• şənbə, 29 Avqust, 07:56
  • Baku Bakı 25°C

SOCAR maliyyə dayanıqlılığını gücləndirib

29.08.26 01:22 67
SOCAR maliyyə dayanıqlılığını gücləndirib

Bu göstəricilər 2025-ci ildə SOCAR-ın əməliyyat səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, maliyyə dayanıqlılığının gücləndirilməsi və uzunmüddətli inkişaf üçün biznes portfelinin genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini göstərir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik fonunda 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub. "Report" xəbər verir ki, şirkət il ərzində əməliyyat səmərəliliyini artıraraq maliyyə göstəricilərində əhəmiyyətli irəliləyişə nail olub.

Mənfəət göstəriciləri yüksəlib

2025-ci ilin maliyyə nəticələrində əsas diqqətçəkən məqam mənfəət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsidir. Gəlirlərin 1,9% artmasına baxmayaraq, ümumi mənfəətin 70,5%, əməliyyat mənfəətinin 80,1%, EBITDA-nın isə 26% yüksəlməsi gəlirlilik və əməliyyat səmərəliliyi baxımından güclü nəticələri əks etdirir.

Eyni zamanda, aktivlərin və kapitalın artması, uzunmüddətli öhdəliklərin isə azalması 2025-ci ilin nəticələrini yalnız mənfəətlilik baxımından deyil, balans göstəriciləri baxımından da fərqləndirir. Bu dinamika SOCAR-ın cari fəaliyyətini uğurla davam etdirməklə yanaşı, uzunmüddətli inkişaf və investisiya imkanlarını dəstəkləyən maliyyə bazasını qoruduğunu göstərir. Beləliklə, 2025-ci ilin nəticələri SOCAR üçün yalnız maliyyə göstəricilərində artım ili deyil, eyni zamanda əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq biznes portfelinin genişləndirilməsi ilə xarakterizə olunan dövr olub.

Gəlirlər də artıb

2025-ci ildə SOCAR-ın gəlirləri 2024-cü illə müqayisədə 1,9% artaraq 84,7 milyard manatdan 86,3 milyard manata yüksəlib. Ümumi mənfəət 70,5% artaraq 7,39 milyard manatdan 12,61 milyard manata çatıb. Gəlirlərin 1,9% artdığı dövrdə mənfəətin bu səviyyədə yüksəlməsi xərclərin optimallaşdırılması və daha səmərəli əməliyyat fəaliyyətinin maliyyə nəticələrinə müsbət təsirini əks etdirir.

Əməliyyat mənfəəti 80,1% artıb. Bu dinamika şirkətin əsas fəaliyyət istiqamətlərində əməliyyat səmərəliliyinin və gəlirliliyin yüksəlməsini əks etdirir. Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət (EBITDA) 26% artaraq 10,9 milyard manata çatıb. 

SOCAR 2025-ci ili təqribən 3 milyard manat xalis mənfəətlə başa vurub. Ümumi mənfəət, əməliyyat mənfəəti və EBITDA üzrə müşahidə olunan dinamika şirkətin maliyyə nəticələrinin yalnız gəlirlərin artması hesabına deyil, həm də biznes dayanıqlılığının gücləndirilməsi, müəssisələrin inteqrasiyalı fəaliyyəti, idarəetmənin təkmilləşdirilməsi, texniki və kommersiya əməliyyatlarının səmərəliliyinin artırılması, maliyyə resurslarının daha rentabelli idarə olunması, innovativ həllər və rəqəmsal enerji texnologiyalarının tətbiqi hesabına formalaşdığını göstərir.

Ümumi aktivlər 96,85 milyard manata yüksəlib

SOCAR-ın ümumi aktivləri 2025-ci ildə 2,3% və ya 2,15 milyard manat artaraq 96,85 milyard manata yüksəlib. Cari aktivlər 7,4% və yaxud 2,11 milyard manat artaraq 30,56 milyard manata çatıb. Şirkətin ümumi aktivləri ümumi öhdəliklərini 49,93 milyard manat üstələyib. Uzunmüddətli öhdəliklər 24,2 milyard manatdan 18,7 milyard manata enib. Təxminən 5,5 milyard manatlıq azalma şirkətin uzunmüddətli maliyyə yükünün azalmasına və maliyyə mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Cəmi kapital 2025-ci ildə 2,6% artıb. 2021-2025-ci illər ərzində isə SOCAR-ın cəmi kapitalında 2,2 dəfə artım qeydə alınıb. Aktivlərin və kapitalın artması ilə yanaşı, uzunmüddətli öhdəliklərin azalması SOCAR-ın maliyyə dayanıqlılığını dəstəkləyən əsas göstəricilər sırasındadır.

İnvestisiya fəaliyyəti də davam etdirib

2025-ci ildə SOCAR maliyyə nəticələrini yaxşılaşdırmaqla yanaşı, uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq investisiya fəaliyyətini də davam etdirib. İl ərzində şirkət enerji dəyər zəncirinin müxtəlif istiqamətlərində mövqelərini gücləndirməyə, beynəlxalq aktivlər portfelini şaxələndirməyə və yeni bazarlarda iştirakını genişləndirməyə yönəlmiş bir sıra strateji addımlar atıb.

"Bahar" və "Qum-Dəniz" yataqlarında 80% iştirak payı əldə edilməsi "SOCAR-ın ölkə daxilində hasilat aktivi portfelinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olub. İsrailin Aralıq dənizi hövzəsində yerləşən "Tamar" qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi şirkətin beynəlxalq "upstream" portfelinin və yeni coğrafiyalarda iştirakının genişlənməsinə xidmət edib. Rəqəmsal infrastruktur və neft-kimya sahələrinə strateji investisiyalar biznesin texnoloji imkanlarının və uzunmüddətli rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Qaz ixracının və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi SOCAR-ın regional və beynəlxalq enerji bazarlarındakı mövqeyinin möhkəmləndirilməsini və gəlirlilik səviyyəsinin yüksəldilməsini dəstəkləyib. 

 

banner

Oxşar Xəbərlər