Respublika Uşaq Kitabxanası “Ailə Festivalı”nda iştirak edib
15 may tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ailə Festivalı” keçirilib. Azərbaycanın bütün bölgələrindən, eləcə də qardaş Türkiyədən ailələrin iştirak etdiyi festival Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib.
Komitə sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, bütün ailələri salamlayıb və “Beynəlxalq Ailə Günü” münasibətilə onları təbrik edib. Komitə sədri bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın milli dəyərlərini müasir demokratik dəyərlərlə vəhdətdə götürərək dövlət ailə siyasətini müəyyənləşdirib. Bu gün dövlətin, ictimai sferanın, o cümlədən mədəniyyətimizin, tariximizin əldə etdiyi nailiyyətlər bütün gəncliyimizin sərvətidir və gələcək nəsillərə çatdırılacaqdır. Qardaş Türkiyədən də ailələrin festivalda iştirak etdiyini diqqətə çatdıran B.Muradova Azərbaycan-Türkiyə qardaşlıq münasibətindən, türk dünyası ölkələrinin birlik və bərabərliyin sarsılmaz olduğunu vurğuladı.
Tədbirin davamında “Heydər Əliyev – 100 il”, “Azəbaycan-doğma diyar”, “Yaradaq öyrənək”, “Yaşıl dünya”, “Mütaliə edək”, “Milli irs” və “Yaradıcı əllər” adlı guşələrdə uşaqlar üçün təşkil edilmiş maraqlı və maarifləndirici oyunlar, xüsusi əyləncə proqramları təşkil edilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə təşkil olunmuş “Mütaliə edək” guşəsində ailələrin öz marağına uyğun, asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradılıb. Belə ki, guşədə uşaqlar üşün feys art, interaktiv oyunlar, oxu və mütaliə saatları, bilik yarışları və s təşkil edilib.Həmçinin ənənəvi kitab sərgisi təqdim edilib. “Mickey's House” uşaq bağçasının körpə fidanlarının təqdimatında dünya xalqlarının nağıl personajları iştirakçılar tərəfindən müsbət qarşılanıb.Respublika Uşaq Kitabxanasının təşkil etdiyi digər nağıl qəhrəmanlarını ifadə edən animatorların əyləncəli kompozisiyaları ailələrin diqqətini cəlb edib.
“Ailə Festivalı”nın keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsidir.