• çərşənbə axşamı, 05 noyabr, 13:32
  • Baku Bakı 13°C

“Milli Şura köhnə fırıldaqçıların yeni cildidir” Müsahibə

04.06.13 09:14 8328
“Milli Şura köhnə fırıldaqçıların yeni cildidir” Müsahibə
Müxalif qüvvələrin yaratdığı Milli Şura, bu quruma xaricdən verilən dəstək, vahid namizədin müəyyənləşdirilməsi, müxalifətin seçkiöncəsi mübarizə metodları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Cümşüd Nuriyev cavablandırır.
- Cümşüd müəllim, 28 may-Respublika günündə özlərini demokratik qüvvələrin təmsilçisi kimi təqdim edən bir neçə şəxsin iştirakı ilə Milli Şura adlı yeni qurum yaradılıb. İlk öncə bu hadisəyə münasibətinizi öyrənmək istərdim.
- Azərbaycan müxalifətindən çıxan eybəcərliklərdən biri də Milli Şuradır. Bu ideyanın nə siyasi yükü var, nə də milliliyi. Bu Şuranın milli olub-olmaması da prezident seçkilərindən sonra bilinəcək. O mənada ki, bunlar millətin dərdini çəkirlər, yoxsa bir qrup adamın. Əslində Rüstəm İbrahimbəyovun Milli Şurası Rusiyanın təhlükəsizlik orqanlarının siyasi mətbəxində hazırlanmış ideyadır. Bu ideyanı eyni zamanda xristian həmrəyliyi kimi də qəbul edirəm. Çünki Rüstəm İbrahimbəyovun bir ayağı Vaşinqtondadır, digər ayağı Moskvada. Bu da bəlli məsələdir. Rusiya və ABŞ-ın Azərbaycanda kəsişən maraqları var. Hər iki tərəf də buna etiraz edir. Yəni, İbrahimbəyov özünü ağıllı hesab edərək, belə düşünür ki, iki böyük dövlətin qulluqçusu ola biləcək. Amma təbii ki, bu baş verməyəcək. Məsələ burasındadır ki, bu oyunda kinorejissorla bərabər, Eldar Namazov da var. 2005-ci ilin parlament seçkilərindən öncə də onun təşkilatçılığı ilə YES bloku yaranmışdı. Bu blokun xətti ilə Vahid Əhmədov və Əli Məsimli deputat seçildi. İndi yaradılan Milli Şura da YES-ə bənzər bir qurumdur. Tez-tez bu ideyanı cəmiyyətə transformasiya edirlər ki, guya onlar Azərbaycanın siyasi mühitinə bir yenilik gətirəcək, müxalifətin arxasında xalqı birləşdirəcəklər. Reallıqda isə bunlar boş vədlərdir. Hələ Milli Şura ideyası ortaya atılan zaman bir qrup siyasətçilər bildirmişdi ki, bu, Rusiyada hazırlanmış ssenaridir. Burada əsas hədəf Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsidir. Söylənilənlər özünü doğruldur və sözügedən məsələ artıq gündəmdədir.
- Axı, Milli Şura sadəcə Rüstəm İbrahimbəyov və Eldar Namazovdan ibarət deyil. Burada AXCP, Müsavat və digər siyasi partiyalar da təmsil olunur..
- Elə ən böyük faciə də budur ki, Milli Şuranı yaradanların hamısı keçmiş kommunistlərdir. Müstəqillik, suverenlik qazanan bir dövlət üçün əski kommunistlərin yaratdığı təşkilat, ancaq baş bəlası ola bilər. Milli Şura adlandırılan bu təşkilat indidən alverə başlayıb. Yəni, bunlar köhnə metodlardan istifadə edib artıq öz aralarında vəzifə bölgüsünə də başlayıblar. Vaxtıilə mənim də tanıyıb-bildiyim adamlar var idi, hansı ki, onlar Xalq Cəbhəsi hakimiyyətə gələndə prezident Ayaz Mütəllibovun ətrafını tərk elədilər. Sürət Hüseynov Gəncədə olanda isə Xalq Cəbhəsindən ayrılıb ona qoşuldular. Mərhum prezident Heydər Əliyev hakimiyyətə gələndən sonra onları təmizləmişdi. İndi yenidən, həmin köhnə alverçilər, fırıldaqçılar zühur edib yeni cildə giriblər. Yeni cildin adı isə bu dəfə Milli Şuradır. Köhnə fırıldaqçılar elə fikirləşirlər ki, yenidən hakimiyyətdə təmsil olunacaq, bir neçə ay vəzifədə qalıb Azərbaycanın başına müsibətlər açacaqlar. Milli Şuranın ətrafındakı hay-küyün də əsas məqsədi, köhnə fırıldaqçıların yeni vəzifə iddialarıdır. Azərbaycan müxalifətinin hamiləliyinin nəticəsi olan Milli Şura yeni doğulmuş üç başlı mutant övladdır. Ölü doğulmuş belə mutantdan hansısa nəticə gözləmək siyasi korluqdur.
- Milli Şuraya qədər də müxalif qüvvələr YES блоку, Ziyalılar Forumu, İctimai Palata və sair adlar altında bir araya gəlməyə çalışıblar. Lakin bu, alınmayıb. Belə olan təqdirdə, yeni yaradılan Milli Şura müxalifətin birlik formatı ola biləcəkmi?
- Milli Şura heç bir birlik formatı olmayacaq. Məsələ orasındadır ki, guya burada əsas Müsavat-AXCP-EL Hərəkatı “troyka”sıdır. Amma bu günlədə Müsavatın aparıcı fiqurlarından biri sayılan Arif Hacılı bundan imtina etdi. Orada təmsil olunan təşkilatların da Milli Şuraya təqdim edəcəyi yeni sima yoxdur. Onlar hamısı sovet dövründə təhsil almış, diktaturanın yetişdirdiyi, yaşı 40-45-i keçmiş adamlardır. Müstəqillik əldə etdiyimiz andan bu günə kimi ötən 22 il ərzində bu adamların təfəkküründə, dünyagörüşündə heç nə dəyişməyib. Onlar bu gün siyasi alverlə məşğuldurlar. Əgər Milli Şura Azərbaycan xalqına xeyir gətirəcək bir təşkilat olsaydı, mən hamıdan qabaq orada təmsil olunardım. Lakin hadisələri ciddi analiz edəndə, Milli Şuranın timsalında Azərbaycana qarşı xəyanətkar planın icraçılarını görürəm. Faktiki olaraq, Azərbaycanı seçim qarşısında qoyur, 3 yoldan birini seçmək üçün təzyiq göstərirlər. Rəsmi Bakının Paris, Vaşinqton və Moskva arasında seçim etməsini istəyirlər. Birincisi Avropa Birliyi istiqamətidir ki, bu qurum siyasi qurumdan daha çox iqtisadi təşkilat kimi özünü göstərməkdədir. Hardasa Milli Şuraya oxşar bir qurumdur. Bu ittifaqın vahid sözü, konstitusiyası yoxdur. Sadəcə söz xatirinə bəzi bəyanatlar verirlər. Digər iki seçim isə ABŞ və Rusiyanın Azərbaycandakı maraqları baxımından irəli gəlir. Burada ən qorxulu hadisə maraqlardakı yerdəyişmə ola bilər. ABŞ Suriya müqabilində Azərbaycanı Rusiyaya çox baha qiymətə “sata” bilər. Əsas siyasəti bufer dövlət yaratmaq olan rəsmi Moskva da buna gedər. Məhz belə bir şəraitdə Milli Şura böyük dövlətlərin əlində dəstəvuzdur. Böyük siyasi məqsədlər naminə Milli Şuradan istifadə ediləcək. Əgər bu təşkilatda bir araya gələnlər bütün bunları görmürlərsə, onları siyasətçi adlandırmaq düzgün olmaz.
- İctimai Palata daxilində vahid namizəd müəyyənləşdirə bilməyən, açıq rəqabət aparan AXCP və Müsavat Milli Şurada bir araya gəliblər. Hər iki partiya rəhbərinin Milli Şura daxilində müxalifətin birliyi üçün fəaliyyət göstərəcəyi nə dərəcədə realdır?
- Onların vahid namizəd məsələsində bir araya gəlməsi mümkünsüzdür. Çünki 2013-cü ilin prezident seçkiləri İsa Qəmbərin son şansıdır. Bundan başqa, İsa Qəmbər və Eldar Namazovla Rüstəm İbrahimbəyovu müqayisə etmək olmaz. Dövlət idarəçiliyi baxımından onların az da olsa təcrübələri var. Əli Kərimli isə çalışacaq ki, belə vəziyyətdə Rüstəm İbrahimbəyov və Eldar Namazov kartından maksimum yararlansın, Müsavat başqanından heyfini çıxsın. Məlumdur ki, AXCP və Müsavat sədrləri mehriban düşmənlərdir. Belə qarışıq vəziyyətdən kinorejissor da yararlanmaq istəyəcək. Rusiya üçün İsa Qəmbər, ABŞ üçün isə Rüstəm İbrahimbəyov faktı qəbul olunmazdır. Rusiya çalışacaq ki, bu ssenaridən istifadə edib öz istəklərini reallaşdırsın. Ancaq, iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının növbəti qurultayı keçiriləcək və İlham Əliyevin namizədliyi irəli sürüləcək. Bu hadisədən sonra ola bilər ki, müxalifət cəbhəsi vahid müstəviyə gəlməyə çalışsın. Amma mən buna yenə də inanmıram. Milli Şuranı İctimai Palatanın aqibəti gözləyir. Orada təmsil olunan Eldar Namazovun əsas məqsədi də məhz müxalifəti daxildən parçalamaqdır. O, həm Rusiyanın, həm də ABŞ-ın bayrağı altında gəzən adamdır. Siyasi proseslərin davamında hansı ölkə üstünlüyə sahib olsa, onun bayrağını dalğalandıracaq. Çox təəssüf ki, Eldar Namazovun bayraqları içərisində Azərbaycan bayrağı yoxdur.
- Son hadisələri və ölkə mətbuatındakı fikirləri izlədikdə belə qənaətə gəlmək olar ki, müxalifət Azərbaycana xarici müdaxilələrin olmasını istəyir. Sizcə, müxalif qüvvələrin belə əhval-ruhiyyədə olmasına səbəb nədir?
- Müxalifətin dişində şirə qalıb. 1990-cı illərdə gərgin ictimai-siyasi proseslər, Ermənistanın Azərbaycan ərazilərinə təcavüz faktı müxalifətə imkan verdi ki, iqtidar üzərində qələbə çalsın. İndi də gözləyirlər ki, Rusiyanın maraqlarına uyğun olaraq, Ermənistan yenidən cəbhə xəttində aktivləşəcək, hərbi müdaxilə olacaq. Belə olduğu təqdirdə, baş verənlər Rüstəm İbrahimbəyov, Eldar Namazov və başqalarının vicdanına yazılacaq. Bunlar elə təsəvvür edirlər ki, xarici dövlətin müdaxiləsi nəticəsində Azərbaycan iqtidarı çökəcək, onlar da vəzifə, hakimiyyət sahibi olacaqlar. Bu adamların bütün görüşlərdə vəzifəli adamlara etdikləri təklif ondan ibarətdir ki, dəyişiklik nəticəsində Rüstəm İbrahimbəyov keçid dövründə, yəni 6 ay prezident olur. Sonra isə onu bu postda Eldar Namazov əvəzləyəcək. Məhz bu ideya ətrafında təbliğat aparır, adamları öz sıralarına cəlb etməyə çalışırlar. Ancaq başa düşmürlər ki, öz aralarında bu cür müxtəlif vəzifə bölgüsü ilə Azərbaycanı qana aparırlar. Özlərini milli adlandırıb Milli Şuraya girənlərin siyasi alver nəticəsində ölkənin gələcəyini müəyyənləşdirməsi bağışlanılmayan tarixi xəyanətdir. Mən onları ayılmağa, həqiqətləri olduğu kimi görməyə çağırıram. Azərbaycanın müstəqilliyini, suverenliyini öz maraqları naminə satmasınlar. Onsuz da Azərbaycan iqtidarına hər zaman xəyanət ediblər, barı xalqa, millətə, dövlətə xəyanət etməsinlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər