Niyə səlis danışa bilmirik?
Mütəxəssislər bildirirlər ki, gözəl danışığın təməli ilk olaraq ailədə qoyulur. Sonra məktəb, bağça buna öz təsirini göstərir. Yəni ilkin faktor olduğumuz, öyrəndiyimiz mühitdəki danışığın necə olmasıdır.
“Ətrafımızda gözəl, axıcı nitqə sahib olan nə qədər adam var” sualına yəqin ki əksəriyyətimiz “çox az” cavabı verəcəyik. Bəs özümüz necə danışırıq? Bu sualın cavabından gələcəyimiz qənaət də o olacaq ki, çox adamın nitqi özünü qane etmir. Ancaq hər kəs gözəl danışmaq istəyir.
İstəkdən də əlavə, bu, bir çox iş elanlarında tələb olaraq da qarşımıza çıxır: “Aydın və səlis nitqə sahib olmalı”. İş elanında belə bir qeyd yazılmasa belə, bu, seçim zamanı fikir verilən nüans olur.
Türkiyə, Rusiya təcrübəsinə baxsaq, bu ölkələrdə yaşayan insanların uşaqlarının da nitqi gözəldir, böyüklərinin də. Bəs niyə biz məktəb, universitet dövrü keçirik, iş həyatına atılırıq, amma səlis nitqə sahib deyilik?
“Səhnəciklərlə, hərəkətlə danışırlar”
Nitq təlimçisi Cəlalə Nəzəroğlu deyir ki, uşaqların gözəl nitqə sahib olmamasına səbəb böyüklərin özündə bu bacarığın olmamasıdır: “Harada yaşamasından asılı olmayaraq, uşaqların duyma, qavrama, onu nitqində, davranışlarında göstərmək bacarıqları demək olar ki eynidir. Əqli qüsuru yoxdursa, bütün uşaqlar gördüklərini, eşitdiklərini rahat formada təqlid edə bilirlər. Azərbaycanda uşaqların yaxşı danışmamasının səbəbi gözünü açdığı, qulağının eşitdiyi mühitdir. Türklərin, rusların uşaqları ona görə gözəl danışır ki, böyüklərinin nitqi səlisdir. Eyni zamanda, uşaqlara hələ bağça yaşlarından düzgün danışmağı öyrədirlər. Səhnəciklərlə, hərəkətlə danışırlar. Yəni danışığın təməli möhkəm qoyulur”.
C.Nəzəroğlunun sözlərinə görə, evdəki mühitlə yanaşı, bağça və məktəb də uşaqların nitqinə böyük təsir göstərir: “Elə uşaq var ki, valideynlərinin nitqi gözəldir, evdə bunu öyrənir. Amma məktəbə, bağçaya gedir, müəllimi ləhcə ilə danışır, yaxud hansısa hərfi qüsurlu tələffüz edir. Təbii ki, bu da uşağın dilinə düşür. Əgər mühitdən uzaqlaşırsa, valideynləri kimi danışır. Amma o mühitdə çox qalırsa, necə deyərlər, dilinə yapışır. Nitqimizin gözəl olması üçün müəllimlərimiz də yaxşı danışmalıdır”.
Savadı var, bəs onu necə çatdıracaq?
Təlimçi bildirdi ki, nitqin gözəl olmasının iş həyatında yaratdığı fərqi bəzən insan özü də hiss etmir: “Kim olursan ol, harada, hansı vəzifəni icra edirsən et, yaxşı danışmalısan. Pinəçi, dərzi, astroloq, aktyor və s. olmağının fərqi yoxdur. Cəmiyyətdə yaşayırsan, duyğularını, düşüncələrini, reaksiyalarını ancaq danışaraq, ünsiyyət quraraq təmin edəcəksən. Əks halda səni nə görəcəklər, nə də eşidəcəklər. Məsələn, həm orta, həm ali məktəbdə yaxşı oxumuş insan iş yerində başa düşür ki, nəsə problem var. Necə olur ki, ən yaxşı layihəni mən hazırladığım halda, iş yoldaşımı alqışlayırlar, mən kənarda dururam? Çünki onlar var olan bacarıqlarını gözəl danışıqları ilə daha da cəlbedici təqdim edirlər, qabiliyyətlərini satmağı bacarırlar”.
Mütəxəssis bildirir ki, kiçik yaşlarda uşaqları idman, rəqs, rəsm kimi kurslara apardığımız kimi, onların nitqi haqqında da düşünməliyik: “Azərbaycanda valideynlər övladları üçün əlindən gələni edirlər. Onları müxtəlif kurslara yazdırırlar. Bunların hamısı yaxşıdır. Amma valideyn birinci yerə uşağın nitqini qoymalıdır. Bütün fənləri öyrənir, savadlı olur. Bəs bu savadını necə çatdıracaq? Belə nümunələr var ki, adamın təhsili yaxşıdır, xarici dil biliyi var, amma iş müsahibələrindən keçə bilmir. Çünki iş görüşündə özünü təqdim etmədə problem yaşayır”.
C.Nəzəroğlu qeyd etdi ki, uşaqlıqda bu bacarıq bizə aşılanmayıbsa, hər yaşda üzərində işləyərək, bu bacarığı özümüzdə formalaşdıra bilərik: “İnsan hər yaşda hər şeyi öyrənə bilər. Biz çox bacarıqlı varlıqlarıq. Yeni vərdişlər əldə edə bilirik. Xarici dil öyrənə biliriksə, öz doğma dilimizi təkmilləşdirmək daha rahatdır. Var olanı cilalayırıq. Hər gün mütaliə etmək, oxuduğumuzun müəyyən qismini danışmaq, nitqinə güvəndiyimiz adamları dinləyib təqlid etmək, düzgün tələffüz qaydalarını öyrənmək lazımdır”.
Anamızın dili gözəl olmalıdır
Psixoloq Gülarə Rüstəmova da bildirdi ki, uşağın danışıq təməlinin yaxşı qoyulması üçün anasının nitqi gözəl olmalıdır: “Dilin inkişafına ən önəmli faktorlardan biri anadır. “Ana dili” yanaşması boşuna yaranmayıb. Ana necə danışır? Uşaqla hansı cümlələrlə ünsiyyət qurur? Hansı kitabları oxuyur? Bunlar çox önəmlidir. 3 yaşına qədər uşaqla ünsiyyət quran anadır. Sonra bağçaya qoyulur. Oradakı tərbiyəçilərin çoxunun nitqi yaxşı deyil. Məktəbə gedəndə müəllimlərin danışığı təsir göstərir. Uşağın öyrəndiyi adamların gözəl nitqi olmalıdır ki, o da gözəl olanı görüb götürsün”.
G.Rüstəmovanın sözlərinə görə, danışıq təməlinin gözəl qoyulması üçün Azərbaycanın öz təcrübəsi olub: “Məsələn, ruslar uşaq dil açmadan onunla danışmağa başlayırlar. Bunun böyük rolu var. Əslində, bizim mədəniyyətdə də uşaqlarla elə anadan olan vaxtdan danışmaq təcrübəsi olub. Uşağa laylalar oxunub, bayatılar deyilib. Sadəcə olaraq, bu, artıq unudulub. Nə qədər ana layla bilir? Uşaq bir neçə aylıq olandan artıq valideyn onunla danışmağa başlamalıdır. Şeirlər, tapmacalar, atalar sözləri, hekayələr, qısa nağıllarla uşağın danışığı üzərində işləməlidir. Bağça, məktəb dövründə də müəllimlərin rolu önəmli olur”.
Telefon deyil, kitab alışqanlığı yaradaq
G.Rüstəmova qeyd etdi ki, uşaqların nitqinin gözəl olması üçün onlara kitab oxumağı aşılamalıyıq: “Bir çox ana 5-6 ayından sonra uşaqların başını telefonla qatmağa başlayır. Uşaqlar telefonda nə izləsələr, onu mənimsəyirlər. Təbii ki, izlədikləri bəzən öz dilində olmur, yaxud öz dilində olur, amma gözəl nitq deyil. Uşaqda telefon deyil, kitab alışqanlığı yaradılmalıdır. Ruslar uşağın kitab oxumasına çox önəm veriblər. Nəticəsi də danışıqlarında görünür. Azərbaycanda övladlarına kitab oxuyan valideyn az olur. Valideyn kitab oxumalıdır, uşaq da bunu görməli, onda həvəs, istək yaranmalıdır. Məktəbdə də müəllim uşaqlara ədəbiyyatı, kitabları sevdirməlidir ki, oxusun, dili inkişaf etsin. Oxumaq nitqi formalaşdırır”.
Aygün Asimqızı