çərşənbə, 06 Iyul, 23:43

Baku Bakı 26°C

Palaz-palaz yazıları oxuyan varmı?

icon 1796 icon 06 iyun 2013 | 09:39 Palaz-palaz yazıları oxuyan varmı?

Bir çox Azərbaycan qəzetlərini vərəqləyəndə, saytlara nəzər salanda ucu-bucağı görünməyən, el dilində desək “palaz boyda” yazılara rast gəlirik. Bəzən bu materialların başlığı, mövzusu adamı cəlb edir, amma heç ağlına da gətirmirsən ki, bu yazını oxuya bilərsən. Adi bir misal çəkək. Bəzən facebookda bir istifadəçinin hansısa mövzu ilə bağlı yazdığı 2-3 cümləlik statusu qəzetin bir səhifəsini tutan palaz yazının verdiyi effektdən daha güclü olur. Media ekspertləri bu barədə nə düşünür? Müasir oxucunun tələbatı əsasən hansı həcmdə olan yazılaradır? Müasir qəzetçilik nəyi diktə edir?
“30 il əvvəl 1 səhifəlik yazı vermək olardı”
Yeni media üzrə ekspert Elnur Baimov bizimlə söhbətində bildirdi ki, qəzet və internet portallarındakı materialların həcmi böyük olmamalıdır: “Çünki müasir oxucunun onu oxumağa birincisi, vaxtı, ikincisi, marağı da yoxdur. Yalnız bəzi mövzularda olan yazıları, məsələn ölkə prezidentlərinin çıxışlarını tam vermək olar. Məsələn, Türkiyə, yaxud Azərbaycan prezidentinin çıxışı oxucu üçün maraqlıdır. Amma hər hansı müəllif uzun-uzadı bir məqalə yazırsa, bu, artıq heç kimə maraqlı deyil”.
E.Baimovun fikrincə, oxucuya qısa və konkret mesaj göndərmək lazımdır: “Müəllif də bilməlidir ki, qısa yazanda onun mesajı oxucuya çatacaq, amma uzun mətni heç kim oxumayacaq. Çünki müasir insanın zamanı yoxdur. Düşünürəm ki, qəzetlərdə artıq araşdırma və reportajlar belə bir səhifə olmamalıdır. 30 il bundan əvvəl bir səhifəlik materiallar vermək olardı, indi yox. Azərbaycan əhalisinin 66 faizi gənclərdən ibarətdir. Gənclər də heç vaxt uzun məqaləni oxumurlar. Bunu həm də oxucu kimi deyirəm”.
Sayt hamıya ünvanlanıbsa...
Media eksperti Zeynal Məmmədli bildirdi ki, böyük həcmli yazılar adətən jurnal yazıları sayılır: “Multimedianın verdiyi imkanlardan sonra böyük həcmli yazıların saytlarda, qəzetlərdə verilməsi uduzmaq deməkdir. Multimedianın davranış tərzi, oxucu psixologiyası qəzetlərə də təsir edir. Ənənəvi qəzetlərdə belə iri həcmli materiallar məqbul sayılmır. Hədəf auditoriyası üçün böyük həcmli yazılar eksklüziv, ixtisaslaşmış saytlarda, qəzetlərdə ola bilər. Hamıya ünvanlanan saytlarda iri həcmli yazılar verməyin mənası yoxdur”.
Z.Məmmədlinin fikrincə, qəzetlərdə böyük həcmli yazılar verilsə belə, bunu düşünüb teleserial kimi qısa hissələrlə qəzetin növbəti saylarında vermək daha doğru olardı: “Ümumiyyətlə, qəzetlərdə böyük həcmli yazıların verilməsi Sovet dövrünə xas xüsusiyyətdir. İnkişaf etmiş ölkələrin mətbuatına nəzər salsaq, orada ixtisaslaşmış qəzetləri çıxmaq şərtilə iri həcmli yazılara rast gəlməzsiniz. Qəzet bir anlıq təmas üçündür. Xaricdəki qəzetlər çoxsəhifəli olduğundan iri həcmli yazılar verilsə belə, həmin yazılar içərilərdə basdırılır, oxucu da marağında olan yazını saxlayır ki, boş vaxtlarına oxuyar”.
Hansı yazılar böyük həcmdə ola bilər?
Z.Məmmədli bildirdi ki, inkişaf etmiş ölkələrdə yazının oxunma dərəcəsini və s. məsələləri marketoloqlar sosioloji sorğularla izləyə bilirlər: “Düzdür, yavaş-yavaş yazılarda qısalma gedir, amma təəssüflər olsun ki, bu, yavaş-yavaş gedir və bütün qəzetlərə şamil etmək olmaz. Bir məsələ də var ki, yazının həcmi qısaldıqca, dizayn çətinliyi ortaya çıxır. Bizim qəzetlərdə dizaynla bağlı çox ciddi problemlər var”.
Z.Məmmədlinin fikrincə, qəzetlərdə, saytlarda jurnalist araşdırmalarını böyük həcmdə vermək olar: “Jurnalist araşdırmaları kəskin süjetli, detektiv film kimidir, insanları özünə çəkir. Amma bu yazılar belə, bir nömrədə deyil, avtonom hissələrlə bir neçə nömrədə getməlidir. Bir də günün, həftənin vacib olayını yarımbaşlıqlarla böyük həcmdə vermək olar. Çünki oxucu olayla bağlı kiçik bir yarımbaşlıqda verilən məlumatı oxuyandan sonra ikinci yarımbaşlıqdakı məlumatı oxumaq istəyir”.
Media ekspertinin fikrincə, iri həcmli yazı vermək çətindir: “Təkcə onu hazırlamaq baxımından yox, maraqlı təqdimat vermək baxımından çətindir. Ümumiyyətlə, iri həcmli yazının verilib verilməməsini qəzetin meneceri müəyyənləşdirməlidir. Menecer yazının nə dərəcədə vacib olduğunu nəzərə alıb onun böyük həcmdə yazılmasını məsləhət görməlidir”.
“Günah redaktordadır”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlınında fikrincə, böyük həcmli yazılar daha çox jurnallarda, kitablarda verilə bilər: “Belə yazılara qəzet, sayt oxucuları maraq göstərmirlər. Çünki bu, vaxt itkisi deməkdir. Oxucunu mövzu, başlıq çəkir, amma yazının həcminə baxıb onu oxumaqdan imtina edir. Bəzən sözçülüyə, lazımsız detallara varılır, bir-iki cümlə ilə verilə bilən fikirləri bəzən bir səhifədə ifadə edirlər”.
A.Aşırlının sözlərinə görə, buna səbəb həm də Azərbaycan qəzetçiliyində, elektron mediada redaktor institutunun zəif olmasıdır: “Yəni redaktorlar həmin yazıları redaktə edib qısalda bilərlər. Gərək baş redaktor, redaktorlar tapşırıq verəndə jurnalistə yazının miqdarının da nə qədər olacağını desin”.
Baş redaktor bildirdi ki, analitik təhlillərdə həcmə məhdudiyyət qoyulmaya bilər: “Çünki burada faktların təhlili, bir-biri ilə uyğunlaşdırılması və s aparılır. Eyni zamanda reportaj da böyük ola bilər. Reportaj daha zəngin faktların, jurnalist müşahidələrinin əsasında yazılan yazı olduğuna görə, jurnalist gördüyü detalların təsvirini verməlidir. Bu zaman da yazı istər-istəməz böyük alınır. Keçmiş Sovet jurnalistikasında olduğu kimi, reportaj bədii-publisistikaya yaxın bir janrdır”.
Lalə Musaqızı