• şənbə, 22 Avqust, 03:01
  • Baku Bakı 26°C

Ərzaq səbətində idxal problemi

22.08.26 01:34 25
Ərzaq səbətində idxal problemi

Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün strateji məhsullar üzrə yerli istehsalın artırılması gündəmdədir. Ekspertlər hesab edirlər ki, əsas problem təkcə istehsal həcminin azlığı deyil, həm də mövcud potensialdan səmərəli istifadə edilməməsidir. 

Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi üçün buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə yerli istehsalın artırılması gündəmə gətirilib. Maliyyə Nazirliyi hesab edir ki, bu sahələrdə istehsal potensialı və məhsuldarlıq yüksəldilməli, intensiv istehsal üsulları genişləndirilməli və dövlət dəstəyi mexanizmləri daha nəticəyönümlü şəkildə qurulmalıdır. Nazirlik eyni zamanda aqrar sahədə subsidiyaların və güzəştlərin səmərəliliyinin təhlil edilməsini, iqtisadi baxımdan səmərəsiz dəstək mexanizmlərinin mərhələli şəkildə azaldılaraq vəsaitlərin daha effektiv istiqamətlərə yönəldilməsini təklif edir. Bəs Azərbaycanın buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı nə qədərdir? 

“Buğda və bitki yağlarında idxaldan asılılıq yüksəkdir”

İqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, xüsusilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə daxili istehsalın artırılması həm ərzaq təminatının dayanıqlılığı, həm də xarici bazarlardakı dəyişikliklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın bu məhsullar üzrə özünütəminetmə səviyyəsi fərqlidir. Buğda üzrə daxili istehsal tələbatı tam qarşılamır və əhəmiyyətli həcmdə idxaldan asılıyıq. Ət və süd məhsullarında özünütəminetmə səviyyəsi daha yüksək olsa da, yem bazasının vəziyyəti və istehsal xərclərinin artması bu sahələrdə də müəyyən risklər yaradır. Balıq məhsulları üzrə potensial mövcud olsa da, akvakultura sahəsinin inkişafı hələ arzuolunan səviyyədə deyil. Bitki yağları da idxaldan daha çox asılı olduğumuz məhsullar sırasında yer alır”.

Aqrar istehsalı ləngidən əsas amillər

E.Kərimli bildirdi ki, problemin əsas səbəblərindən biri yalnız istehsal həcminin aşağı olması deyil, həm də mövcud potensialdan tam istifadə edilməməsidir: “Torpaq və su resurslarının məhdudluğu, suvarma infrastrukturunun problemləri, toxum və yem xərclərinin yüksəkliyi, eləcə də məhsuldarlığın aşağı olması aqrar istehsalın genişlənməsinə mane olan əsas amillər sırasındadır. Bununla yanaşı, su qıtlığı və iqlim riskləri, kiçik və parçalanmış təsərrüfat strukturu, müasir texnologiya və mexanikləşmənin kifayət qədər geniş yayılmaması, həmçinin fermerlərin gəlirliliyinin aşağı olması da istehsalın artımını məhdudlaşdırır. Bu baxımdan, əsas məqsəd yalnız əkin və istehsal sahələrinin genişləndirilməsi deyil, mövcud resurslardan daha səmərəli istifadə etməklə məhsuldarlığın yüksəldilməsi olmalıdır”.

Ət, süd və akvakulturada daha böyük imkanlar var

İqtisadçının fikrincə, real potensial baxımından ət və süd istehsalında, eləcə də balıqçılıq və akvakultura sahəsində imkanların daha geniş olduğu görünür: “Buğda istehsalında isə əsas istiqamət əkin sahələrinin artırılmasından çox məhsuldarlığın yüksəldilməsi və suvarma imkanlarının yaxşılaşdırılması ola bilər. Bitki yağları üzrə isə idxaldan asılılığın azaldılması üçün həm xammal bazasının genişləndirilməsi, həm də emal imkanlarının inkişaf etdirilməsi vacibdir. İdxal asılılığının azaldılması üçün digər mühüm istiqamət emal sənayesinin inkişafıdır. Çünki yalnız xammal istehsalının artırılması kifayət etmir. Məhsulun emalı, saxlanması, qablaşdırılması və satışına qədər bütün zəncirin formalaşdırılması kənd təsərrüfatında əlavə dəyərin yaradılmasına və fermerlərin gəlirlərinin artmasına imkan verə bilər”.

“Nəticəyə görə dəstək” prinsipi

E.Kərimli hesab edir ki, dövlət dəstəyi mexanizmləri bu prosesdə mühüm rol oynayır: “Subsidiyaların istehsal həcminə deyil, məhsuldarlıq və səmərəlilik göstəricilərinə daha çox bağlanması “nəticəyə görə dəstək” prinsipinin gücləndirilməsinə imkan verə bilər. Bununla yanaşı, suvarma infrastrukturunun modernləşdirilməsi, toxum və damazlıq bazasının inkişaf etdirilməsi, aqrar sığortanın genişləndirilməsi, fermerlərin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və logistika imkanlarının artırılması da əsas prioritetlər sırasında olmalıdır”. 

“Əsas problem rəqabət mühitinin zəif olmasıdır”

İqtisadçı-ekspert Pərviz Heydərov isə düşünür ki, adı çəkilən məhsulların demək olar ki, heç biri üzrə yerli istehsal daxili tələbatı tam ödəmir: “Məsələn, buğda üzrə tələbat təqribən 3 milyon ton təşkil edir ki, yerli istehsal bunun yalnız 60 faizini qarşılayır. Ona görə də xaricdən hər il 2 milyon tona yaxın buğda idxal edirik. Ət və süd üzrə isə vəziyyət əvvəl daha yaxşı olsa da, son illərdə pambıqçılığın inkişafı, örüş yerlərinin azalması və yem məhsullarının bahalaşması nəticəsində özünütəminetmə səviyyəsi təqribən 80 faiz civarına düşüb. Balıq və bitki yağları üzrə isə idxaldan asılılıq daha yüksəkdir. Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə dair müşavirədə də kənd təsərrüfatında son dövrlərdə durğunluq yarandığı qeyd edildi. Dövlət başçısı sahənin inkişafına dair yeni Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıq verdi və bundan sonra 2026–2030-cu illər üçün müvafiq Dövlət Proqramı təsdiq edildi. Dövlət Proqramının uğurlu icrası üçün ilk növbədə sahənin inkişafına mane olan amillər müəyyən edilməlidir. Hesab edirəm ki, əsas problemlərdən biri aqrar sektorda rəqabət mühitinin zəif olmasıdır. Buna görə maya dəyəri və idxal ciddi təzyiq yaradır. Bazara rahat çıxış və satışdan qazanc əldə etmək imkanı olarsa, kəndli öz həyətindən də pul qazana bilər”. 

“Mövcud subsidiya siyasəti dəyişməlidir”

P.Heydərovun sözlərinə görə, ölkəmizdə dövlət tərəfindən aqrar sahədə ən çox dəstək görən və istehsalı stimullaşdırılan məhz taxıl istehsalıdır. Lakin bu sahədə effektivlik aşağıdır: “Torpaqların icarədə cəmləşdirilməsi hesabına xırda təsərrüfat sahibləri prosesdən kənarda qaldı, buğda istehsalı ilə əsasən iri fermerlər və imkanlı şəxslər məşğul olmağa başladılar. Beləliklə, sahə rəqabətdən kənarda qaldı. Aqrar sahədə yüksək əməktutumluluq da effektivliyin aşağı olmasının göstəricilərindən biridir. İşçi qüvvəsi az, məhsuldarlıq yüksəkdirsə, deməli, texnologiyalardan və mexanikləşmədən daha səmərəli istifadə olunur. Ona görə hesab edirəm ki, mövcud subsidiya siyasəti də dəyişməlidir. Dövlət tərəfindən xərclənən hər manatın effektivliyi diqqətdə saxlanılmalıdır”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər