• bazar ertəsi, 17 iyun, 17:53
  • Baku Bakı 32°C

Onun kamanı oxuyurdu - ANIM

25.05.24 02:34 2271
Onun kamanı oxuyurdu - ANIM

28 may böyük kaman ifaçısı Habil Əliyevin doğum günüdür. Sənət yoldaşları ustadı adına və sənətinə layiq hörmətlə anırlar. Deyirlər ki, Habil Əliyev kamanı ilə heç kimi təkrar etmirdi, yalnız özünü ifadə edirdi.

O, təkcə muğam və xalq mahnılarımızın mahir ifaçısı deyildi, həm də gözəl, yaddaqalan mahnıların bəstəkarı idi. Yazdığı mahnılar ən görkəmli müğənnilərimizin ifasında səslənib. 

28 may böyük kaman ifaçısı Habil Əliyevin doğum günüdür. Sənət yoldaşları ustadı adına və sənətinə layiq hörmətlə anırlar. Deyirlər ki, Habil Əliyev kamanı ilə heç kimi təkrar etmirdi, yalnız özünü ifadə edirdi. Bu ifa təkcə ölkəmizdə deyil, bütün dünyada musiqisevərlər tərəfindən böyük sevgi ilə qarşılanırdı. 

“Deyərdim ki, o, kamançamızın gerbi idi”

Xalq artisti, professor Möhlət Müslümov xatırlayır: “Habil Əliyevlə aylarla qastrollarda olmuşam. Ustadla son qastrolumuz Təbrizə olub. Məni ilk dəfə İrana konsertlərə də o aparıb. Ümumiyyətlə, gənc yaşlarımdan mənə hərtərəfli dəstək olub. Təbrizdəki son konsertində səhnəyə çıxıb “kamançama istefa verirəm, bu, axırıncı konsertimdir” dedi. Sonra “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” şeirini söylədi, hamımızı da ağlatdı. Onu İranda çox sevirdilər. Habil müəllim deyirdi ki, orada musiqiyə qulaq asmırlar, musiqini içirlər. İranda küçədə gəzərkən hamı bizə yaxınlaşırdı. Habil müəllim böyük sənətkar idi. Deyərdim ki, o, kamançamızın gerbi idi. İkinci Habil müəllim yetişməyib, hələ bir əsr də yetişməyəcək. Onun həm bəstəkarlığı, həm də yüksək ifaçılığı vardı. Habil müəllim bütün dünyaya sübut elədi ki, kamança Azərbaycan xalqına məxsusdur”. 

Tarzən Habil Əliyevlə işbirliyinin çox olduğunu deyir: “Mən Habil müəllimlə birlikdə çox ifa etmişəm. Onunla üçlük çalmışam. Habil müəllimin yubileylərində həm rəhbərlik etdiyim Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı çıxış edib, həm də Heydər Əliyev Fondu tərəfindən onun mahnılarından ibarət musiqi albomuna daxil olan disklərin buraxılışını ustad mənə həvalə etdi. Biz 6-7 gənc xanəndə ilə o diskləri hazırladıq. Mən Habil müəllimi hər gün xatırlayıram, hər gün də ona qulaq asıram. Onun lent yazıları mənə çox kömək edir”. M.Müslümov deyir ki, Habil Əliyev musiqi məktəblərində dərs deməsə də, çoxlu tələbə yetişdirib: “Dərs deməklə deyil. Hazırda nə qədər yaxşı kamançaçalan var, hamısı Habil müəllimi yamsılayır, təqlid edir. Bu, böyük məktəbdir. Sənətin yüksəkliyi budur, səni yamsılasınlar. O, özü də bunu görürdü. Rəhmətlik Ədalət Vəzirovun, Fəxrəddin Dadaşovun ifaçılığından çox xoşu gəlirdi. Biz qastrollarda məşq edən zaman gəlib məsləhətlərini verirdi”. 

Tarzən xatırlayır ki, insanlar toy şənliklərində Habil Əliyevin ifa etməsi üçün aylarla gözləyirmişlər: “Onunla çox toyda olmuşam. Onun görüşünə millət yığılırdı, hər dəfə az qala 2-3 min adam gəlirdi. Heç o toya dəvətləri olmayanlar da Habil müəllimi yaxından görmək, ona qulaq asmaq üçün gəlirdilər”. 

“Habil kimisi gəlmədi”

Xalq artisti Ağasəlim Abdullayev “Habil Əliyevlə elə qastrollarımız olub ki, iki aydan çox çəkib.  Azərbaycanda da konsertlərdə birgə çox iştirak etmişik”, - deyə ustadı xatırlayır: “İranda qastrolda olanda təkcə azərbaycanlıların deyil, elə farsların da ona möcüzəvi sənətkar kimi yanaşdığının şahidi olmuşam. Onu görmək üçün qonaq evinin qarşısına 100-200 adam yığılırdı. O vaxt Hacıbaba Hüseynov, Arif Babayev, Teymur Mustafayev də bizimlə idi. Habil Əliyevi evlərinə dəvət edirdilər. O da imkan edib hamısına gedə bilmirdi. Konsertlərdən sonra yorğun olurdu. İranın böyük xanəndəsi Şajaryanla  birlikdə konserti olurdu. O konsertlərdə bəlkə də 5 min adam iştirak edirdi”. A.Abdullayev Habil Əliyevlə və xanəndə Teymur Mustafayevlə birlikdə el şənliklərinə çox getdiyini xatırlayır: “Həmin şənliklərdə Habil müəllimə olan el sevgisinin şahidi olmuşam. Habil kamança alətinin şahıdır. Çünki ondan qabaq başqa millətlərin də kamançaçalanları vardı. Habildən sonra onların əksəriyyəti kamançanı yerə qoydu. Habil kamanı onların əlindən aldı”. A.Abdullayev deyir ki, Habil Əliyev özü də kamançaçalanlar yetişdirib, ondan sonra da kamançaçalanlar yetişib, amma onların heç birinin sənəti Habil Əliyev kimi olmayıb: “Habil yolunu gedən yoxdur. İndikilərin əlləri yaxşı işləyir, amma musiqiyə ürək lazımdır. Habilin ürəyi onlarda ola bilməz. Onun kamanı oxuyurdu. Heç xanəndə onun çalğısı kimi oxuya bilmirdi. Ondan sonra Habil kimisi gəlmədi. İndi kamançanın yolu dəyişib, muğama yaxın gəlmir, müxtəlif aranjemanlar edirlər. Amma Habil kamanı xanəndələrdən yaxşı oxudurdu...”. 

“Gəlin, sizin ifanızı yazaq!”

Xanəndə Ehtiram Hüseynov ustad sənətkarın  xoşladığı gənc ifaçılardan olduğu üçün özünü xoşbəxt sayır: “Habil müəllim bir neçə gənc xanəndəni dəvət etdi ki, onları müşayiət etsin və həmin ifalar lentə yazılsın. O gənclərdən biri də mən idim. Muğam Teatrında konsert zamanı Almaz Orucova, Babək Niftəliyev, Sevinc Sarıyeva, Əsgər Əhmədovu, tar-kamança ifaçıları Elçin və Elnur Haşımovları və məni yığdı. O vaxt hələ muğam müsabiqələri yox idi. “Mən heç vaxt heç kimə deməmişəm, gəl, sənin ifanı lentə yazım, amma sənlə Babəkə deyirəm ki, gəlin, sizin ifanızı yazaq, qoy gələcək üçün yadigar qalsın”, - söylədi. Hətta zarafatla dedi ki, bu, sizə yox, mənə lazım olacaq. Mənimlə “Segah” təsnifini,  Babək üçün də “Səmayi-Şəms” muğamını çaldı. Bu, bizim üçün böyük qürur idi. Biz onun evinə gedib-gəlirdik. O, həmçinin bizə dəyərli məsləhətlər verirdi. Bu, bizim sənətimizə Habil Əliyev tərəfindən verilən yüksək qiymət idi”.  

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər