• şənbə, 03 May, 23:00
  • Baku Bakı 16°C

Qəzalı binaların sökülməsi niyə ləngiyir?

03.05.25 01:31 215
Qəzalı binaların sökülməsi niyə ləngiyir?

Bakıda qəzalı binaların sökülməsi məqsədi ilə 2025-ci ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulub. Köhnə və qəzalı binaların sökülməsinin ləngliyini ekspertlər həm maliyyə, həm də sərt qaydalarla əsaslandırırlar. 

Hökumət qəzalı vəziyyətdə olan binaların son statistikasını açıqlayıb. Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapan məlumata görə, Bakı şəhəri üzrə 187 ünvanda yerləşən 6,1 min mənzil, Sumqayıt şəhəri üzrə 21 ünvanda yerləşən 464 mənzil və Gəncə şəhəri üzrə 11 ünvanda yerləşən 708 mənzil olmaqla, ümumilikdə qəzalı binalara dair 219 ünvan üzrə 7,3 min mənzillə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmiş siyahılar təhlil edilib və məsələnin həlli üzrə aidiyyəti dövlət orqanlarının iştirakı ilə İşçi qrup yaradılıb. Bakı şəhəri üzrə 92 ünvanda inventarizasiya işləri başa çatdırılıb, digərləri üzrə isə bu işlər müxtəlif mərhələlərdə davam etdirilir. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulub.

Bəs, görəsən, qəzalı binaların söküntüsü niyə ləngiyir?

“İşə sahibkarlar cəlb olunmalıdır”

 Millət vəkili Fazil Mustafanın sözlərinə görə, qəzalı binada yaşayan insanlar problemin həllini gözləyirlər: “Təkcə Sabunçu rayonu və Bakıxanov qəsəbəsində təqribən 209 qəzalı bina mövcuddur. Onlardan cəmi 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib. Vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib edilməyib. Qəzalı vəziyyətdə olan iki və üç mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyir. Sabah hansısa hadisə baş verəndə sonradan peşmançılığını çəkməyək deyə, indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır. Amma bu, stimullaşdırılmalıdır. Digər tərəfdən, hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1300 manat verirlər. Üçotaqlı mənzildə yaşayan vətəndaş alacağı pulla gedib ev ala bilmir. Çünki ona verilən məbləğ 80-100 min manatdır, amma bazarda real qiymət 200 min manatdır”.

Tikinti şirkətlərinə güzəşt

Daşınmaz əmlak məsələləri üzrə eksperti Elnur Fərzəliyev hesab edir ki, ölkə ərazisində olan bütün qəzalı, xüsusən də istismar müddətini başa vurmuş binalarla bağlı monitorinq aparılmalıdır: “Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət şöbəsi onun qəzalı olub-olmadığını yoxlamalıdır. Qəzalı binalar mümkün qədər qısa vaxtda sökülməli və yaxud söküləcəyi günə qədər həmin binalarda təmir-bərpa işləri aparılmalıdır. Təbii ki, qısa müddətdə bütün qəzalı binaların sökülməsi və yenisi ilə əvəzlənməsi qeyri-mümkündür. Belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil, əsasən özəl şirkətlər tərəfindən sökülməlidir”.

Mütəxəssis söküntü prosesinin yubanmasını müxtəlif səbəblərlə bağlayır. Onun fikrincə, özəl sektorun dəstəyi olmadan dövlət bu işin öhdəsindən gələ bilməz: “Daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinə sərf etmir. Bu baxımdan, ən yaxşısı tikinti şirkətləri üçün müəyyən güzəştlərin tətbiq olunmasıdır. Çünki bu gün tikinti şirkətlərinin qarşısında əngəllər mövcuddur. Bu əngəllər aradan qaldırılmalıdır ki, işlər yubanmasın, tikinti şirkətləri söküntüdə maraqlı olsunlar. Həmin şirkətlərə vergi güzəştləri, icazələrin alınmasında müəyyən imtiyazlar verilə bilər”.

Yaşayış fondunun 10-15 faizi yararsızdır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirir ki, artıq istismarı mümkün olmayan binaların söküntü prosesinə start verilib: “Bu istiqamətdə aidiyyəti qurumlar tərəfində müvafiq addımlar atılır. Həmin binalardakı mənzillər qiymətləndirilir, vətəndaşlara kompensasiyalar ayrılır və ya müvafiq ərazilərdə mənzillər təklif olunur. Təbii ki, mövcud problemin həllinə birdən-birə nail olmaq qeyri-mümkündür. Bununla bağlı 2025-ci ilin büdcəsindən ilkin olaraq 50 milyon manatın ayrılması nəzərdə tutulub. Bu o deməkdir ki, hökumət problemin həllində iradə ortaya qoyub və prosesin davamlı olacağı bildirilir”.

V.Oruc onu da vurğulayır ki, hazırda yaşayış fondunun təxminən 10-15 faizi yararsız vəziyyətdədir: “İlkin olaraq 1-2 mərtəbəli yararsız binalar söküləcək və onların yerinə yeniləri tikiləcək. Düşünürəm ki, bu situasiya ölkənin daşınmaz əmlak bazarına da müsbət təsir göstərəcək”. 

Resurslar məhduddur

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, bu, həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlar üçün mühüm məsələdir: “Çünki son yüz ildə Bakıda inşa olunan yaşayış fondu köhnəlib. Həmin binalar kütləvi şəkildə yenilənməlidir. Amma nə hökumətin, nə də özəl sektorun 16 minə yaxın köhnəlmiş yaşayış fondunu bərpa etməyə resursu yoxdur. Məsələn, paytaxtın birinci mikrorayonunda sakinlər uzun illərdir ki, təhlükəli binalarda yaşayırlar. Nazirlər Kabineti hələ 2017-ci ildə sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq qərar verib. Qərarın verilməsindən səkkiz il keçməsinə baxmayaraq, ərazidə heç bir iş görülməyib. Halbuki orada cəmi 40 bina, 1800-ə yaxın mənzil var. Bu işin həyata keçirilməsi üçün azı 50 il vaxt lazımdır. Hazırda dövlət üçün əsas prioritet 30 il işğal altında qalmış Qarabağın yenidən qurulmasıdır”.
Ekspert işlərin yubanmasının əsas səbəblərindən birini inşaat normativlərinin sərtləşdirilməsində görür: “Bu məsələ tikinti şirkətlərinin üzərinə düşür. Amma 2018-ci ildən sonra inşaat normativləri dəyişib. İnşaat həcmi iki dəfə azalıb. İnşaat şirkətlərinə çoxmənzilli binanı sökərək yeni yaşayış kompleksi tikmək sərf etmir. Ölkədə yüzə yaxın tikinti şirkəti var. Onlardan cəmi 3-5-nin maliyyə imkanları mövcuddur. Tikinti şirkətləri son beş ilə yaxındır ki, sərəncamlar əldə edə bilmirlər. Resursları məhduddur. Bu baxımdan tikinti şirkətlərinin inkişafı üçün müvafiq şərait yaratmaq lazımdır. Bizdə tam əksi baş verir. İnşaat normativləri o qədər sərtləşib ki, tikinti şirkətləri işləyə bilmirlər ".

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər