bazar, 04 Dekabr, 08:36

Baku Bakı 4°C

Rusiya qazı Avropanı parçalayacaq? - TƏHLİL

icon 571 icon 16 aprel 2022 | 09:45 Rusiya qazı Avropanı parçalayacaq? - TƏHLİL

Qərbin Rusiya qazından asılılığı hələ bir neçə il davam edə bilər. Hətta 2027-ci ili göstərənlər də var. Rusiya da çətinliklərdən qurtulmaq üçün hər cür addımlar atmaqdadır. Avropada özünə müttəfiqlər axtarır, maliyyə ayırır, seçkilərə müdaxilə belə edir. 

Ukraynada müharibəyə başlamaqla Rusiya ümid edirdi ki, beynəlxalq birliyin reaksiyası əvvəlki tək, yəni sərt bəyanatlar, müəyyən sanksiyaların təkrar tətbiqindən uzağa getməyəcək. Lakin Kremlin gözləntiləri özünü doğrultmadı. Qərb dünyası ən sərt formada reaksiya verməkdədir və artıq Avropa İttifaqı sayca altıncı sanksiya paketini tətbiq edib. Bu ilin ilk üç ayı ərzində Rusiyadan kapital axını 64 milyard dollara yüksəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm cəmi 17 milyard dollar idi. Növbəti hədəf də enerji daşıyıcılarının alışına qoyulan qadağa ola bilər. Düzdür, bu sahədə bir sıra problemlər olsa da, Qərb dünyası  alternativ yollar arayır.

Macarıstan və Serbiyanın vədi 

Məsələ ondadır ki, Qərbin Rusiya qazından asılılığı hələ bir neçə il davam edə bilər. Hətta 2027-ci ili göstərənlər də var. Rusiya da yaşadığı çətinliklərdən qurtulmaq üçün hər cür addımlar atmaqdadır. Buna nail olacağı çətin görünsə də, ümidsizliyə qapılmır. Avropada özünə müttəfiqlər axtarır, maliyyə ayırır, seçkilərə müdaxilə belə edir. Məsələn, Kreml Rusiyaya qarşı sanksiyaların qəbulunda əvəzsiz rol oynayan Fransada hazırkı prezident Emmanuel Makronun məğlub olması üçün çalışsa da, istəyinə nail ola bilmir. Makronun əsas rəqibi Marin Le Penin qalib olması üçün əlindən gələni edib, milyonlar sərf edir. Burada ümidi ikinci tura qalsa da, digər Avropa ölkələri Macarıstan və Serbiyada uğur qazanmağa müvəffəq olub. Hər iki ölkədə qalib gələn lider Rusiya qazını rublla alacağını vəd edib. Bu iki faktdan da Rusiya maksimum dərəcədə yararlanmağa çalışır. Bütün rus mediası, hakimiyyətin siyasətini dəstəkləyən ekspertlər bu faktları öz təbliğatlarında istifadə edir, rus qazı olmadan Avropanın problemlərlə üzləşəcəyinə, parçalanacağına ümid edirlər. 

Orban necə dəstək alıb? 

Avropa İttifaqı Moskvanın rublla ödəniş tələbinə qarşı birləşmək niyyətində olsa da, onun bu niyyətini Macarıstan alt-üst edib. Qərbin nüfuzlu “EUreporter” nəşri xatırladır ki, Macarıstanın xarici işlər naziri Peter Szijyarto bir müddət əvvəl "Qazprom"un bölmələri ilə Macarıstanın MVM dövlət şirkəti arasında bağlanmış ikitərəfli müqaviləyə istinad edərək, Aİ-nin Rusiya qazının tədarükü ilə bağlı sazişdə iştirak etmədiyini bildirib. Macarıstan xüsusi əməliyyata cavab olaraq Moskvaya qarşı enerji sanksiyalarından imtina edən bir neçə Aİ üzvü olan dövlətlərdən biridir. Hökuməti on ildən artıqdır ki, Moskva ilə işgüzar əlaqələr saxlayan Orban ardıcıl dördüncü dəfə baş nazir seçilib. O, Macarıstan vətəndaşlarına qaz təchizatının təhlükəsizliyini təmin edəcəyinə söz verərək dəstək qazanıb.

Putinin tələbi çaşqınlıq yaradıb

Yeri gəlmişkən, Vladimir Putinin “qaza görə ödəniş rublla olacaq” tələbi bir çox Avropa paytaxtlarında çaşqınlıq yaradıb.  Qaza olan tələbatının üçdə birinin Rusiya tərəfindən ödənildiyi ölkələrin hökumətləri hazırda öz enerji şirkətləri ilə bu məsələni müzakirə edir. Slovakiya addımlarını Aİ ilə əlaqələndirəcəyini açıqlayıb. Polşanın əsas qaz şirkəti olan PGNiG israr edir ki, "Qazprom" ilə ilin sonunda başa çatacaq müqavilə hər iki tərəf üçün məcburidir. Avstriyanın OMV və Rusiyanın “Qazprom” şirkəti qazın rublla ödənilməsini nəzərdə tutan müqavilə imzalayıb. Lakin Vyanada hesablaşmalar üçün dollar və avrodan başqa valyutanın olmadığını bildiriblər. Ukraynanın xarici işlər naziri Rusiyaya qarşı qaz və neft embarqosunda israrlıdır, lakin Avropa İttifaqı bu variantı nəzərdən keçirməyə tələsmir. Eyni zamanda, Aİ Rusiyanın kömür və digər mallarına qadağa qoymağa hazırlaşır. Avropalı alıcılar Aİ-nin Rusiya idxalına qadağa qoyması və qaz tədarükünün qıtlığı fonunda dünyanın hər yerindən kömür daşımalarını artırırlar.

Litva ilk ölkə oldu ki... 

O ki qaldı Serbiyaya, Vladimir Putin və onun serb həmkarı Aleksandr Vuçiç iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Serbiyanın Rusiya qazına dair müqaviləsi mayın 31-də başa çatır. Vuçiç administrasiyası yeni müqavilə ilə bağlı danışıqların ən qısa zamanda başlayacağını bildirib.


“Qazprom”un üçüncü ən böyük alıcısı olan Latviya enerji daşıyıcısının pulunu rublla ödəməyəcəyini bildirib. Latviya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ölkənin rublla ödənişləri dəstəkləmədiyini bildirərək, vahid ümumavropa yanaşmasının zəruriliyini qeyd edib. Litva daxili istehlak üçün Rusiya qazını idxal etməyəcəyini bəyan edən ilk Avropa ölkəsi olub. 

Azərbaycan və Mərkəzi Asiyanın rolu artacaq

Bəs Avropanı qazla daha kim təmin edir? Aİ ölkələrinin Rusiyadan sonra əsas qaz tədarükçüsü Norveçdir. Lakin həcmi Rusiyadan iki dəfə azdır - təxminən 30%.  Sonra Əlcəzair - 10-15%, Liviya və Qətər - hər biri 5-10% həcmlə gəlir. Bəs hansı Avropa ölkəsi Rusiyadan qaz alır? Bura Bosniya və Herseqovina, Şimali Makedoniya, Moldova, Finlandiya, Latviya, Serbiya, Estoniya, Bolqarıstan daxildir. Hər birinin payı 70-100 faizdir. Daha sonra Slovakiya, Xorvatiya, Çexiya, Avstriya gəlir. Onların isə payı 60-70 faizdir. Sloveniya, Macarıstan, Polşa, Litva, İtaliya, Almaniya və Yunanıstan isə daxili tələbatın 40-50 faiz həcmində qaz alır. Fransa 25, Hollandiya və Rumıniya isə 10 faizlə sonuncu yerdə qərarlaşıb.

Bütün bunlardan bu nəticəyə gəlmək olar ki, Rusiya yaxın vaxtlarda Ukraynada başlatdığı müharibəyə son qoymasa vəziyyəti kritik həddə çatacaq. Düzdür, asılılıq qalsa da, Qərb nəyin bahasına olursa-olsun buna son qoymağın yollarını tapacaq. Belə vəziyyətdə isə Azərbaycan və Mərkəzi Asiyanın rolu artacaq. Qardaş Türkiyə isə enerji habına çevriləcək. Alternativ kəmər kimi isə Transxəzər boru xətti layihəsi, artıq mövcud olan TANAP və TAP-ın rolu artacaq.

Azər NURİYEV