• bazar ertəsi, 02 dekabr, 00:07
  • Baku Bakı 8°C

Qərblə Ermənistanın qaranlıq izdivacı - TƏHLİL

27.07.24 04:37 3148
Qərblə Ermənistanın qaranlıq izdivacı - TƏHLİL

Ermənistan Avropa Sülh Fondunun xətti ilə Qərbdən silah yardımı almağa başlayır. Bu fondun missiyasının sülhdən çox hərb olacağı aydındır. Ermənistana ötürüləcək silah-sursatın maliyyə əməliyyatları bu və bunun kimi qurumlar vasitəsilə “yuyulacaq”.

Ermənistanın kollektiv Qərblə flirti özünün həlledici məqamına qədəm qoyur. Son bir neçə ay ərzində baş verənlər prosesin məntiqi sonluğa - rəsmi izdivaca doğru irəlilədiyini göstərir. Ancaq İrəvanda yeganə xilas yolu kimi qəbul edilən bu geosiyasi dönüş hər iki tərəf üçün narahat dövrə təsadüf edir. Qərbin Ukrayna cəbhəsindəki uğursuzluqları, ABŞ və Fransanın Ermənistanda hərbi plasdarm yaratmaq cəhdlərinin Rusiya tərəfindən cavabsız qoyulmayacağı ehtimalları, Vaşinqtonda demokratların gözlənilən məğlubiyyəti və Ağ evə yenidən Trampın yiyələnəcəyinə dair proqnozların reallığa bənzəməsi bu yolun hamar olmayacağına ciddi işarədir.

Yırtılmış maskalar

2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistana yerləşən Avropanın pərdələnmiş “müşahidə missiyası”nın gerçək mahiyyəti artıq heç kimdə sual doğurmur. Bu heyətin heç bir müşahidə məqsədinin olmadığını biz ilk gündən bilirdik. Məqsədin Ermənistanın yaxın perspektivdə silahlandırılması, gələcəkdə isə Rusiyanın hərbi-siyasi təsirindən çıxarılması olduğu su kimi aydındır. Bu əməkdaşlığın yazılmayan sazişində Azərbaycana qarşı revanş aksiyalarının nəzərdə tutulub-tutulmadığını demək bir qədər çətindir. Ancaq erməni xalqının xisləti, siyasi isteblişmentinin mahiyyəti və ümummilli səviyyədə özgəninkinə göz dikmək xüsusiyyətindən çıxış edərək, bu ehtimalın istisna edilmədiyini deyə bilərik.

Hələlik bu izdivacın hərbi konturları gündən-günə daha aşkar büruzə verilir. Fransa Ermənistana “müdafiə xarakterli” silahlar göndərir, sonra Parisdə tərəflər arasında silah alışı ilə bağlı müqavilə imzalanır və elə oradaca məlum olur ki, fransızlar ermənilərə özüyeriyən artilleriya sistemləri satmaq niyyətindədirlər. Bu tərəfdən isə Ermənistan ərazisində ABŞ hərbçiləri ilə birgə təlimlər keçirilir və ötən həftə məlum olur ki, bu ölkənin Müdafiə Nazirliyində daimi əsasla bir (şübhə yoxdur ki, birdən çox - müəll.) amerikalı hərbçi olacaq. 

Sülh Fondu, yoxsa silahlandırma mexanizmi? 

Ötən həftə o da məlum oldu ki, Ermənistanda Avropa Sülh Fondunun proqramı start götürür. Bu fondun missiyasının sülhdən çox hərb olacağı aydındır. Qərb dünyanın çox yerində humanist adlar altında gizlətdiyi qurumlar vasitəsilə hərbi məqsədlərinə çatıb. Artıq indidən deyə bilərik ki, Ermənistana ötürüləcək silah-sursatın maliyyə əməliyyatları bu və bunun kimi qurumlar vasitəsilə “yuyulacaq”. Başqa sözlə, bu, Ermənistanın silahlandırılması üçün bir maliyyələşmə proqramıdır. İrəvan birbaşa heç kimdən silah ala bilmir. Paşinyanın özünün də dediyi kimi, bir çox silah ixracatçısı olan dövlətlər Azərbaycanla xoş münasibətlərini Ermənistana silah satmaq naminə güdaza vermək niyyətində deyillər. Üstəlik, Ermənistanın fərdi qaydada silahlanması üçün tələb olunan maliyyə resursları da yoxdur. Hətta olsa belə, silahlanma yarışında Azərbaycanla rəqabət aparacaq gücdə deyil. Odur ki, əlac qalır belə müəmmalı mexanizmlərin sınaqdan çıxarıldığı fondlara. 

Paşinyan saydığını saysın...

İrəvanda böyük ümidlərin bəsləndiyi plan olduqca mürəkkəb dövrə təsadüf edir. Əvvəla, Rusiyanın nə vaxtadək Qərbin “sürünən intervensiya”sına səssiz qalacağı və ya ümumiyyətlə, səssiz qalacağı böyük sual doğurur. Rusiya hərbi bazasının yerləşdiyi ərazidə amerikalı və fransız hərbçilərinin “at oynatmaları” nə qədər davam edəcək, heç kimə məlum deyil. Moskvanın Ermənistandakı hərbi mövcudluğu müqavilə və sazişin bəndlərində əks olunmuş zamanla tənzimlənir. Bu zamanın isə tezliklə bitməyəcəyi dəqiqdir. Hadisələr və prioritetlər o qədər sürətlə dəyişilir ki, müqavilədə göstərilən zamanın bitməsinədək indikindən köklü şəkildə fərqlənən reallıq yarana bilər. Gürcüstan gözümüzün önündədir. Vaxtilə Qərbin regiondakı siyasi-hərbi bastionu olan Tbilisi nə Rusiyaya qarşı ikinci cəbhəni açmağa, nə də Ukraynanın tərəfini tutmağa razılıq verdi. Risk çox böyükdür. 

İkincisi, Ukrayna cəbhəsində əldən düşmüş Avropanın iqtisadi qüdrəti sarsılmış vəziyyətdədir. İndi Avropada Fransa istisna olunmaqla ikinci bir dövləti tapmaq çox çətindir ki, Ermənistana silah versin. Rusiya ilə Ukrayna qarşıdurması “qoca qitə” üçün çox baha başa gəlir. Üfüqdə onun Moskva ilə təkbaşına qalma perspektivləri də görünür. Hakimiyyətə Tramp gəlsə, nəinki Ukrayna cəbhəsində həmrəylik, NATO-nin maliyyələşməsi belə ciddi şübhə altına alınacaq. İlk hakimiyyəti dövründə Tramp bu istiqamətdə ciddi addımlar atmışdı. 11 sentyabr hadisələrinin terror olmadığını açıqca bəyan edən birinin ABŞ prezidenti olduğu təqdirdə, NATO-nu maliyyələşdirməkdən boyun qaçırdığı halda Ermənistana silah peşkəş edəcəyi nə qədər ağlabatandır?

Ermənilərin “liberallaşma” xəyalı

Qərbin Avropanın simasında Ermənistanla daha bir əməkdaşlıq cəbhəsi viza rejimini liberallaşdırma istiqamətində cərəyan edir. Bu proses ilk baxışda İrəvanla siyasi birlik və həmrəylik jesti olsa da, Ermənistana iqtisadi durumundan tutmuş genefondunadək şiddətli zərbədir. Tarixən miqrasiyaya meylli olan, böyük hissəsi ölkədə deyil, onun hüdudlarından kənarda yaşayan erməni xalqına bundan böyük pisliyi necə düşünmək olar? 2023-cü ilin payızında könüllü şəkildə Ermənistana köçmüş Qarabağ ermənilərinin nəzərəçarpacaq hissəsi artıq üçüncü dövlətlərə üz tutub və ya ilk imkandaca aradan çıxmağı hədəfləyib. İndi təsəvvür edin ki, viza rejimi sadələşdi: ermənilər belə bir tarixi imkanı əldən verərlərmi? 

Ortaya belə bir sual da çıxır: bəs Ermənistanda kim qalacaq? Eyforiyada olan Ermənistan hakimiyyətini bu sualın cavabı çətin maraqlandıra. Eyni siyasəti Avropa Baltikyanı dövlətlər və Gürcüstanla da həyata keçirib. Nəticə göz önündədir: yüzminlərlə insan iqtisadi rifah dalınca Avropaya üz tutub və geri dönməyib.  

Qərbin Ermənistan eşqinin nə ilə bitəcəyini proqnozlaşdırmaq asan deyil. ABŞ-də Tramp hakimiyyətə gəlir, Fransada Makron olan-qalan nüfuzunu şəxsi kapriz və ambisiyalarına qurban verir, Britaniyada hakimiyyətə gələn leyboristlər kəmərləri bərk bağlayıb krallığı qarşılaşdığı iqtisadi tənəzzüldən qurtarmağın yollarını arayırlar, Almaniya Ukrayna bataqlığında yarımcan vəziyyətdədir. Ukraynanın xarici işlər naziri Çinə səfəri ərzində Pekinin təklif etdiyi vasitəçiliyə faktiki razı olmaqla Rusiya ilə müharibəni dayandırmağın ismarıclarını verir. Hərbi əməliyyatlar dayanarsa və Moskva Ukrayna cəbhəsinə yönəltdiyi diqqətin 3-5 faizini Ermənistana tərəf çevirərsə, nələrin baş verəcəyini kim proqnozlaşdıra bilər? Moskva ilə üz-üzə qalan Qərb azmı ölkə və xalqı tapdaq altında qoyub? Bir xalq misalında deyildiyi kimi, “meymun suda boğulanda, balasını ayağının altına alır”. Meymun kimdir, balası kim, - bəllidir. Qalır suyun səviyyəsinin qalxması...

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər