• çərşənbə, 04 Dekabr, 17:03
  • Baku Bakı 10°C

Qurban Yetirmişli: Türkiyədəki yeraltı təkanların təsiri 9 ballıq zəlzələyə bərabər olub

13.02.23 22:45 753
Qurban Yetirmişli: Türkiyədəki yeraltı təkanların təsiri 9 ballıq zəlzələyə bərabər olub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi nəinki ölkə daxilində, respublika sərhədlərində, o cümlədən hüdudlarımızdan kənarda baş verən xarici zəlzələləri də qeydə alır. Azərbaycanda olduğu kimi, Türkiyə ərazisində də xırda təkanlar həmişə qeydə alınıb. Fevralın 6-da Türkiyədə baş verən zəlzələnin belə dağıdıcı olmasının müxtəlif səbəbləri var. Birinci səbəb Ərəbistan və Şərqi Anadolu plitələrinin sıxılmasıdır. İkinci səbəb zəlzələnin hansı dərinlikdə qeydə alınmasıdır. Zəlzələlərdən sonra 2700-dən çox afterşok qeydə alınıb. Türkiyədə baş verən zəlzələlərdə dərinlik müxtəlifdir və 5 kilometrdən 20 kilometrə qədər dəyişir. Bunlar səthi zəlzələlərdir. Yeraltı təkanların baş verdiyi dərinlik az olanda dağıdıcı gücü episentrdə böyük, əhatə dairəsi isə az olur. Zəlzələ dərində baş verəndə isə səthdə o qədər təsiri olmur, əhatə dairəsi isə geniş olur. Türkiyədə yeraltı təkanların qeydə alındığı dərinlik az olduğuna görə 7.7 və 7.6 ballıq zəlzələ olsa da, təsiri 9 ballıq zəlzələyə bərabər olub. Zəlzələnin belə böyük faciəyə səbəb olmasının bir səbəbi də binaların düzgün və keyfiyyətli materiallardan tikilməməsidir. Çünki bəzi binalar tamamilə dağılsa da, ətrafında zədələnən, lakin dağılmayan binalar da var.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.

Seysmologiya elmində qısamüddətli, ortamüddətli və uzunmüddətli proqnozların olduğunu bildirən baş direktor qeyd edib: “Qısamüddətli proqnozlar bir neçə saatdan bir neçə günə kimi olan müddəti əhatə edir. Lakin proqnozların verilməsi qeyri-mümkündür. Saniyələr ərzində baş verən zəlzələnin vaxtını, yerini və gücünü təyin etmək mümkün deyil. Ortamüddətli proqnozlar bir neçə aydan bir neçə ilə kimi olan müddəti əhatə edir. Uzunmüddətli proqnozlar isə onilliklər, 50, yüz, beş yüz ildən bir təkrarlanan zəlzələlər haqqında proqnozdur. Həmin proqnozlar təcrübəyə əsasən verilir”.

Son vaxtlar isə bəzi “ekspertlər”in Azərbaycanda güclü zəlzələnin olacağı barədə proqnozlar verdiyini deyən Q.Yetirmişli bütün deyilənləri şayiə adlandırıb. Bildirib ki, həmin proqnozlar qardaş ölkədəki zəlzələnin dəhşətindən sarsılmış əhalini təşvişə salmaq məqsədi daşıyır: “Bu gecə Azərbaycanda 40-a yaxın yeraltı təkan qeydə alınsa da, maqnitudası o qədər kiçik olub ki, heç biri hiss edilməyib: “Hazırda ölkədə seysmiklik fon səviyyəsindədir. Bir tərəfdən enerji boşalmaları gedir, bir yandan da ayrı-ayrı blokların hərəkəti nəticəsində belə xırda təkanların qeydə alınması ilə litosfer “nəfəs alır”. (Azərtac)

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu dövlətlərdə hiss edilib. Ciddi dağıntılara səbəb olan dağıdıcı zəlzələlərdən sonra həlak olanların sayı 31 mini ötüb.

banner

Oxşar Xəbərlər