• şənbə, 08 Avqust, 08:12
  • Baku Bakı 28°C

Balıq bazarında "təmizləmə" əməliyyatı

08.08.26 01:42 37
Balıq bazarında "təmizləmə" əməliyyatı

Balıq və balıq məhsullarının satışına nəzarəti gücləndirəcək yeni qanun layihəsi məhsulların elektron qeydiyyatını və mənşəyinin izlənməsini nəzərdə tutur. Ekspertlər hesab edirlər ki, bu, bazarda şəffaflığı artıra bilər, lakin gözlənilən nəticə yeni qaydaların necə tətbiq olunacağından asılıdır.

Balıq və balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar hazırlanır. Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə olunan "Balıqçılıq haqqında" qanun layihəsi məhsulların mənşəyinin elektron sistemdə qeydiyyata alınmasını, satış prosesinə nəzarətin gücləndirilməsini, eləcə də qablaşdırma, etiketləmə və baytarlıq sənədləri ilə bağlı tələblərin sərtləşdirilməsini nəzərdə tutur. Layihənin əsas məqsədi balıq məhsullarının izlənəbilənliyini təmin etmək, qida təhlükəsizliyini gücləndirmək və bazarda şəffaflığı artırmaqdır. Bəs yeni mexanizm istehlakçıya hansı üstünlükləri vəd edir və balıq bazarında real dəyişiklik yarada biləcəkmi? 

“Məhsulun ucuzlaşmasına müsbət təsir göstərəcək”

Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyevin sözlərinə görə, ticarət dövriyyəsini və qida təhlükəsizliyini tənzimləyən yeni qanun layihəsinin hazırlanması ilə bu sahəyə yenidən ciddi diqqət yetirilməyə başlanıb: “Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Akvakultura Mərkəzinin fəaliyyəti ölkəmizdə balıqçılığın bərpası və leqal ticarətin inkişafı baxımından böyük ümidlər yaradır. Yeni qaydaların tətbiqi və dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət, balıq satışının şəffaflaşması həm yerli sahibkarların bu fəaliyyətə marağını artıracaq, həm də daxili bazarda məhsulların ucuzlaşmasına müsbət təsir göstərəcək. Azərbaycanda qanuni ticarət üçün münbit şərait var. Artıq yeni standartlara uyğun qablaşdırılmış balıq məhsullarımızı ixrac da edə biləcəyik. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda və daxili su hövzələrində balıq ehtiyatlarının qorunması istiqamətində mühüm işlər görülür. Gələcəkdə müasir tələblərə cavab verən yeni müəssisələr fəaliyyətə başlayacaq, leqal sahibkarlara subsidiyalar ayrılacaq”.

Balıqçılığa yeni nəfəs gələcək

Ə.Əliyevin fikrincə, Milli Məclisdə balıqçılığın inkişafı və satış qaydalarının yenidən işlənməsi ilə bağlı geniş müzakirələr aparılıb. Səsləndirilən təkliflər və elektron izlənmə mexanizmləri ümid verir ki, həm təbii su hövzələrində fəaliyyət göstərən fermerlər, həm də rəsmi balıq ticarəti ilə məşğul olan sahibkarlar bu yeniliklərdən bəhrələnəcək və Azərbaycan balıqçılığına yeni nəfəs gələcək: “Sevindirici haldır ki, həm Xəzər dənizinə, həm də daxili su hövzələrinə nərəkimilər və çəki balıqları daxil olmaqla, müxtəlif növlər buraxılır. Bu proses sularımızda balıq populyasiyasının artmasına böyük təkan verəcək. Xəzərdən daxili su hövzələrinə gedən miqrasiya yolları təmizlənir, balıqların rahat çoxalması üçün maneələr aradan qaldırılır”.

“Bazarda sağlam rəqabət formalaşacaq”

Mütəxəssis bildirdi ki, bundan sonra balıq ticarəti ilə məşğul olan bütün sahibkarlar vahid informasiya sistemi vasitəsilə dövlətin diqqətində olacaq. Əvvəllər satışa tam nəzarət edilmirdi, yerli və xarici balıqların növləri, mənşəyi barədə dəqiq məlumatlar yox idi. Yeni qaydalarla bu məsələlərə ciddi yanaşılacaq: “Bütün su hövzələrimizdə və Xəzərdə ovlanan balıqlar rəsmi qeydiyyata alınacaq. Hazırda ölkədə balıqçılıqla məşğul olan 700-ə yaxın müəssisə var, lakin onların cəmi 10-15 faizi rəsmi qeydiyyatdadır. Yeni yanaşma sayəsində yerdə qalan 80-85 faiz müəssisə də uçota alınacaq və balıq satışına nəzarət əhəmiyyətli dərəcədə gücləndiriləcək. Eyni zamanda, yeni qanunla kürüvermə dönəmi və populyasiya vaxtı ilə bağlı qaydaların dəyişdirilməsi ehtiyatların inkişafına və bazar qiymətlərinin optimallaşmasına gətirib çıxaracaq. Sovet dövründən qalma qaydalar yalnız kağız üzərində idi və reallıqda balıq ehtiyatlarımız 90 faizə qədər azalmışdı. İndi isə qanunvericiliyin sərtləşməsi və populyasiya aylarının reallığa uyğun dəyişdirilməsi ilə ehtiyatların bərpası prosesi başlaya bilər. Bu qaydaların yenilənməsi, ixtisaslaşmış satış mərkəzlərinin qurulması və subsidiyaların ayrılması bazarda sağlam rəqabət formalaşdıracaq. Nəticədə həm qiymətlər aşağı düşəcək, həm qida təhlükəsizliyi təmin ediləcək”.

“Yeni qaydaların uğuru icradan asılıdır”

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı isə düşünür ki, yeni qaydaların qəbulundan sonra bazarda sənədsiz balıq satışının tamamilə aradan qalxacağını söyləmək çətindir. Sənədsiz satış əvvəllər də qanunla qadağan idi, lakin reallıqda bu proses həmişə davam edirdi: “Düşünürəm ki, qanunsuz yolla əldə edilmiş balıqları satmaq istəyənlərin sayı nisbətən azalsa da, belə hallar bazarda yenə də mövcud olacaq. Başqa sözlə, həmin şəxslər öz fəaliyyətlərini bu və ya digər formada davam etdirəcəklər. Çünki qanunların mövcudluğu ilə yanaşı, əsas məsələ onların icrasına cavabdeh olan insanların niyyəti və yanaşmasıdır. Ümumiyyətlə, ölkəmizdə həm etiketləmə, həm də qida təhlükəsizliyi haqqında kifayət qədər qanunvericilik bazası var. Yeni qanun layihəsində irəli sürülən tələblərin əksəriyyəti əslində mövcud qanunlarda onsuz da öz əksini tapıb. Əsas problem həmişə bu qaydaların real tətbiqindəki boşluqlarla bağlı olub”. 

Z.Salmanlı bildirdi ki, bazarda kütləvi hal alan problemlərdən biri Çindən idxal olunan qara kürünün daxili bazarda yerli məhsul adı və etiketi altında alıcılara təqdim olunmasıdır: “Qida Təhlükəsizliyi Agentliyi vaxtaşırı reydlər keçirərək bu kimi halların qarşısını almağa cəhd etsə də, vəziyyət dəyişmir. Paralel olaraq, Azərbaycana İrandan külli miqdarda balıq və balıq məhsullarının idxalı həyata keçirilir. Həmin idxal məhsulları da bazarda yerli məhsul kimi satılır. Nəzəri cəhətdən gözlənti odur ki, qanunvericiliyə edilən bu dəyişikliklərdən sonra alıcılarımız daha sağlam və mənşəyi məlum olan balıq məhsulları ilə təmin ediləcəklər. Yeni qanunun nə dərəcədə işlək mexanizmə çevriləcəyini zaman göstərəcək”.

Zərif Salmanlı

 

banner

Oxşar Xəbərlər