“Sahibsiz” qalan yaşayış binaları - PROBLEM
Bakı və Abşerondakı yeni tikililərin idarəolunmasındakı boşluqlar bu sahədə ciddi problemlərə yol açır. MTK-lar və sakinlər arasındakı qarşıdurma “sahibsiz” qalan binalar problemini aktuallaşdırır. Bəs qanunvericiliyin bununla bağlı tələbləri necədir?
Bakıda “sahibsiz” qalan yaşayış binalarının sayı artmaqdadır. Bina hazır olandan sonra təhvil verilən zaman idarəetməni həyata keçirən MTK-lar aylıq “kommunal haqqı” toplaya bilmədiklərini əsas gətirərək ondan imtina edirlər. Bir çox hallarda isə qanunvericiliyin tələbinə uyğun olaraq sakinlər öz aralarında binanın idarəolunması məsələsində razılaşa bilmirlər. Nəticədə bina “sahibsiz” qalır, problemlər isə həllini tapmır.
Sakinlər binaların idarəolunmasında iştirak etməlidir
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu sahədəki mövcud qanunvericilik effektivdir. Lazım olan ona əməl etməkdir: “Qanunvericiliyin məqsədi ondan ibarətdir ki, binanın idarəolunmasında sakinlər iştirak etsin. Amma təcrübə göstərir ki, sakinlərin binaların idarəedilməsində iştirak səviyyəsi yüksək deyil. Sakinlərin binaların idarəsində iştirakı onun üçün vacibdir ki, kommunal haqlarının müəyyənləşdirilməsi, toplanması və daha şəffaf xərclənməsini təmin edə bilsinlər. Təəssüf ki, əksər binalarda bu, müşahidə olunmur”.
Bələdiyyə idarəetməni təşkilatlardan birinə verir
Binaların idarəedilməsi məsələləri üzrə ekspert Elxan Orucov bildirdi ki, bina sahibsiz qalanda işə bələdiyyə qarışmalıdır: “Əgər bina sahibsiz qalırsa, Mənzil Məcəlləsinin tələbinə görə yerli icra orqanı, rayon bələdiyyəsi həmin məsələyə müdaxilə edir. Sakinlərlə ümumi iclas keçirir, onlara 6 ay vaxt verir. Bu müddətdə idarəetmə təşkil olunmursa, yenidən iclas keçirilir və bələdiyyə məcburi olaraq həmin binanı öz öhdəliyinə götürür. Daha sonra tender, müsabiqə elan edir. Müsabiqədən sonra idarəetməni idarəedici təşkilatlardan birinə verir”.
Bina sakinlərə sağlam vəziyyətdə təhvil verilməlidir
Ekspertin sözlərinə görə, bəzən günah MTK-larda olur: “MTK binanı sakinlərə verir, onlar idarə sistemi yaradır, real xərcləri hesabladıqda görürlər ki, binada maliyyə böhranı var. Ona görə idarə edə bilmirlər. Amma binanın infrastrukturu sağlam, texniki qurğuları yaxşı vəziyyətdə sakinlərə təhvil verilərsə, ola bilməz ki, sakinlər onu idarə edə bilməsin. Texniki qurğular sıradan çıxır, binanın infrastrukturu bərbad vəziyyətə düşür, MTK çıxıb gedir və ortada məsul bir şəxs olmur. Sakinlərdən dağılmış infrastrukturun qurulması üçün çox ciddi vəsait tələb olunur. İnsanların da bunu etməyə imkanı çatmır. Bu da vətəndaşın narazılığına gətirib çıxarır”.
MTK-lar sakinlərə maneə yaradır
E.Orucov qeyd etdi ki, müəyyən hallarda bu məsələlərə müvafiq qurumların müdaxiləsinə ehtiyac yaranır: “Bəzən sakinlər cəmiyyət yaratmaq istəyir, amma MTK mane olur, icazə vermir. Ədliyyə Nazirliyinin Qeydiyyat, Notariat baş idarəsi məsələyə nəzarət etməlidir ki, ixtisaslaşmış istehlak kooperativləri formalaşsın. Qanunda düzəlişlər etməyə ehtiyac var”.
MMMC-lərin 50 faizi fəaliyyət göstərmir
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dedi ki, vətəndaşlar idarəetmə strukturu yaratsa da, çoxu fəaliyyət göstərmir: “Binada yaşayan sakinlər idarəetmə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) qurmalıdırlar. Bunun üçün İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinə müraciət etməlidirlər. Orada nizamnamə hazırlanıb, təsdiqlənir. Ədliyyə Nazirliyinə göndərilir və qeydiyyata alınırlar. Yığılan kommunal pullarla da binanı idarə edirlər. MMMC ictimai birlik tipli qurumdur və vergidən azaddır. Bakı və Abşeronda 2000-dən artıq çoxmənzilli yaşayış binası var. Amma qeydiyyatdan keçmiş MMMC-lərin sayı təqribən 250-300-dür. Onların da demək olar ki, 50 faizi fəaliyyət göstərmir”.
Bir mənzil üçün 200 manat kommunal pulu
E.Fərzəliyev bildirdi ki, Bakı və Abşeron üzrə aylıq kommunal pullar əraziyə, binaya, evin kvadratına görə 20 qəpikdən 2 manata qədər dəyişir. Bəzi binalarda vətəndaş 100 kvadrat mənzilə 200 manat ödəyir.
Ekspertin fikrincə, bəzən sakinlər MMMC-ni qururlar, amma idarəetmədə çətinlik çəkirlər: “Bununla bağlı bir mərkəz də yoxdur ki, təlimlər keçsin, məsləhətlər versin. Binaları idarəedən şirkətlər də var. Vətəndaşlar belə vəziyyətdə onlara da müraciət edə bilərlər”.
Yığılan pullar yalnız bugünkü xərcləri ödəyir
E.Fərzəliyevin sözlərinə görə, binalardan yığılan pullar yalnız onun bugünkü xərclərini - liftin, işığın, qazın, suyun pulu, zibillərin atılması, işçilərin maaşını ödəyə bilir: “Binalar vaxt keçdikcə istismar müddətini bitirir, problemlər yaranır, xərclər artır. Xarab olan hər şeyə görə də sakinlərdən yenidən pul yığılır. MMMC-lər yığdıqları puldan büdcə formalaşdırmalıdırlar ki, gələcəkdə baş verə biləcək xərcləri qarşılaya bilsinlər. Bu sahə hansısa rəsmi dövlət qurumunun nəzarətinə keçməlidir. Çünki ümumi idarəetmə qurumu yaranarsa, büdcəyə çox pul yığıldıqca, xərclər də azalacaq. İndi hər bina özü üçün usta briqadası, 2-3 xadimə saxlayır və az maaş verir. Bu işçilərin yüksək əməkhaqqı müqabilində bir yox, bir neçə binaya baxması daha effektlidir”.
Şəhərin görünüşünə də mənfi təsir edir
Ekspert qeyd etdi ki, bu cür sahibsiz binalar şəhərin görünüşünə də mənfi təsir edir: “Şəhərdə xeyli yenitikilmiş bina var ki, 10-15 il əvvəl tikilib. İndi xarici görünüşü bərbad vəziyyətdədir. Fasadı, dam örtüyü, liftləri, həyəti baxımsızdır. Bu problemlər indi həllini tapmasa, bir neçə ildən sonra bunun üçün külli miqdarda pullar lazım olacaq”.
Zərif Salmanlı