• şənbə, 21 Dekabr, 16:58
  • Baku Bakı 10°C

“Mənim üçün keçmiş artıq qurtarıb” - MƏKTƏBDƏ

14.01.23 05:00 3387
“Mənim üçün keçmiş artıq qurtarıb” - MƏKTƏBDƏ

Mirşahin Ağayev: “Gizlətməyəcəm, mən indiki təhsil proseslərini başa düşməyə çalışıram. Bu, bizim yaşadığımız ənənəvi, klassik təhsil yolu deyil”.

“Əslində, biz tez-tez görüşürük. Mən hər həftə - bazar günü, saat 21.00-da efirdə oluram. Amma bu görüşün bir tərəfidir. Uzun fasilədən sonra nəhayət, öz auditoriyamın çox əhəmiyyətli hissəsi ilə, gələcəyimiz olan uşaqlarla birbaşa görüşmək imkanım var. Bu görüş imkanını mənə yaratdığınıza görə sizə təşəkkür edirəm!”

Bakı şəhər Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə” qonaq olan Real Təhlil və İnformasiya Mərkəzinin direktoru (REAL TV) Mirşahin Ağayevlə görüş Suraxanı rayon, Hövsan qəsəbəsindəki 118 saylı tam orta məktəbin şagird və müəllim kollektivinə çöldəki qış havasının qarını da, soyuğunu da unutdurdu. Bu dəfə Mirşahin özü məktəb auditoriyası qarşısında müsahibə verməli oldu.

“Mirşahini bizə təqdim edin!” 

“Mirşahini bizə təqdim edin!”- deyə şagirdlər öncə qonaqdan özü haqda təqdimat istədilər: “Mirşahin Mirdilavər kişinin oğludur. Evin 10 övladından biridir. Yardımlı rayonunun Perimbel kəndində doğulmuşam. 1-ci sinfə 7 yaşım tamam olmadığı üçün götürmədilər. Bir neçə ay gecikmişdim. Məktəbə gələndə artıq yazmağı da, oxumağı da bacarırdım. Sonra Yardımlı rayonuna köçüb gəldik. Çalışmışam ki, əlaçı olum. Cəbr, həndəsə və fizika fənləri problemli olub, amma ədəbiyyatı, Azərbaycan dilini yaxşı bilmişəm. Jurnalistika fakültəsini bitirmişəm. İlk iş yerim Qarabağa Yardım Komitəsinin “Azərbaycan” qəzeti olub. Sonra ANS-TV-nin təsisçilərindən biri, daha sonra vitse-prezidenti olmuşam. Bacardığım kimi fəaliyyət göstərmişəm. 2018-ci il martın 15-dən “Real TV” informasiya kanalının rəhbəriyəm”.

“O qədər də pis ömür yaşamamışam”

Mirşahin dedi ki, ömrü boyu bildiyi sahədə çalışdığına görə xoşbəxtdir: “Bizim kimi insanların dövlət üçün faydası edə biləcəyi işlərdən ibarətdir. Bu ilin noyabr ayında 60 yaşım olacaq. Geriyə baxanda deyəsən, o qədər də pis ömür yaşamamışam. Ən azı ona görə ki, Azərbaycan dövlətinə, xalqımıza, ilk növbədə öz peşəmə xidmət etmişəm. Mənə elə gəlir ki, dövlətə və xalqına keyfiyyətli xidmət etməyin əsas yolu öz peşəni sevməkdir. Bəxtim onda gətirib ki, Azərbaycanın bütün tarixi hadisələrində reportyor kimi iştirak etmişəm”. 

Yazmaq nədirsə cəncəl işdir...

“Məktəb illərindən, uşaqlığınızdan unuda bilmədiyiniz xatirələriniz çoxdurmu?”- deyə şagirdlərdən birinin sualı teleaparıcını keçən günlərə qaytardı: “Hadisələr çoxdur... Bir gün ayağımın altına kətil qoyub divar qəzetində öz qələmimlə nəsə yazdım. Məktəbin direktoru məni yazı lövhəsinə çıxartdı və cəzalandırdı. Evə ağlaya-ağlaya gəldim. Amma məktəbə direktora olan kin və nifrətlə davam etmədim. Başa düşdüm ki, yazmaq nədirsə çox cəncəl işdir. Əgər həyatımda ilk jurnalist təcrübəmə direktorun şilləsi ilə başlayıramsa, deməli, məni gələcəkdə daha böyük ağrılar gözləyir. Digər unuda bilmədiyim təəssürat kəndimizdə eşitdiyim azan səsidir. Arabir nənəmgildə qalırdım. Gecələr azan səsi eşidirdim. Yazdığım inşaların respublika üzrə 3-cü yer tutması yadımdadır. Orta məktəbdə ən yaxşı sinif nümayəndəsi olmuşam. Yadımda imtahan verməyə hazırlaşdığım dönəm qalıb. Ümumiyyətlə, məktəb epizodlarla deyil, bütöv anlayış olaraq yadda qalır”. 

“İndiki təhsil proseslərini başa düşməyə çalışıram”

“Biz gənclərin maraq dairəsinə uyğun proqram hazırlamağı düşünürsünüzmü? Əgər belə proqram “Real”da yer alsa, onun aparıcılıq kürsüsündə biz gənclər əyləşə bilərikmi?” sualına Mirşahin açıq etiraf etdi: “Gizlətməyəcəm, mən indiki təhsil proseslərini başa düşməyə çalışıram. Bu, bizim yaşadığımız ənənəvi, klassik təhsil yolu deyil. O vaxt məktəbə gedəndə bizi Mendeleyevin, Nyutonun, Kürinin portrertləri qarşılayardı. Şüarlardan biri də bu idi ki, kitabı cırma, bu, sənin bacı-qardaşlarına qalacaq. Mən təhsilin fayton dövrünü yaşamışam. Sizinlə danışanda bir az ehtiyatlanıram. Nazir Emin Əmrullayevlə bir neçə dəfə söhbət eləmişik. STEAM festivalında o uşaqları görmüşəm. Robot, dron, sensorlu maşın düzəldən uşaqlar vardı. Artıq bizə tanış olan təhsil mahiyyət etibarı ilə yeniləşib. Sizin haqqınızda nəsə hazırlamaq fikrinə düşsəm, gərək təhsilin bu kateqoriyasını birinci özüm başa düşüm. Mənim indi çalışdığım kollektivdə kimlərəsə tövsiyə verməyə savadım imkan verir. Amma bilmirəm axı dronu, sensorlu maşını necə hazırlamaq lazımdır? Görmə qabiliyyəti olmayan adamların hərəkəti üçün elektron əsa düzəldən uşağa mən nə öyrədəcəyəm? Bütün bunlardan sonra açığı, gənclərimizin bilik səviyyəsinə uyğun olaraq nəyisə keyfiyyətli edə biləcəyimə əmin deyiləm”. 

Müəllimlərin rəqibi internetdir

“Sizin üçün müəllim adı hansı mənanı ifadə edir?” sualına cavab verən Mirşahin müəllimlərə sonsuz hörmətini ifadə etdi: “Müəllim bizim formalaşmağımızın əsas səbəbkarıdır. Biz insan obrazına müəllimlərimizin müdaxiləsi nəticəsində daxil oluruq. Azərbaycan dövlətinin 4-cü sənaye inqilabı dövründə müəllimlərinin üzərinə düşən məsuliyyəti də yaxşı başa düşürəm. Rəqəmsal dünyada müəllimin sözü də, müəllimin özü də dəyişib. Dünyada təhsilə də, müəllimə də münasibət fərqlidir. Bu gün müəllimlərimizin vəzifəsi heç də Azərbaycan-Ermənistan sərhədində dronlar vasitəsilə vəziyyəti nəzarətdə saxlayan əsgər və zabitlərimizin vəziyyətindən sadə deyil. Bu gün uşaq robot düzəldirsə, görün onun müəllimi nə qədər güclü olmalıdır!”.

Şagirdlərdən biri “Təhsil nailiyyətlərindən daha çox hansısa neqativ hallar daha sürətlə yayılır. Belə çıxır ki, reytinqlərin artması məhz neqativlərdən asılıdır”- deyə narahatlığını ifadə etdi. Cavabında M.Ağayev bildirdi ki, rəhbərlik etdiyi kanalda xüsusən təhsil sahəsində baş verən belə hadisələrə yer vermir: “Bizim dövrümüzdə bundan da betər hadisələr baş verib. Sadəcə, sosial şəbəkə olmadığına görə biz bunların tirajlanmasını görmürdük. Amma  bir az məsələyə ciddi yanaşsaq görərik ki, bu, təhsillə deyil, təfəkkür prosesinin keçid dövrü ilə bağlıdır. Bu gün dünyada ekofəal Qreta Tunberqlə Məmmədhəsən əmi paralel yaşayır. Bu yaxınlarda Üzeyir bəyin abidəsinin ayaqqabı atəşinə tutulmasının şahidi olduq. Bu, təhsilin problemi deyil”.

“Sizin 1-ci Qarabağ müharibəsi zamanı hazırladığınız reportajlarla bağlı və Zəfərimizdən sonra o torpaqlardakı təəssüratlarınızı bilmək maraqlıdır...”- şagirdlərdən birinin sorğusu bütün auditoriya üçün maraq ifadə etdi: “Ağdamın ilk döyüş baş verən ərazisindən ANS-in hazırladığı ilk reportaj yadımdadır. Bu reportaj Ağdamın Fərrux və Cinli kəndləri arasında baş verən atışma ilə bağlıdır. Operator Vahid Mustafayev, müxbir də mən idim. Həyatımda ilk dəfə açıq döyüş görürdüm. Biz maşınların işığını söndürüb qaranlıqda getdik. 44 günlük zəfərdən sonra mən həmin əraziyə gedərək “stand up” hazırlamışam. Ağdamda sonuncu “stand up”ı 5000-ci şəhidimizin qəbri üstündə etmişəm. Ağdamı darmadağın etmişdilər. Çünki Ağdam onlara dağ çəkmişdi. 1-ci müharibədə əsgərlərimizin necə şiddətli vətənpərvər və fədakar olduğunun şahidi oldum. O vaxt quş tüfəngi, yüngül silahlarla düşmən qabağına çıxmaq hər oğulun işi deyildi. Tarix üçün 30 il heç nədir. Bizim bu müharibəni 1-ci və 2-ci Qarabağ müharibəsinə ayırmaq şərtidir. Azərbaycan dövləti artıq vahid müharibə və vahid qələbə anlayışından çıxış edir. 1-ci Qarabağ müharibəsinin qalibləri, şəhidləri ilə 2-ci Qarabağ müharibəsinin qəhrəmanları arasında mənəvi bir körpü var”.

“Fəaliyyətinizin hansı dövrünə qayıtmaq istərdiniz?” sualına Mir Şahin özünəxas hazırcavablıqla cavab verdi: “Mənim üçün keçmiş artıq qurtarıb. Mən gələcəkdə yaşamaq istərdim. Sizin boya-başa çatdığınız gələcəyi görmək istərdim. Texnologiyaların fontan dövrünü görmək istərdim...” 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər