“Odun-alovun içindən keçib torpaqlarımızı düşməndən azad etdik” - TARİX

Şanlı tariximizin yazılmasında, zəfərin əldə olunmasında əməyi, xidməti olanlardan biri də Elgün Bayramovdur. Qalib Ordunun əsgəri kimi evinə qayıdan qazimiz Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Qubadlının azad olunmasına görə”, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.
Vətən Müharibəsi Azərbaycanın zəfər tarixinin şanlı səhifəsidir. Bu səhifənin hər sətri qəhrəman əsgər, çavuş, gizir və zabitlərimizin rəşadəti, qanı, canı, şəhadəti bahasına yazılıb. 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində 44 gün davam edən müharibə nəticəsində Silahlı Qüvvələrimiz 300-dən artıq yaşayış məntəqəsini döyüşərək, qan tökərək işğaldan azad edib.
Tarixi torpaqlarımıza yenidən həyatı qaytarırıq
“Dəmir yumruğ”un zərbəsi altında beli qırılan, ordusu darmadağın olan Ermənistan kapitulyasiya aktına qol çəkərək təslim olub, 30 ilə yaxındır işğal altında saxladığı digər ərazilərimizi də tərk etmək öhdəliyi götürüb. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan İkinci Qarabağ savaşında zəfər çalıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təkbaşına təmin edib, ərazi bütövlüyünə nail olub. Şanlı tariximizin yazılmasında, zəfərin əldə olunmasında əməyi, xidməti olanlardan biri də Elgün Əliağa oğlu Bayramovdur. O, 29 iyun 1999-cu ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Xəzər rayonundakı 185 saylı orta məktəbi bitirib. Elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonundakı “N” saylı hərbi hissənin artilleriya divizionunda sürücü kimi xidmət keçib, komandanlığın əmrlərinə uyğun olaraq şəxsi heyətin və silah-sursatın aidiyyəti ərazi üzrə daşınmasını təmin edib. 2019-cu ilin yanvar ayında Silahlı Qüvvələrdən tərxis olunub. Vətən müharibəsi başlayana qədər özəl şirkətdə elektrik, transformator yığıcısı işləyib. Hazırda “Grand Agro” MMC-də - Azərbaycanın ən böyük zeytun bağlarında suvarma operatoru işləyir.
“Vətən borcunu ödəyib qayıdacağam”
Özünün söylədiyinə görə, müharibəyə səfərbərlik nəticəsində cəlb olunub: “Mənim üçün adi iş günlərindən biri idi. Amma hər bir vətəndaş kimi cəbhədən gələn xəbərləri həyəcanla dinləyir, hərbçilərimiz üçün dua edirdim. İş saatımı başa vurub axşam evə qayıdanda ata-anamı fikirli gördüm. Əvvəlcə düşündüm ki, hansısa xoşagəlməz hadisə olub. Valideynlərimlə söhbət edib nə baş verdiyini öyrənməyə çalışdım. Atam heç bir söz demədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsindən evimizə yollanan çağırış vərəqəsini mənə uzatdı. Alıb oxudum və gördüm ki, səfərbərliyə çağırılmışam. İçim rahatladı, atama üzümü tutub gülə-gülə dedim ki, “buna görə bayaqdan fikir edirsiniz? Orduda xidmət edən, səngərdə keşik çəkən, döyüşən oğullardan heç nəyim artıq deyil”. Gülüb, danışıb, söhbət edib, zarafatlaşıb eyinlərini açmağa çalışdım. Ürək-dirək verdim ki, mənə görə narahat olmasınlar, necə ki hərbi xidməti başa vurub sağ-salamat evə qayıtmışam, eləcə də indi Vətən borcunu ödəyib qayıdacağam”.
Komandanlığın çevikliyi və peşəkarlığı
Əsgər E.Bayramov 2020-ci il sentyabrın 28-də səfərbərliyə alınıb və Goranboydakı “N” saylı hərbi hissəyə gətirilib, 3-4 gün ərzində təlimlərə cəlb olunub və Füzuli cəbhəsinə göndərilib. O, Vətən Müharibəsi sona çatana qədər quru qoşunlarında atıcı əsgər kimi vəzifə borcunu yerinə yetirib. Lakin Qubadlı azad olunana qədər valideynlərinə döyüşlərdə iştirak etdiyini bildirməyib, onlara sadəcə təlimlərdə iştirak etdiyini söyləyib: “Silah-sursatla təmin olunub Ordumuzun Füzuli və Cəbrayıldakı mövqelərinə yollandıq. Əsas döyüşlərə Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunması zamanı başladıq. Qubadlı istiqamətinə yenicə irəliləyirdik ki, bir qədər əvvəlki mövqelərimiz minaatan atəşinə məruz qaldı. Minaatan mərmisi yağış kimi yağırdı. Komandanlığın çevikliyi və peşəkarlığı, şəxsi heyəti düzgün idarə etməsi sayəsində həyatımız xilas oldu. Düşmənlə üzbəüz səngərdə mövqe tutub avtomat və ya pulemyot atəşi altında savaşmaq çətin deyil. Düzgün mövqe tutur, cavab atəşi açır, məsafədən asılı olaraq əl qumbaraları ilə düşmənin atəş mövqeyini susdurur, onları geri çəkilməyə məcbur edirdik. Ən təhlükəlisi artilleriya və minaatan mərmiləridir. Başın döyüşə qatışır, mərminin harada, nə vaxt səni yaxalayacağını bilmirsən. Zərbə dalğası adamı vurub kənara atır, travma yaşadır, qəlpələr yaralayır. Beləcə odun-alovun içindən keçib torpaqlarımızı düşməndən təmizlədik”.
Şəhidlərimizin qanı, xalqımızın həmrəyliyi
E.Bayramov deyir ki, əldə etdiyimiz Qələbəyə görə bu torpağın hər qarışını öz qanları ilə yuyan şəhidlərimizə, xalqımızın həmrəyliyinə, şəxsi heyətin hər bir üzvünü öz doğma övladı kimi qoruyan, döyüşləri düzgün idarə edən komandirlərimizə borcluyuq: “44 gün ərzində hər gün döyüşlər getdiyi, yeni mövqelər əldə edildiyi üçün şəxsi heyət də eyni mövqedə dayanmır, tez-tez mövqe dəyişikliyi edirdi. Geri çəkilən düşmən öz əvvəlki mövqelərini, təchizat yollarını, dağı-dərəni minalayır, bizim irəliləməyimizin qarşısını almağa, şəxsi heyəti canlı itkiyə məruz qoymağa çalışırdı. Üstəlik, geri çəkilən düşmən əvvəlki mövqelərin koordinatlarını əzbər bildiyi üçün bizi davamlı minaatan mərmisi atəşinə məruz qoyurdu. Mühəndis istehkam bölüyünün əsgər və zabitləri yolları təmizləsə də, ən birinci komandir heyəti o yollarla hərəkət edir, ardınca bizləri aparırdı. Beləcə Qubadlının azad olunmasına qədər irəlilədik. Gecə 3-4 saatlarında rabitə əlaqəsi ilə bizə əmr verildi ki, atəşi dayandıraq. Çünki artıq düşmən geri çəkilməyə məcbur qalmış, Qubadlı işğaldan azad olunmuşdu”.
Qalib xalqın müzəffər ordusu
2021-ci il yanvar ayının 30-da Silahlı Qüvvələrdən tərxis olunaraq, qalib Ordunun əsgəri kimi evinə qayıdan qazi Elgün Bayramov Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Qubadlının azad olunmasına görə”, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.
Rufik İSMAYILOV
