• şənbə, 09 Avqust, 08:11
  • Baku Bakı 27°C

Mərkəzi Asiya dövlətləri vahid ittifaq yolunda 

09.08.25 02:21 119
Mərkəzi Asiya dövlətləri vahid ittifaq yolunda 

Vaxtilə imperiyalar arasında bufer zona olan Mərkəzi Asiya ölkələri onilliklərdir davam edən problemləri öz aralarında həll edir, Rusiya asılılığından qurtulmaq istiqamətində addımlar atırlar. Liderlər sentyabrda Daşkənddə keçiriləcək görüşdə vahid Mərkəzi Asiya İttifaqının formalaşdırılması perspektivini də müzakirə edə bilərlər.

Mərkəzi Asiya regionu getdikcə beynəlxalq aləmdə söz sahibinə çevrilir. Region ölkələri arasında inteqrasiya sürətlənir, üçüncü tərəfin iştirakı olmadan müstəqil qərarlar qəbul edilir. Vaxtilə imperiyalar arasında bufer zona olan Mərkəzi Asiya ölkələri onilliklərdir davam edən problemləri öz aralarında həll edir, Rusiya asılılığından qurtulmaq istiqamətində addımlar atırlar. Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq da yüksələn xətlə inkişaf edir, ən yüksək səviyyədə qarşılıqlı səfərlərin sayı artır. 

Quterreşin Qazaxıstan səfəri

Bu günlərdə BMT-nin Baş katibi Antonio Quterreşin Qazaxıstana səfəri də bölgə üçün önəmli hadisələrdəndir. Prezident Kasım-Jomart Tokayev ilə Qazaxıstanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) Mərkəzi Asiya və Əfqanıstan üzrə regional mərkəzinin yaradılmasına dair saziş imzalanıb. Bu tədbir həm Qazaxıstan, həm də BMT üçün böyük əhəmiyyət kəsb edir və qlobal xəritədə mühüm aktor kimi formalaşmaqda olan Mərkəzi Asiyanın əhəmiyyəti haqqında bütün beynəlxalq ictimaiyyətə verilən güclü siqnal rolunu oynayır. İmzalanmış sənəd Qazaxıstanla BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlıqda mühüm mərhələnin təməlini qoyur. 

Qarşılıqlı səfərlər intensivləşib

Bölgə dövlətləri arasında qarşılıqlı səfərlər də intensivləşib. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 6-da Türkmənistana səfər edib. Tokayev BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransına qatılıb. Bundan əlavə, Bişkek regionda kəskinləşən su qıtlığı fonunda Özbəkistan və Qazaxıstan liderlərini qəbul etməyə hazırlaşır. Sentyabr region üçün əsas ay olmağı vəd edir. Belə ki, Daşkənddə Mərkəzi Asiya ölkələri başçılarının görüşü keçiriləcək. Gözlənilir ki, su məsələsi iclasın əsas mövzusu olacaq - Aral dənizinin quruması və Xəzər dənizinin dayazlaşması mövzuları da müzakirəyə çıxarılacaq. Liderlər Tacikistan və Türkmənistanın hələlik ehtiyatla yanaşdığı vahid Mərkəzi Asiya İttifaqının formalaşdırılması perspektivini də müzakirə edəcəklər.

Strateji əməkdaşlığa doğru

Ötən həftənin sonlarında Qazaxıstan və Özbəkistanın xarici işlər nazirliklərinin rəhbərləri Murat Nurtleu və Baxtier Saidov Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlarda ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Kambar-Ata SES-1 və Çin-Özbəkistan-Qırğızıstan dəmir yolunun tikintisi kimi böyük miqyaslı dövlətlərarası layihələrin həyata keçirilməsini müzakirə ediblər. Müzakirələrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bişkekə gözlənilən səfərlərinin hazırlanmasına xüsusi əhəmiyyət verilib. Prezident Tokayevin Bişkekə səfəri ikitərəfli əməkdaşlığın əsas mexanizmi olan Ali Dövlətlərarası Şuranın yeddinci iclası ilə əlamətdar olacaq. İyulun sonunda Tokayev Qırğızıstanla müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib.

Qazaxıstan artıq 2022-ci ilin dekabrında Özbəkistanla oxşar müttəfiqlik münasibətləri qurub və regional inteqrasiyaya can atdığını nümayiş etdirib. Tokayevin sözlərinə görə, "region ölkələri konstruktiv ikitərəfli və çoxtərəfli dialoq qurublar" və münasibətlərini "dərinləşdirilmiş strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə" çıxarıblar. 

Ekspertlər istisna etmirlər ki, Özbəkistan və Qırğızıstan arasında oxşar müttəfiqlik münasibətləri haqqında müqavilə artıq Şavkat Mirziyoyevin Bişkekə səfəri zamanı imzalana bilər. Sərhəd məsələlərinin tənzimlənməsindən sonra Özbəkistanla münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılması ilə bağlı Prezident Japarovun təklifi var. 2024-cü ildə Daşkənd və Düşənbə artıq oxşar münasibətlər formatı qurublar.

Müttəfiqlik münasibətlərinin fəal şəkildə qurulması və birgə strateji layihələrin müzakirəsi ölkələrin əməkdaşlığı gücləndirmək, bəlkə də vahid iqtisadi-siyasi blok formalaşdırmaq istəyindən xəbər verir ki, bu da bütün region üçün yeni perspektivlər açır. Rusiya ekspertləri dərhal məsələyə öz prizmalarından yanaşmağa tələsiblər. İddia etməyə başlayıblar ki, regionda liderlik uğrunda mürəkkəb oyun başlaya bilər. 

Tacikistan və Türkmənistanın mövqeyi 

Regional əməkdaşlıq məsələləri digər ölkələrə də aiddir. Məsələn, regionun ən kasıb dövləti olan Tacikistan da bu sırada olmağa çalışır. Bu ölkə daha az müzakirə olunan, lakin son dərəcə vacib istiqamət üzrə - nadir torpaq elementləri resursları üzrə qlobal marağın mərkəzindədir. Ölkə strateji metal yataqları ilə zəngindir: niobium, tantal, litium, berillium, sezium, serium qrupu metalları. Tacikistan Prezidentinin Qırğızıstana elan edilməmiş son səfərinə gəldikdə, istisna deyil ki, Prezident Japarovla danışıqlarda Mərkəzi Asiya İttifaqının yaradılması perspektivi də müzakirə olunub. Bu, Tacikistanın, eləcə də Türkmənistanın xeyli skeptik yanaşdığı bir layihədir.

Türkmənistana gəlincə, Aşqabad öz ölkəsinin neytral mövqeyini əsas tutaraq, hələlik regional proseslərdə fəal iştirakdan çəkinir. Lakin bölgə ekspertlərinin fikrincə, əgər Aşqabad yanaşmasını yenidən nəzərdən keçirsə, bu, vahid Mərkəzi Asiya İttifaqının yaradılması istiqamətində təkan olacaq. 

Beləliklə, Mərkəzi Asiya tarixi inkişafının kritik mərhələsinə qədəm qoyur. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər