• çərşənbə, 04 Dekabr, 03:52
  • Baku Bakı 6°C

Nüvə enerjisi növbəti hədəf kimi 

23.11.24 05:00 950
Nüvə enerjisi növbəti hədəf kimi 

AES-in ilkin tikinti xərcləri təxminən 5-6 milyard dollar arasında dəyişir. Lakin 40-60 il ərzində stabil gəlir mənbəyi kimi fəaliyyət göstərir və ildə təxminən 450-700 milyon dollar gəlir gətirir.

Son illər dünyada nüvə enerjisinə maraq artır. Azərbaycan da nüvə enerjisindən istifadə edən ölkələr siyahısına daxil ola bilər. Belə ki, ölkəmiz öz gələcəyi üçün enerji həlləri sırasına yeni bir seçim kimi nüvə enerjisini də əlavə etməyi düşünür. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib ki, beynəlxalq təşkilat olaraq məqsəd nüvə enerjisinə üz tutmağı hədəfləyən ölkələrin bu prosesi təhlükəsiz və problemsiz şəkildə həyata keçirməsini təmin etməkdir: "Bəzi ölkələrdə yeni layihələr var və COP zamanı “Yeni nüvə” dediyimiz məsələlər, xüsusilə də kiçik modul reaktorlar haqqında çoxlu maraqlı görüşlər keçirildi. Bu reaktorlar bu günlərdə hər kəsin diqqətini çəkən innovativ inkişafdır".

Dünyada 440 nüvə reaktoru var

Ümumdünya Nüvə Assosiasiyasının hesabatına görə, bu gün dünyanın 30-dan çox ölkəsində təxminən 440 nüvə reaktoru var. Sözügedən reaktorlar qlobal elektrik enerjisi ehtiyacının 10 faizini ödəyir. Hazırda 12 ölkədə ümumilikdə 56 nüvə reaktoru tikilir. Həmin reaktorlardan 11-i 2027-ci ildə, 7-si 2028-ci ildə, 3-ü isə 2029-cu ildə elektrik enerjisi istehsal etməyə başlayacaq. Beş reaktor 2030-cu ildə elektrik şəbəkəsinə qoşulacaq. 2024-2030-cu illər arasında istifadəyə veriləcək 56 reaktorun ümumi quraşdırılmış gücü 62 min 300 meqavat olaraq hesablanır.

Bəs, görəsən, Azərbaycanda nüvə enerjisi istehsalının perspektivi varmı? Bu, nə dərəcədə realdır? Ölkəmiz üçün hansı dividendlər və risklər qazandıra bilər?

Daha az xammal tələb edir

Kimya elmləri doktoru, professor Adil Qəribov deyir ki, Azərbaycanda nüvə energetikasının inkişafı üçün bir sıra perspektivlər mövcuddur: “Ölkəmiz regionda zəngin enerji resurslarına malik olsa da, nüvə energetikasının inkişafı enerji müxtəlifliyini təmin edə bilər. Nüvə energetikası karbon emissiyalarının azaldılması və uzunmüddətli enerji təhlükəsizliyi baxımından da vacib hesab olunur. COP28-in qərarına görə, yaxın 10 il müddətində nüvə enerjisi istifadəsinin güc potensialının 3-4 dəfə artırılması nəzərdə tutulur. Bununla bağlı böyük texnoloji proseslərin aparılması tələb olunur. Bu proseslərdən bizim ölkəmiz də heç vaxt kənarda qalmayıb. Hələ 2014-cü ildə cənab Prezident tərəfindən Milli Nüvə Tədqiqatlar Mərkəzi yaradılıb. Həmin Mərkəzlə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında sıx əməkdaşlıq mövcuddur”.

A.Qəribovun fikrincə, atom elektrik stansiyalarının (AES) tikintisi və istismarı çox xərc tələb etsə də, uzunmüddətli istismar dövründə iqtisadi səmərə yaradır: “Neft və qazla müqayisədə nüvə enerjisi daha az xammal tələb edir və sabit istehsal qiymətinə malikdir. Bu da onu uzunmüddətli iqtisadi inkişaf üçün cazibədar edir. Nüvə stansiyalarının istifadəyə verilməsi daxili tələbatı təmin etməyə kömək edərək, ixrac üçün daha çox qaz və neft ehtiyatı saxlamağa imkan yarada bilər. Məsələn, 1200 MVt-lıq AES ildə təxminən 9-10 milyard kilovatsaat enerji istehsal edə bilər. Bu göstərici Azərbaycan üçün daxili enerji tələbatının əhəmiyyətli bir hissəsini ödəməyə kifayət edər və qaz ixracını artırmağa imkan yaradar. 1200 MVt gücündə AES il ərzində təxminən 5-6 milyon ton karbon qazı emissiyasının qarşısını ala bilər. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə də uyğun gəlir”.

İldə 700 milyon dollar gəlir

Ekspert bildirir ki, AES-in ilkin tikinti xərcləri təxminən 5-6 milyard dollar arasında dəyişir: “Bu, stansiyanın texnologiya növündən, yer seçimi və infrastruktur ehtiyaclarından asılıdır. Tikinti müddəti orta hesabla 7-8 il çəkir. Bu istiqamətdə tələb olunan investisiyalar təxminən beş ildən sonra özünü doğrulda bilər. Rentabellik nöqtəsinə çatdıqdan sonra AES 40-60 il ərzində stabil gəlir mənbəyi kimi fəaliyyət göstərir və ildə təxminən 450-700 milyon dollar gəlir gətirir”.

Nüvə “yaşıl enerji”dir?

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, hələ uzun illər nüvə enerjisi inkişaf edən ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında prioritet olaraq qalacaq: “Buna görə də Azərbaycanda nüvə enerjisinin istehsal olunması ölkənin həm enerji təhlükəsizliyi, həm qeyri-neft sektoru, eyni zamanda dayanıqlı iqtisadi göstəricilərin təmin olunması baxımından önəmlidir. Sadəcə bir faktı deyim ki, 2022-ci ilin əvvəlinə qədər Almaniya nüvə enerjisini zərərli, yaşıl olmayan enerji kateqoriyasına aid edirdi. Amma Rusiya və Ukrayna arasında münaqişə başlayandan sonra Almaniya tərəfi rəsmən bəyan etdi ki, nüvə enerjisi “yaşıl enerji”dir. Ona görə də Azərbaycan kimi ölkə də bu enerjini istehsal edə bilərsə, təbii ki, müsbət haldır. Amma söhbət o istehsaldan gedir ki, həmin istehsalın arxasında ən son model innovativ yanaşmalar tətbiq olunsun, digər yan təsirlər olmasın”.

Risklər nəzərə alınmalıdır

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirir ki, nüvə enerjisi aşağı karbon texnologiyalarına aid enerji növüdür. Amma AES-lərdə radioaktiv maddələr istifadə edildiyi üçün ilk növbədə risklər nəzərə alınmalıdır: “Bu mənada COP29 Sədrliyi və BAEA-nın birgə təşkilatçılığı ilə keçirilən "Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri çərçivəsində tərəflər arasında imzalanmış Memorandum enerji keçidi ilə bağlı qarşıdakı illərdə ölkədə enerji sisteminin şaxələndirilməsi istiqamətində atılan addımdır. İmzalanmış Memorandumun əsas məqsədi nüvə enerjisinin dinc məqsədlər üçün inkişafı üzrə birgə tədqiqatlar və layihələr həyata keçirməkdir. Təbii ki, AES-lərdə radioaktiv maddələr istifadə edildiyi üçün ilk növbədə risklər, əhalinin sağlamlığı, ətraf mühitin şəffaflığı nəzərə alınmalıdır”.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər