• cümə axşamı, 18 aprel, 05:45
  • Baku Bakı 15°C

Quru sərhədləri açmamaq üçün səbəb qalıb?

18.06.22 06:00 1655
Quru sərhədləri açmamaq üçün səbəb qalıb?

Ekspertlərin fikrincə, quru sərhədlərin açılması tibbi və epidemioloji baxımdan hər hansı təhlükə kəsb etmir. Sərhədlərin bağlı qalması əhaliyə müəyyən problemlər yaradır. Bununla bağlı vətəndaş müraciətləri çoxdur. Quru sərhədlərin açılması çox böyük sosial sifariş, çağırışdır.

Virusa yoluxma sayı minimuma düşdükcə, karantin rejimi ilə bağlı da yumşaldılmaya gedildi. Nazirlər Kabineti yanında Operativ Qərargah mərhələ-mərhələ pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətləri aradan qaldırsa da, quru sərhədlər hələ də bağlı olaraq qalır. Artıq bir müddətdir ki, hər ayın sonu quru sərhədlərin açılacağı gözlənilsə də, o şad xəbər gəlmir ki, gəlmir. May ayında qeyd olundu ki, quru sərhədlərin açılması müzakirə olunur. Bu xəbərlərdən sonra gözlənilirdi ki, iyunun 1-dən artıq açılacaq. Ancaq bu müddət iyulun 1-nə qədər uzadıldı. Bəs bundan sonra necə olacaq? Quru sərhədlərin bağlı saxlanması üçün əsas varmı?

“Hər hansı təhlükə kəsb etmir”

İnfeksionist Mərdan Əliyev bildirdi ki, hazırda quru sərhədlərin açılması tibbi və epidemioloji baxımdan hər hansı təhlükə kəsb etmir: “Bütün dünyada pandemiya ilə bağlı vəziyyət stabil olaraq qalır. Çin, Tayvan kimi bəzi ölkələrdə vəziyyət bir az fərqlidir. Orda əhalinin virusa qarşı kollektiv immuniteti yaranmadığı üçün yoluxma sayında müəyyən artımlar müşahidə edilə bilir. Amma bizdə və qonşu ölkələrdə vəziyyət stabildir. Quru sərhədlərin açılması, əsasən qonşu ölkələrlə gəliş-gedişin olması deməkdir. Qonşu ölkələrdə də vəziyyət stabil olduğu üçün quru sərhədlərin açılması tibbi baxımdan təhlükəli hesab oluna bilməz. Nəzərə alaq ki, bütün dünya ilə təyyarə ilə gediş-gəlişimiz var. Təyyarə yolunun açılması daha təhlükəlidir, nəinki quru sərhədlərin. Quru sərhədlər qonşulardır, onlarda vəziyyət stabildir. Deməli, quru sərhədləri aça bilərik”.

“Bağlı saxlamaq üçün ciddi arqumentlər yoxdur”

Millət vəkili Fazil Mustafa deyir ki, hazırda quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur: “Bu məsələyə Operativ Qərargah baxır. Hər halda araşdırma aparırlar. Elə həssas məsələdir ki, bununla bağlı qərarın əsaslandırması olmalıdır. Ümid edirəm ki, yaxın zamanlarda quru sərhədləri açarlar. Çünki bu, həqiqətən də, əhaliyə müəyyən problemlər yaradılması deməkdir. Vətəndaş müraciətləri çoxdur. Xüsusilə, Gürcüstan, Rusiya, İrana gedənlər problem yaşayırlar. Pandemiya təhlükəsi ortadan qalxıbsa, bu istiqamətdə hökumət düşünüb müəyyən addım atmalıdır. Quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur. Fikrimcə, quru sərhədləri açmaq lazımdır”.

“Əziyyəti də aztəminatlı ailələr çəkir”

“Yeni çağ” media qrupunun rəhbəri Aqil Ələsgər bildirdi ki, quru sərhədlərin bağlı saxlanması əhaliyə əziyyətdir: “Minlərlə vətəndaşımız var ki, quru sərhədlər vasitəsilə Gürcüstan, Türkiyə, İran, Rusiyaya gedib-gəlirdilər. Quru sərhədləri bağlı saxlamaq bu insanlara əziyyətdir. Gəzmək üçün gedib-gələnləri demirəm. Xəstəlik, təhsil, iş və s. üçün gedənlər var. Bu insanlar məcburən baha qiymətə təyyarəyə bilet alıb getməlidirlər. Quru sərhədlərdən aztəminatlı ailələr istifadə edirdilər. Təyyarə biletləri çox baha olduğu üçün əsas əziyyəti də aztəminatlı ailələr çəkir”. A.Ələsgərin sözlərinə görə, quru sərhədlərin bağlı saxlanması Naxçıvan reyslərinin yüklənməsinə gətirib çıxarır: “Naxçıvana reyslər çoxalıb. Normalda gündə 4 reys idi, indi 10 reyslə çatdıra bilmədiklərini deyirlər. Çünki hamı Naxçıvana gedir, oradan Türkiyəyə quru sərhəd açıqdır”.

“Vaksin, test tələbi olsun, amma açılsın”

A.Ələsgər deyir ki, nəzarəti təmin etməklə quru sərhədlərin açılmasına getmək olar: “Deyirlər ki, quru sərhədlər açılarsa, yoluxma sayı artacaq. Amma hazırda Azərbaycana hava yolları ilə Afrika ölkələrindən də adamlar gəlib-gedirlər. Belə olan halda, qonşu ölkələrlə quru sərhədlər niyə bağlanmalıdır? Əgər nümunə olaraq Avropanı götürürüksə, orada bütün sərhədlər açıqdır. Pandemiya ilə bağlı vaksin, test belə tələb etmirlər. Hava yolları ilə gələn yoluxmanı artırmır, quru sərhədlə gedib-gələn artırır? Quru sərhədlə gediş-gəlişdə də vaksin, test tələbi olsun, amma açılsın. Nə vaxta qədər uzadılacaq? Hər ay deyilir ki, bu ayın sonu, gələn ayın əvvəli quru sərhədlər açılır. Amma heç bir xəbər yoxdur”.

“Sərhəddə yaşayanlar gəlirini itirib”

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, quru sərhəd mövzusuna təkcə iqtisadi və turizm aspektindən baxmaq doğru deyil: “Çox böyük sosial mahiyyəti var. Azərbaycanın geoiqtisadi xəritəsinə baxsanız, görərsiniz ki, sərhəd bölgələrində həyat tərzi -  iqtisadiyyatın strukturu ciddi dəyişib. Məsələn, kənd təsərrüfatı sərhəd bölgələrində kiçilib, demək olar ki, yoxa çıxıb. Bu ərazilərdə, əsasən, xırda ticarət genişlənib. Xüsusilə gömrük-keçid məntəqələrinin olmasına görə, onlar bu istiqamətdə fəaliyyətlərə yönəliblər. Yerli əhalinin dolanışığı burdan formalaşmağa başlayıb. Son 2 ildən artıq bir müddətdə quru sərhədlərin bağlı olması həmin insanların gəlir mənbələrini itirməsinə gətirib çıxarıb.

Nəinki sərhəd bölgələri, Bakı, Sumqayıt daxil respublikanın müxtəlif bölgələrindən belə insanlar qonşu ölkələrə səhiyyə xidmətləri, məişət əşyalarının, hansısa məhsulların alınması məqsədilə İrana üz tuturdular. Yaxud avtomobil hissələri və bu kimi istehlak məqsədli alış-veriş üçün Gürcüstana gedənlər çox idi. Yəni insanlar daha aşağı qiymətə daha keyfiyyətli mal və xidmətlərə çıxış əldə edirdilər. Bu imkanlar tamamilə əldən çıxıb”.

Hava nəqliyyatı da bahadır

R.Həsənov qeyd etdi ki, quru sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır: “Turizm cəhətdən yanaşsaq, bu, həm Azərbaycana gələnlər, həm də ölkədən gedənlər aspektindən ciddi problemdir. Bu gün yalnız hava nəqliyyatının qalması, xüsusilə Azərbaycan kimi ölkədə əhalinin həyat tərzinə, məişətinə kifayət qədər ciddi problem yaradır. Çünki hava nəqliyyatı Azərbaycanda onsuz da yerli vətəndaşların seçimləri sırasında olmayan bir nəqliyyat növüdür. Çünki qiymətləri bahadır. Əhali bahalı xidmətlər təklif edən hava nəqliyyatı ilə sərnişindaşıma sistemi ilə üz-üzə qalıb, üstəlik, bütün alternativlər bağlanıb. Yalnız bu seçim verilib. Bu şəraitdə vəziyyətdən daha da sui-istifadə olunur, qiymətlər əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Quru sərhədlərin açılması çox böyük sosial sifariş, sosial çağırışdır”.

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər