Qiymətə və avadanlığa bağlı sürət
İnsanlar daha az pul verməklə yüksək internetdən istifadə etmək istəyirlər. Mütəxəssislər isə bildirir ki, hazırda belə bir şey mümkün deyil. Yalnız gələcəkdə istifadəçi sayı çoxalarsa, topdan satış qiymətləri aşağı düşərsə, internetin qiyməti də aşağı düşə bilər.
Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində internet provayderləri ilə görüş keçirilib. Görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər və haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb. İstehlakçılardan Dövlət Xidmətinə daxil olan müraciətlər əsasən internetin sürətinin zəif olması, internet xidmətlərinin göstərilməsindən imtina edilməsi, istehlakçılardan əlavə ödənişlərin tutulması, ödənilən vəsaitin qaytarılmaması və digər məsələlərlə bağlı şikayətlər daxil olub. Tədbirdə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xidmətdən əsassız imtina hallarına yol verilməməsi, xidmət haqqında istehlakçılara düzgün və dolğun məlumat verilməsi, istehlakçı müraciətlərinin araşdırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Provayderlərin də bildirdiyi kimi, insanların əsas şikayət etdiyi məsələlərdən biri internetin sürəti və qiyməti ilə bağlıdır. Vətəndaşlar daha az ödəniş edərək, yüksək sürətli internet əldə etmək istəyirlər. Bəs əslində belə bir şey mümkündür? Provayderlərin vətəndaşların istəklərini həyata keçirə bilməsi üçün nə lazımdır?
Provayderlərin avadanlıqları köhnədir
İT mütəxəssisi Rəşad Əliyev “Kaspi”yə açıqlamasında dedi ki, provayderlərin yüksək sürət verə bilməməsinin birinci səbəbi aldıqları internetlə, ikincisi isə avadanlıqla əlaqədardır: “Provayderlərin interneti təqdim etmək üçün olan avadanlıqları çox köhnədir. Hansı ki, 10-15 il öncə istehsal olunub və artıq istehsalatdan çıxıb. Provayder onu ucuz başa gəldiyi və istifadəçiyə müəyyən interneti verdiyinə görə istifadə edir. Provayderlərdə olan 100 Mb-lik avadanlıqdırsa, indi hazırda 10-100 Gb-lik şəbəkələr var. Xaricdə internetin üzərindən həm televiziya kanalları, həmçinin də telefon xətti verilir. Bizdə isə yalnız internet, ya da maksimum internetlə televiziya kanalları verilir. Üçü bir yerdə olan kompleks həll yoxdur. Hansı ki, rabitənin hamısını bir yerdən aldıqda, müxtəlif yerlərə ödəniş lazım olmur”.
R.Əliyev bildirdi ki, ölkəmizdə internetin sürəti zəif deyil: “Azərbaycana Tb-ə yaxın internet gəlir. Bu da 1000 Gb deməkdir. Sadəcə, provayderlər bunu istifadəçilərə çatdıra bilmir. İndiyə qədər də bir çox insan köhnəlmiş texnologiyadan istifadə edir. 100 Mb internet çəkmək yalnız yeni tikililərdə mümkündür. Əhalinin daha seyrək yaşadığı yerlərdə, kəndlərdə bu problemlər yaşanır”.
“Dövlətin provayderlərə müdaxilə etməsi düzgün deyil”
İT mütəxəssisinin sözlərinə görə, dövlətin provayderlərə müdaxilə etməsi düzgün deyil: “Problemlər hamısı yeni avadanlığın alınmasına dirənir. Bu da provayderə müəyyən məbləğə gəlib çıxır. Bu məbləği əldə etmək üçün provayder enerji dövriyyəsini artırmalıdır. Beləliklə yeni avadanlıqların gətirilməsi məsələsi həll olunar. Dövlətin bu sahədə nəsə etməsi mümkün deyil. Çünki bu, monopoliyaya gətirib çıxarar”.
“Azərbaycanda internet qiymətləri o qədər də baha deyil”
İT mütəxəssisi Fərid Kazımovun fikrincə, internetin vətəndaşlara təklif olunan qiyməti topdansatış qiymətləri, vergilər, xərclər və provayderin gözlədiyi gəlirin cəmi əsasında formalaşır: “Digər ölkələrlə müqayisədə Azərbaycanda qiymətlər o qədər də baha deyil. Əsas problem internetin sürətinin aşağı olmasıdır. İnternet hazırda iki protokolla verilir. Biri geniş zolaqlı, digəri telefon rabitə xətti üzərindən verilən internetdir. Telefon xətti üzərindən internet əsasən regionlara verilir. Onun sürəti aşağıdır. Geniş zolaqlı internetdən isə əsasən Bakıda istifadə olunur və sürəti yüksəkdir”.
Telefon rabitə xətləri geniş zolaqlı internetlə əvəzlənir
Ekspert dedi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırda geniş zolaqlı internetin bütün ölkə ərazisində verilməsi üçün işlər aparır: “Bu işlər təxminən keçən ilin sonu, bu ilin əvvəlindən başlanıb. Hətta Abşeron yarımadasında bütün kəndlərə geniş zolaqlı internetin dayaq nöqtələri yerləşdirilib. Bu proses regionlarda da baş verir. Regionlarda da telefon rabitə xətti əvəzinə geniş zolaqlı internet şəbəkələri çəkilir. Amma geniş zolaqlı internetə keçmək o demək deyil ki, biz çox yüksək sürətli internetdən istifadə edəcəyik. Nəzərə almaq lazımdır ki, insanların əksəriyyəti evlərində ruter qoyaraq Wi-Fi xidmətindən istifadə edirlər. Ruterlərin isə çoxu köhnə standartlara cavab verir. Onların trafiki keçmə məhdudiyyəti var. Ona görə də ruterlərin müasir olanlarından istifadə etmək lazımdır. Evə yüksək sürətli internet gəlsə də, ruter köhnə protokola uyğundursa, yenə də müəyyən məhdudiyyətlər yaranacaq”.
Çoxmənzilli binalarda hər kəs evinə internet çəkdirir
F.Kazımov bildirdi ki, yaxşı olar ki, insanlar naqillər vasitəsilə internetə qoşulsunlar: “Əgər 10 il əvvəl insanlar evdə Wi-Fi-dan çox az istifadə edirdisə, indi çoxmənzilli binalarda hər kəs evinə internet çəkdirir. Amma şəbəkələrin sayı artdıqca müəyyən problemlər yaranır. Mənzillərdə divarlar internetə maneçilik yarada bilər. Məsləhət görürəm ki, “Smart TV”, kompüter, noutbuku şəbəkəli internetə qoşsunlar. Yəni ruterdən, Wi-Fi -dan əlavə olaraq şəbəkə çəkilir, kompüterə, televizora onunla qoşulurlar. Bu naqillər vasitəsilə daha sürətli internet təmin oluna bilir”.
Ucuz qiymətə yüksək sürətli internet mümkün deyil
Mütəxəssisin sözlərinə görə, ucuz qiymətə yüksək sürətli internet mümkün deyil: “2020-2021-ci ilin qlobal internet sürəti reytinqlərinə görə Azərbaycanın internet şəbəkəsində sürət digər ölkələrdən aşağı idi. Ancaq geniş zolaqlı internet olarsa, sürət artacaq. İnsanların az pul verib, sürətli internet arzulamaları düzgün deyil. Çünki normal bir xidmət istəyiriksə, müqabilində müəyyən maliyyə ödəməliyik. Hər bir xidmətin maya dəyəri, başqa xərclər var. Ona görə çox ucuz qiymətə təmin olunması mümkün deyil. Amma texnologiyanın qiyməti ucuzlaşır. Məsələn, 10 il əvvəl yüksək sürətli internet üçün çox pul verirdik. Amma indi 18-20 manat civarında normal sürətli, ev üçün məqbul sayılan, cihazları qoşa biləcəyiniz sürətli internet verilir. Gələcəkdə istifadəçi sayı çoxalarsa, topdan satış qiymətləri aşağı düşərsə, internetin qiyməti də aşağı düşə bilər”.
Zərif Salmanlı