Sanki yaxşılıq etmək üçün doğulmuşdu... - ANIM
Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum, həm də vəfatı tarixi fevral ayına təsadüf edir. O, dünyadan köçən günə qədər yaradıcılığına davam etdi. Tələbələri onu musiqi ilə yaşayan sənətkar kimi xatırlayırlar.
Milli musiqimizi onun bəstələdiyi mahnılar, təsniflər, rənglər olmadan təsəvvür etmək mümkün deyil. Mahnılarını ürəklə oxuyan xanəndələri özü də sevirdi. Onlar üçün mahnılar da yazırdı. “Vətən yaxşıdır” təsnifi şəhidimiz Xudayar Yusifzadənin ifasında səslənəndə “Bir tərəfdən təsnifin dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi”, - deyə ağsaqqal təmkini ilə hisslərini dilə gətirmişdi.
Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum (5 fevral), həm də vəfatı tarixi (25 fevral) fevral ayına təsadüf edir. Sənət yoldaşları deyirlər ki, xanəndə hələ sağlığında “əmi”, “ustad”, “müəllim” hörmətini ünvanına əbədiləşdirib.
“Həmişə yeri görünür...”
“Onun haqqında saatlarla danışsam yorulmaram”, - deyən Xalq artisti Mənsum İbrahimov mərhum xanəndə ilə tanışlığının tarixçəsini xatırlayır: “Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olan gündən Əlibaba müəllimlə tanışlığım başlayıb. Mən onun sinfinə də gedirdim, səsimdən xoşu gəlirdi. Sonra mən müsabiqə qalibi oldum və yaxşı münasibətimiz yarandı. Ümumiyyətlə, Əlibaba müəllimin gənclərə xüsusi qayğısı vardı, yaxşı ifaçıları sevirdi. Gənclərdən öz məsləhətini heç vaxt əsirgəmirdi. O, sanki yaxşılıq etmək üçün doğulmuşdu. 2005-ci ildən bəri Muğam Televiziya müsabiqələri başladı. Canlı efirlərdə, bölgələrdə birlikdə olduq. Əlibaba müəllimdən sonra bir neçə müsabiqə keçirilib. Hər dəfə iştirak edəndə “Əlibaba müəllimin yeri görünür” deyirəm. Müdrik məsləhətləri, uşaqları ərkyana danlamağı, baməzə sözləri, səlis qəzəl deməsi ilə həmişə xatirimizdədir”.
M.İbrahimov ustad xanəndəni həm də mahnı və təsniflərin gözəl bəstəkarı kimi yada salır: “Əlibaba müəllim qəzəliyyatı gözəl bilirdi. Çox istedadlı adam idi. Onun bəstələdiyi 100-dən çox mahnı var, əksəriyyəti də vətənpərvərliklə bağlıdır. Şəhidimiz Xudayarın dilində səslənən təsnifi sonradan “Xudayar təsnifi” kimi məşhurlaşdı və xalqımız tərəfindən sevildi. Dünyasını dəyişməmişdən 3-4 il əvvəl mənim üçün də bir mahnı yazdı və “Sənin səsinə bir mahnı yazmışam”, - deyə efirdən müraciət etdi. “Sənsizləmiş dəli könlüm” mahnısını hazırladım, çox bəyəndi. Əlibaba müəllim dünyadan köçən günə qədər yaradıcılığı davam etdi. O, musiqi ilə yaşayırdı”.
M.İbrahimov deyir ki, Əlibaba müəllim dünyasını dəyişməmişdən iki il əvvəl Muğam Mərkəzində onun əsərlərindən ibarət “Gəncləşən muğam” adlı konsert təşkil edilib. Gənc ifaçılar qocaman xanəndənin mahnılarını oxuyub. Özü də baxıb kövrəlib: “Mənə zəng edərək “Muğamımız etibarlı əllərdədir” dedi. Əlibaba müəllim sənətimiz üçün əbədi qalacaq mahnılar qoyub getdi. İndi o mahnılar dillər əzbəridir. Təkcə mən yox, bütün xanəndələrimiz onun repertuarına müraciət edir, bəstələdiyi mahnıları şövqlə oxuyurlar”.
“Gözümüzün qarşısına muğamın sütunu gəlir”
“Əlibaba Məmmədov deyəndə gözümüzün qarşısına muğamın sütunu gəlir”, - deyə Xalq artisti Səkinə İsmayılova xatirələrini bölüşür: “Onunla uzun illər çiyin-çiyinə Muğam Televiziya Müsabiqəsində gəncləri seçmişik. Onun lətifələrini, xatirələrini eşitmişik. Mənə böyük diqqəti və qayğısı vardı. Son illərdə heç kəsi qəbul etmirdi. Bir gün “Sizi görmək istəyirəm”, - deyə zəng edəndə “Bilirsən ki, sənin xətrini çox istəyirəm, gəl” dedi. Tələbələrim və musiqiçilərimlə birgə kiçik bir məclis düzəltdik, dedik, güldük, oxuduq. Əlibaba müəllimin mahnılarından ifa etdik. Mən Əlibaba müəllimin bir mahnısını oxudum. Dedi “Bu mahnı heç özümün yadımda deyil”. Gənc yaşlarımdan onun mahnılarının aşiqi idim. Sağ olsun Birinci xanım Mehriban Əliyeva, Əlibaba müəllimin bəstələdiyi 100-dən artıq mahnını notları ilə birlikdə bir kitab şəklində ərsəyə gətirtdi və bizə xatirə qaldı”.
Sonda S.İsmayılova ustad xanəndə ilə bağlı bir xatirəsini də bölüşür: “Bir neçə il əvvəl Azərbaycanın tanınmış adamlarının əllərinin heykəlini hazırlayırdılar. Layihə rəhbəri mənə zəng edərək “Əlibaba müəllimlə əlaqə saxlayırıq, amma razılıq vermir”, - deyə kömək istədi. Mən Əlibaba müəllimi razı saldım. Sevinirəm ki, həmin yadigar heykəllər içərisində həm böyük xanəndənin, həm də mənim əlimin heykəli var”.
Öz mahnılarının ən gözəl ifaçısı
Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov el məclislərində Əlibaba Məmmədovun mahnı və təsniflərinin böyük şövqlə ifa olunmasına toxunur:
“Əlibaba Məmmədovun ifasını uşaq yaşlarından eşidib sevmişik. Öz mahnılarının ən gözəl ifaçısı da elə özü idi. Səsinə uyğun yazdığı mahnılar onu hamıdan fərqləndirirdi. 1973-cü ildə mən Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olanda Əlibaba müəllim o zaman gənc müəllimlərdən idi. Həm də “Humayun” ansamblını yaratmışdı. Gənc tələbələri də həmin ansamblda onunla bərabər çıxış edirdilər. Tale elə gətirdi ki, mən 2013-cü ildə Muğam Televiziya Müsabiqəsinə münsif kimi dəvət olunanda Əlibaba müəllim münsiflər heyətinin ağsaqqalı idi. Bakı ətrafına, bölgələrə bərabər səfərlərimiz zamanı hər yerdə onun necə sevildiyinin şahidi olurduq. Əlibaba müəllimi dinləmək adama zövq verirdi. Həyatı boyu ustadları görmüşdü. Seyid Şuşinskinin tələbəsi olmuşdu. Qurban Pirimovdan, Bəhram Mansurovdan, Mütəllim Mütəllimovdan söhbət açırdı. Əbülfət Əliyevlə, Qulu Əsgərovla dostluq etmişdi, onların içərisində özü də bir bənzərsiz inci idi. Həyatda kim onunla təmasda olmuşdusa, bu, onun bəxtinin gözəlliyi idi”.
“Bu, biz gənclər üçün böyük dəyər idi”
Əməkdar artist Təyyar Bayramov “Muğam müsabiqələrindən yolu keçən hər bir ifaçıya Əlibaba müəllim böyük diqqət yetirib”, - deyə ustadı xatırlayır:
“Mənə müsabiqədən qabaq qulaq asmışdı. “Çox gözəl səsin var” dedi. Həqiqətən də o müsabiqələr gözəl səsləri ortaya çıxardı. Əlibaba müəllim hansı səhvi deyirdisə, hansı tövsiyəni verirdisə, məsləhətlərinə əməl edirdik”. T.Bayramov ustad xanəndənin bir neçə mahnısını ifa etdiyini deyir: “Mahnılarda yenilik edəndə “Sən yaxşı yanaşarsan”, - deyə müsbət rəyini də almışam. Mənim üçün “Azərbaycan” adlı bir mahnı yazmışdı. Əlibaba müəllim mənə və sənət dostlarıma həmişə xoş sözlərini deyirdi. Bu, biz gənclər üçün böyük dəyər idi. “Siz muğamlarımızın layiqli davamçılarısınız” deməklə çiynimizə böyük bir yük qoyurdu”.
Təranə Məhərrəmova