Hər il eyni kəmərdə niyə qəza baş verir?

Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası və istifadəyə verilməsi o qədər də uzaq keçmiş deyil. Lakin iki il ərzində ardıcıl olaraq baş verən qəzalar yüz minlərlə insanı günlərlə susuz qoyur.
İki ildir ardıcıl olaraq Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzalar nəticəsində Bakı şəhərinin yüz minlərlə sakini günlərlə susuz qalır. Bu il 16 iyun tarixində baş verən son qəzanın nəticələri dörd gün sonra aradan qaldırıldı. Sakinlərin su ilə təminatı bərpa edildi. Nəzərə alaq ki, sözügedən su kəmərinin inşası və istifadəyə verilməsi o qədər də uzaq keçmiş deyil. Maraqlıdır, niyə Oğuz-Qəbələ-Bakı su kəmərində bu qədər tez zamanda ikinci problem yarandı? Bu qəzalar nədən qaynaqlanır? Belə qəza risklərinin minimuma endirilməsi üçün nə etmək olar?
Korroziyaya dayanıqlı, lakin həssas borular
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hər iki qəzanın səbəbi istifadə olunan materialdır: “Oğuz-Qəbələ-Bakı magistral su kəməri şüşə lifli (GRP) borularla inşa olunub. Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslıq xarakteri daşıyır. Bu səbəbdən bəzi hallarda istismar zamanı təsirlər və ya hidravlik gərginliklər nəticəsində lokal qəzalar baş verə bilər. Bundan əvvəlki qəzanın da səbəbi məhz bu idi”.
“Aydınlaşmayan məqamlar mövcuddur”
Texnika üzrə fəlsəfə doktoru Aqşin Kərimov bildirdi ki, su kəmərində istifadə olunan material standartlara cavab versə də, aydınlaşmayan məqamlar mövcuddur: “Deyirlər ki, kəmər korroziyaya uğramaması üçün şüşə borularla çəkilib. Material olaraq su kəməri üçün tam uyğundur. Dünya standartlarında da bu borularla çəkilməsi nəzərdə tutulub. Lakin həmin borularla çəkilib-çəkilmədiyi müəmmalıdır, göstərilmir. Qəza nəyə görə hər il baş verir, bu da bilinmir. Sadəcə, “qəza olub” deyilir”.
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə, heç bir halda qəzalardan tam sığortalanmaq mümkün deyil. Torpaqda baş verən hərəkətlərdən də təsirlənib, qəza ola bilər: “Hər il qəza baş verirsə, bəlkə də iş görülən zaman keyfiyyətə fikir verilməyib. Haradasa boşluq yaranıb ki, yüksək təzyiqlə gələn su qəzalara səbəb olur. Amma bu kəmər köhnə deyil. Yeni istifadəyə verilib”.
“Kəmərdə suyun təzyiqi yüksəkdir”
Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovun sözlərinə görə, suyun miqdarını azaldaraq qəzalardan sığortalana bilərik: “Qurumdan verilən açıqlamalarda da bildirildi ki, suyun keyfiyyətini saxlamaq məqsədilə boruların tikintisi zamanı şüşə lifli materiallardan istifadə olunub. Qəzaların tez-tez baş verməsinin səbəbi də məhz budur. Çünki şüşə lifli materiallar daha dözümsüzdür. Amma biz bu kəməri yenidən dəyişmək gücündə də deyilik. Kəmərdə istifadə olunan materiallar hava temperaturuna olduqca dayanıqlıdır. Bu da imkan verir ki, ilin bütün fəsillərində bu kəmərdən istifadə olunsun. Sadəcə, boruda suyun təzyiqini mümkün olan qədər azaltmaq lazımdır ki, qəzaların baş vermə riski azaldılsın. Bu kəmərdə su qravitasiya, yəni öz axını ilə axır. Bu baxımdan təzyiqin azaldılması problem yaratmamalıdır”.
R.Abbasovun fikrincə, Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə alternativlər yaradaraq ona düşən yükü bir qədər azalda bilərik: “Tez-tez monitorinqlər keçirilməlidir ki, qəza baş verə biləcək yerlər müəyyən olunsun, öncədən müvafiq tədbirlər görülə bilinsin. Dayanıqlılığı təmin etmək üçün bu su kəmərinə əlavə mənbələrdən də sular qoşmaq olar. Lakin bunun üçün texniki dəyişikliklər edilməlidir. Həmin ərazidə xeyli sayda yerüstü su mənbələri mövcuddur. Məsələn, Mingəçevir su anbarından motor vasitəsilə su çəkilə bilər. Yaxud Qanıx çayından yönləndirmə ola bilər. Su anbarları yaradılmalı, oraya su ehtiyatı toplanılmalıdır. Belə olarsa, Bakının bütün ərazilərini su ilə təmin edə biləcəyik”.
“Hər il qəza baş verirsə...”
İdarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimli də düşünür ki, monitorinqlər mütləqdir: “Hər hansı bir infrastrukturun qorunması üçün onun planlı şəkildə texniki qulluğu aparılmalıdır. Su xətti çəkiləndən sonra baxımsız qalacaqsa, bu zaman qəzalar da tez-tez baş verəcək. Kəmərin hər bir metrinə görə konkret plan olmalıdır ki, texniki qulluq necə aparılsın. Bu kəmərlə əhali su ilə təmin olunur. Nəzarət olmalıdır ki, həm suyun, həm də xidmətin keyfiyyəti artırılsın. Hər il qəza baş verirsə, səbəbi dərindən araşdırılmalıdır. Yoxsa “partladı, düzəltdik” yanaşması olmamalıdır. Baxılmalıdır ki, problem borudadırmı? Bəlkə texniki işlər zamanı ardıcıllığa düzgün riayət olunmayıb? Yaxud texniki qulluq gecikdirilir? Bunların araşdırılması üçün komissiya yaradılmalıdır”.
Ekspertin fikrincə, hər il bu qədər suyun israf olunması ölkəmiz üçün təhlükəlidir: “Su balansı yaradılmalıdır. Yeraltı, yerüstü suların planı olmalıdır. Hər hansı bir xətdə problem olduqda, alternativlər işə salınmalıdır. Belə olmadığı halda bu kimi problemlərlə su ehtiyatlarımız azalır. Boşa axan hər litr su gələcəyimizi təhlükə altına alır”.
Zərif Salmanlı
