edilirdi ki, hərbi nazir portfeli Nazirlər Şurasının sədrinə həvalə edilsin, onun müavini isə S.Mehmandarov təyin edilsin. Daha sonra isə qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də S.Mehmandarovun müvafiq əmri əsasında Ordunun Baş Qərargahı və dəftərxanası təsis edildi. Arxiv materialları təsdiq edir ki, H.Səlimov ordu quruculuğunda S.Mehmandarov və Ə.Şıxlinski ilə yanaşı yaxından iştirak edib. Məsələn, qoşunlarını kiçik tibbi personalla təmin edilməsi məqsədi ilə Gəncə hərbi xəstəxanasının nəzdində feldşer məktəbinin yaradılması haqqında əmri S.Mehmandarov və H.Səlimov imzalayıblar. Daha sonra 23 yanvar 1919-cu ildə  polk məhkəmələrinin yaradılması haqqında növbəti əmr imzalanır. Yaradılacaq məhkəmələr ilk iclaslarını 1919-cu il 15 fevral tarixindən gec olmayaraq keçirməli idilər. Əgər hər hansı bir çətinlik ortaya çıxardısa, Hərbi Nazirliyin hərbi-məhkəmə şöbəsinə müraciət olunması tövsiyə edilirdi.  

AXC dövründə hərbi nazir vəzifəsini də icra edib 

11 fevral 1919-cu ildə H.Səlimovun da imzası ilə Gəncə şəhərində ağır artilleriya divizionu yaradılıb. Beş gün sonra imzalanan digər əmrə uyğun olaraq furajkalar yeni baş geyimi sayılan papaqlarla əvəz edilib. H.Səlimovun imzaladığı 14 iyul 1919-cu il tarixli 328 əmrlə beş piyada polkundan ibarət iki piyada diviziyası da yaradılıb. 

1919-cu ildə Ağdamda səpmə yatalaq epidemiyası geniş yayılmışdı. Həmin il fevralın 21-də I piyada diviziyasının rəisi general-mayor Süleyman bəy Əfəndiyevin səpmə yatalaq xəstəliyinə yoluxaraq vəfat etməsi barədə məlumat daxil olur. Həmin dövrdə bu epidemiyaya qarşı mübarizə aparılması üçün hərbi nazir vəzifəsini icra edən Ə.Şıxlinski və Baş ştabının rəisi H.Səlimovun Gəncə şəhərində imzaladıqları əmrlə Ağdama əlavə tibbi heyət göndərilir. 

Arxiv sənədləri təsdiq edir ki, H.Səlimov AXC dövründə müvəqqəti olaraq hərbi nazir vəzifəsini də icra edib. İctimai yerlərdə hərbi xidmətçilərin davranış qaydalarına dəyişikliklərin edilməsi haqqında 7 mart 1920-ci il tarixli əmr də məhz hərbi nazir vəzifəsini müvəqqəti icra edən H.Səlimov tərəfindən imzalanıb. 

Erməni-daşnak birləşmələrinə ağır zərbələr endirib 

Xatırladaq ki, AXC dövründə H.Səlimov general-mayor rütbəsi ilə təltif olunub. Bu barədə əmri nazir S.Mehmandarov 1919-cu ilin 26 fevralında imzalayıb. H.Səlimov 1920-ci ilin martında Əsgəran döyüşlərinin qəhrəmanı kimi də ad-san qazanıb. Onun ölkə qarşısındakı xidmətlərindən biri də 1920-ci ilin mart-aprel aylarında uğurla həyata keçirdiyi Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda dövlətə xəyanət etmiş, silahlı qiyam qaldırmış azğın erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə endirilib. Onlar məğlubiyyətə düçar olub və bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilib.

Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin Baş məsləhətçisi

banner

Oxşar Xəbərlər