• çərşənbə axşamı, 15 oktyabr, 04:16
  • Baku Bakı 15°C

Makron Avropada ikitirəlik yaradır

28.01.23 00:00 2870
Makron Avropada ikitirəlik yaradır

Son vaxtlar Fransa və Almaniya arasındakı münasibətlərdə ciddi  problemlər yaşanır. Ekspertlər təşvişlə etiraf edirlər ki, Almaniya və Fransanın uzunmüddətli ittifaqı - Avropa iqtisadiyyatının iki əsas lokomotivi təhlükə altındadır. Ölkələr arasında yaşanan ziddiyyətlərin səbəbkarı kimi Fransanın, daha doğrusu onun prezidenti Emmanuel Makronun yürütdüyü yarıtmaz siyasət göstərilir.

Son 20 ildə ilk dəfədir ki, Avropanın iki ən qüdrətli dövləti - Fransa və Almaniya arasında münasibətlərdə problem yaşanır. İki ölkə arasında İkinci Dünya müharibəsindən sonra imzalanan barışıq müqaviləsinin 60-cı ildönümü günlərində yaşanan fikir ayrılıqları Avropanın gündəmini də dəyişib. Ölkələr arasında yaşanan ziddiyyətlərin səbəbkarı kimi Fransanın, daha doğrusu onun prezidenti Emmanuel Makronun yürütdüyü yarıtmaz siyasət göstərilir. Parisə yubiley sammitinə gələn Almaniya kansleri Olaf Şolz Emmanuel Makronla birlikdə onları ayıran deyil, birləşdirən məsələlərə diqqət yetirməyə çalışsa da, buna müvəffəq ola bilməyib. Görünür, elə bu səbəbdən də liderlər səfər zamanı mətbuat konfransı belə keçirməyiblər.

Xatırladaq ki, Fransanın hazırkı prezidentinin təklifi ilə 2019-cu ildə Fransa ilə Almaniya arasında əməkdaşlıq və inteqrasiya haqqında saziş imzalanmışdı. Ölkələr təkcə siyasətdə deyil, həm də iqtisadiyyat və müdafiə sahələrində də ikitərəfli əməkdaşlıq etmək öhdəliyi götürüblər. Fransa-Almaniya tandemindəki problemlər təkcə ciddi siyasi və iqtisadi çağırışlarla deyil, böyük ölçüdə Angela Merkelin gedişi və Ukrayna böhranının kəskinləşməsi ilə izah olunur.

Fransa və Almaniya sürətlə bir-birindən uzaqlaşırlar 

Olaf Şolz və Emmanuel Makron danışıqlar masası arxasında iki ölkə arasında son aylarda aktuallaşan fikir ayrılıqlarının öhdəsindən gəlməyə çalışıblar. İki liderin Paris görüşü kifayət qədər qısa olub və bir neçə məsləhətçi ilə işgüzar nahar formatında keçib. Təbii ki, Ukrayna müharibəsi, Çin, enerji böhranı müzakirə edilib.

Ekspertlər təşvişlə etiraf edirlər ki, Almaniya və Fransanın uzunmüddətli ittifaqı - Avropa iqtisadiyyatının iki əsas lokomotivi təhlükə altındadır. Ölkələr nəinki öz aralarında razılığa gələ bilmir, həm də sürətlə bir-birindən uzaqlaşırlar: Paris və Berlin enerji, müdafiə, maliyyə siyasəti və Aİ-nin gələcək genişlənməsi ilə bağlı qiymətləndirmə və yanaşmalarında fərqli mövqelərə malikdirlər. Makronun bu görüşdən əvvəl Brüsseldə olarkən rəsmi Berlinin özünü Avropadan təcrid etmək riski daşıdığını deməsinin ardınca Fransanın maliyyə naziri Bruno Le Maire də etiraf edib ki, Almaniya ilə münasibətlər gərgindir və “yenidən qurulma” tələb olunur.

Avropa İttifaqında ilk skripkanı çalmaq mübarizəsi

Şolzun Parisə səfəri bu baxımdan kəskin siyasi küncləri düzəltmək və ziddiyyətləri minimuma endirmək cəhdi kimi görünə bilər. Ancaq heç kimin bu barədə xüsusi illüziyaları yoxdur. Şolz Makronun şəxsi dostluq münasibətləri saxladığı və demək olar ki, hər gün yazışdığı Angela Merkeldən fərqlidir. Fransanın “Fiqaro” qəzetinin səfər ərəfəsində yazdığı kimi, qonşu ölkələr arasında “donmuş münasibətlər” – geostrategiyada köklü dəyişikliyin nəticəsi, çoxdan başlamış və Avropanın simasını dəyişməyə məhkum olan “qitə sürüşməsi”dir. Ən gözəl şərhi isə “Neue Zurcher Zeitung” qəzetinin analitiki Ulrik Spek səsləndirib. "Əsl səbəb odur ki, bu ölkələrin hər ikisi Avropa İttifaqında ilk skripkanı çalmaq üçün yarışır", - deyə o bildirib.

Vətəndaşlar da əlaqələrin yaxşı səviyyədə olmadığı qənaətindədirlər

Qərb mediası da gərginliyə geniş yer ayırır. Əsas xətt də budur ki, Ukrayna böhranı və dəyişən dünya nizamı iki ölkə arasında münasibətləri çətinləşdirib. Əsas ziddiyyət müdafiə siyasəti məsələsindəki fikir ayrılıqları ilə bağlıdır. Xüsusilə söhbət yeni Avropa qırıcılarının və tanklarının hazırlanması, hücum helikopterlərinin modernləşdirilməsi mövzularından gedir. Almaniyanın İsrail və ABŞ sistemləri və silahları ilə "Avropanın müdafiə qalxanı"nın hazırlanması təklifi Fransa tərəfindən qəbul edilmir. Qərb mediası yazır ki, ölkələr yox, daha çox iki lider arasında münasibətlər mürəkkəbdir. Berlindəki Alman Xarici Əlaqələr Şurasının tədqiqatçısı Yakob Ross bildirib ki, Paris Berlinin Fransa-Almaniya münasibətlərində maraqlı olmadığını düşünür. Fransa respondentlərinin 36 faizi, almanların isə 39 faizi Ipsos sorğusunda ölkələr arasında əlaqələrin ən yaxşı səviyyədə olmadığını bildiriblər. Hər iki ölkədə əksəriyyət hesab edir ki, Fransa-Almaniya tərəfdaşlığı Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsb edir. 

“Fransa-Almaniya dostluğu yalnız liderlərimizin sözündədir” 

“VoisTout” nəşri yazır ki, “Fransa-Almaniya dostluğu yalnız liderlərimizin sözündədir və biz onların ardınca getməklə itkilər veririk”.

“Marko 54” nəşri isə Almaniya ilə Fransa arasındakı münasibətləri “saxta dostluq” adlandırır: “Almaniya heç vaxt müharibəni uduzduğunu etiraf etmədi. Fransadan qisas almaq arzusunu heç vaxt dayandırmadı. Almanlar iqtisadi müharibədə qalib gəlmək üzrə idilər, lakin Ukrayna münaqişəsi buna mane oldu. Makron isə Fransanı xaricə satdı. Fransızları aldatdı. O, aldatmağa davam edir. Bundan əlavə, Avropanın bayrağı olan fotoşəkillərdə alman bayrağı deyil, yalnız Fransa bayrağı mütləq təsvir olunur”.

ABŞ-ın “Politico” agentliyi isə xatırladıb ki, “son aylarda Şolz və Makron arasında münasibətlər bütün zamanların ən pis nöqtəsinə çatıb”.

Almaniyanın “Welt” televiziya kanalı isə Fransa və Almaniya liderləri arasında dialoqda kiçik irəliləyiş əldə olunduğunu qeyd edib: “Bununla belə, yaxın gələcəkdə onlar son vaxtlar həddindən artıq gərgin olan münasibətləri yaxşılaşdırmalı olacaqlar”.

Ümumilikdə Fransanın bugünkü siyasəti reallığa uyğun deyil. Afrikada itirilən mövqelər, Almaniya ilə ciddi fikir ayrılıqları ölkəni problemlərə sürükləyir. 

Azər NURİYEV

banner

Oxşar Xəbərlər