Nağdlaşma artacaq, yoxsa şəffaflıq?
Kartdan-karta pul köçürmələrinə tətbiq olunan limitlə bağlı ciddi fikir ayrılıqları hələ də qalır. Bəziləri yeni qaydaların nağd vəsaitə yönəlmə meylini artıracağını, digərləri isə elə bir ciddi dəyişiklik yaşanmayacağını iddia edir.
Ötən aydan etibarən ölkədə bank kartları vasitəsilə həyata keçirilən kartdan-karta (C2C) pul köçürmələrinə yeni limitlərin tətbiqinə başlanılıb. Bu addım cəmiyyətdə və biznes mühitində geniş müzakirələrə səbəb olub. Bir tərəf bu qərarın əhalini yenidən nağd pul dövriyyəsinə qaytaracağını düşünsə də, digər tərəf tənzimləmənin maliyyə şəffaflığını artıracağını bildirir.
Maraqlıdır, tətbiq olunan limitlər nağdsız ödənişlərə necə təsir edir?
“Bu, sıravi vətəndaşlar üçün narahatlıq yaratmamalıdır”
Bank eksperti Emin Kərimov deyir ki, tətbiq olunan limitlər kartdan-karta əməliyyatlarından qeyri-kommersiya məqsədilə istifadə edən sıravi vətəndaşlar üçün heç bir narahatlıq yaratmamalıdır. Çünki bu qərarın əsas hədəfi C2C köçürmələrindən vergidən yayınmaq və kommersiya məqsədilə istifadə edənlərin qarşısını almaqdır: “Məhəllə marketləri, kiçik sahibkarlar, daşıma şirkətləri və ya kuryer vasitəsilə məhsul satanlar ödənişi POS-terminal əvəzinə kartdan-karta tələb edirdilər. Müştəri terminal istədikdə müxtəlif bəhanələr gətirərək ödənişi şəxsi kartlarına köçürtdürürdülər. Bu isə qeyri-qanuni əməliyyat idi. Çünki POS-terminaldan keçməyən istənilən əməliyyat, yəni şəxsi karta köçürülən bütün əməliyyatlar rəsmi dövriyyədən gizlədilir və vergidən yayınmaya səbəb olurdu. Bu baxımdan, tətbiq edilən limitləri təqdirəlayiq hesab edirəm. Çünki bu qərar birinci növbədə vergidən yayınma hallarının qarşısını alacaq, ikinci növbədə, real dövriyyələri üzə çıxararaq vergitutmanı daha şəffaf edəcək və sahibkarların dövriyyələri “ağardıqca” onların bank güzəştlərindən və dövlət dəstəyindən istifadə imkanlarını artıracaq”.
“Nağd pula tələbatı artırmayacaq”
E.Kərimov bildirir ki, sosial şəbəkələrdə bu qərarın nağdlaşdırmanı idarəolunmaz edəcəyi və bankomatlar qarşısında növbələr yaradacağı ilə bağlı müzakirələr gedir. Bu iddialar əsassızdır: “Limitlər gündəlik adət etdiyimiz qeyri-kommersiya köçürmələrinə təsir etmir. Orta statistik vətəndaşın gün ərzində etdiyi 3-5 köçürmə üçün bu limitlər tamamilə kifayətdir. Bu addım nağd pula tələbatı artırmayacaq, sadəcə kölgə iqtisadiyyatının qarşısını alaraq rəqəmsal ödənişləri daha şəffaf müstəviyə keçirəcək. Hazırda nağd pulun geniş dövriyyəyə qayıtması real görünmür. Çünki istər qlobal iqtisadiyyatda, istərsə də ölkə iqtisadiyyatında rəqəmsallaşma çox sürətlə inkişaf edir. Müasir maliyyə alətlərinin təqdim etdiyi rahatlıq insanları nağd ödənişlərdən getdikcə uzaqlaşdırır. Artıq heç kim soyuq qış günlərində və ya yay istisində bankomat qarşısında növbə gözləyib pul nağdlaşdırmaq həvəsində deyil. İnsanlar evdə oturaraq köçürmələri bir neçə saniyəyə həyata keçirə bilirlərsə, eyni zamanda “ƏDV geri al” kimi stimullaşdırıcı layihələrdən faydalanmaq istəyirlərsə, təbii ki, elektron ödənişlərə üstünlük verəcəklər. Əlbəttə, müəyyən regionlarda məsələn, POS-terminalların zəif inkişaf etdiyi kənd ərazilərində və ya elektrik enerjisinin kəsintiləri səbəbindən şəbəkənin zəif işlədiyi yerlərdə nağd pula tələbat hələ də qala bilər. Lakin bazarın ümumi tendensiyası göstərir ki, yaxın gələcəkdə nağd pula olan tələbat azalacaq”.
“Qərarın mənfi tərəfi yoxdur”
Mütəxəssis bildirir ki, ilk baxışda bu proses sadəcə bir limit tətbiqi kimi görünə bilər. Lakin dərindən təhlil etdikdə, bu qərarın arxasında böyük və müsbət iqtisadi proseslərin dayandığını görürük: “Əlbəttə, istənilən iqtisadi dəyişiklik ilk vaxtlarda cəmiyyətin bir qismi tərəfindən narazılıqla və ya neqativ qarşılana bilər. İnsanlar qərarın əsl mahiyyətini və təsir dairəsini tam dərk etmədən müxtəlif şayiələr yaya bilərlər. Lakin məsələni dərindən təhlil edənlər anlayırlar ki, bu, mütərəqqi texnologiyaları və fikirləri özündə birləşdirən bir qərardır. Qərarın ölkə iqtisadiyyatına xeyri maksimum dərəcədə çoxdur, mənfi tərəfləri isə demək olar ki, yox dərəcəsindədir”.
“Bu qrup rəqəmsal ödənişlərə uyğunlaşmaqda çətinlik çəkmir”
Bank eksperti İsmayıl Məmmədov deyir ki, davranış iqtisadiyyatındakı “status-kvo meyli” prinsipinə əsasən, insanlar vərdiş etdikləri ödəniş üsulunu dəyişməkdə çətinlik çəkirlər. Lakin C2C məhdudiyyətləri kimi tənzimləyici müdaxilələr bu meyli qırmaq üçün güclü xarici şok yaratdı: “Artıq bir dəfə rəqəmsal ödənişin rahatlığını yaşayan istehlakçı geri qayıtmır. Bunu “endowment effect” yəni əldə edilən rahatlığın itirilməsinə qarşı müqavimət gücləndirir”.
Ekspert bildirir ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 45%-i 35 yaşdan aşağıdır və smartfonla böyüyən bu qrup rəqəmsal ödənişlərə uyğunlaşmaqda çətinlik çəkmir: “Hazırda QR ödənişlər nağdsız dövriyyənin cəmi 8-10%-ini təşkil etsə də, Azərbaycan Mərkəzi Bankının vahid standart tətbiq etməsi, smartfonların yayılma səviyyəsinin 82%-ə çatması və bankların QR kampaniyaları sayəsində 2027-ci ilə qədər bu payın 18-22%-ə yüksələcəyi proqnozlaşdırılır. C2C limitləri sayəsində rəsmi dövriyyəyə keçən bizneslərin maliyyə hesabatları şəffaflaşır, bankların real dövriyyəni görməsi ilə risk qiymətləndirməsi dəqiqləşir və korporativ kredit portfelində problemli kreditlərin payı (NPL) enir”.
“İqtisadi davranışın təkamülü”
İ.Məmmədov vurğulayır ki, nağdsız ödənişlərin artması bankların likvidlik mövqeyini əsaslı şəkildə yaxşılaşdırır və pul kütləsinin bank sistemində qalma müddətini uzadır: “Əvvəllər işçi maaşını alıb dərhal bankomatdan nağdlaşdırırdısa, indi vəsait kart hesabında qalır, bank üçün rezerv və qısamüddətli kredit resursuna çevrilir. Banklarda likvidliyin artması kredit resurslarını çoxaldır və rəqabət hesabına hazırda 17-19% olan istehlak kreditləri faizlərinin 2027-ci ilə qədər 15-16%-ə enməsini reallaşdırır. Nəticədə, bu proses ölkə iqtisadiyyatı üçün multiplikativ effekt yaradır. Hətta vergi daxilolmalarındakı artımın 6-7 faiz bəndi birbaşa nağdsızlaşmanın payına düşür. C2C məhdudiyyətləri ilə başlayan bu keçid yalnız texnoloji dəyişiklik deyil, kölgə iqtisadiyyatının daralması və iqtisadi davranışın təkamülüdür”.
Aygün Əziz