• şənbə, 01 Iyun, 22:50
  • Baku Bakı 24°C

Kreditlər vətəndaşdan biznesə keçir

18.05.24 03:44 1510
Kreditlər vətəndaşdan biznesə keçir

Bir neçə aydır ölkədə problemli kreditlərin həcmində azalma müşahidə edilir. Ekspertlər bildirirlər ki, hazırda problemli kredit portfelinin əsas hissəsini istehlak yox, biznes kreditləri təşkil edir. 

2024-cü il martın 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 22,6 faiz azalıb. Vaxtı keçmiş kreditlərin məbləği 469,2 milyon manat təşkil edib. Qeyd edək ki, problemli kreditlərin həcmində azalma son bir neçə ayda ardıcıl müşahidə edilir. Əvvəlki dövrlərdə artan problemli kreditlərin hazırda azalmasına səbəb nədir? 

Sərt qaydalar, vətəndaş məsuliyyəti

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, son bir ildə problemli kreditlərin azalması riskin qiymətləndirilməsi tendensiyası ilə bağlıdır: “Banklar tərəfindən kreditlər ayrıldıqda riskin qiymətləndirilməsi həyata keçirilir. 2019-cu ildən əvvəlki dövrdə bəzi banklar tərəfindən kütləvi kredit kartlarının verilməsi və borclanmanı müşahidə edirdik. Artıq Mərkəzi Bank bu prosesə nəzarət edir. Kreditlərin verilməsi, risk menecmentinin formalaşması, kreditin idarə edilməsi ilə bağlı yeni qaydanın tətbiqini həyata keçirir. Kredit üçün müraciət edən şəxsin gəliri ilə öhdəliyi arasındakı fərqin qorunmasına reydləri və normaları ilə təsir etməyə çalışır. Banklar da şərtləri sərtləşdirib. Həmçinin artıq vətəndaşlar da kreditə daha çox ehtiyac olduğu hallarda müraciət etməyə çalışırlar. Amma istisnalar da qaçılmazdır. Bu da problemli kreditlərin azalmasına gətirib çıxarıb”. 

Ən ciddi məsələlərdən biri şəffaflıqdır

V.Bayramovun fikrincə, arxayınlaşmaq olmaz, yenə də məlum istiqamətdə işlər görülməlidir: “Problemli kreditlərin azalmasındakı tendensiyanın bundan sonra da davam edəcəyi gözlənilir. Bunun üçün bankların risk menecment mexanizmi daha da təkmilləşməlidir. Həmçinin vətəndaşların ödəmə qabiliyyətinə əsasən kreditlərin verilməsi çox vacibdir. Bank sektorunda şəffaflığın və hesabatlılığın daha da artmasına ehtiyac var. Müflis olan banklarla bağlı aparılan təhlillər onu göstərir ki, ən ciddi məsələlərdən biri də məhz şəffaflıqdır. Şəffaflıq artdıqca problemli kreditlərin həcminin azaldığını da müşahidə edəcəyik”.

Problemli kredit portfelinin əsas hissəsi biznes kreditləridir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd etdi ki, problemli kredit portfelinin əsas hissəsinə biznes kreditləri aiddir. Vətəndaşlarla bağlı problemlərin çox hissəsi həll edilib: “Problemli kreditlər portfelinin formalaşmasının səbəbləri kimi problem yaranan bankların müvafiq departamentlərinin riskləri tam nəzərə almaması, düzgün yanaşmanın tətbiq edilməməsi, müəssisələrin biznesinin təhlil edilməməsi, sahibkarın götürdüyü krediti geri qaytarmaq imkanını müəyyən etməməsi və digər halları göstərmək olar. Son dövrlər Mərkəzi Bankın tələbkarlığı artıb, bankların fəaliyyətinə müdaxilə etmədən işlərin müsbət istiqamətə yönləndirilməsi, müəyyən yeniliklərin tətbiq olunması müsbət təsir göstərib. Bankların müvafiq riskləri idarəedən departamentlərinin fəaliyyətində də dəyişiklik baş verib. Çünki kredit portfelinin birdən-birə şişməsi çox böyük problemlərə səbəb olmuşdu. Banklar bu sahədə diqqətin, məsuliyyətin artırılmasına önəm verdilər”.

Ayaqlaşa bilməyənlər bizneslərində problem yaşayırlar

V.Oruc bildirdi ki, problemli kreditlərin azalmasının digər səbəbi ölkədəki iqtisadi vəziyyətlə bağlıdır: “Hansısa sahədə yenilik olduqda ayaqlaşa bilməyənlər bizneslərində problem yaşayırlar. Onlar götürdükləri kreditləri ödəyə bilmirlər. Bu da problemli kreditlərin təbii şəkildə yaranmasıdır. Ölkədə baş verən iqtisadi inkişaf, biznes mühiti üçün yeni imkanların yaradılması, müxtəlif qurumlar tərəfindən verilən dəstək, azad sahibkarlığın inkişafı üçün şərait problemli kreditlərin azalmasına təsir göstərib”. 

Banklar qiymətləndirmə şirkətlərinə müraciət edirlər

V.Orucun fikrincə, problemli kreditləri azaldan digər amil qiymətləndirmə faktorudur: “Kreditlər götürüləndə banklar qiymətləndirmə şirkətlərinə müraciət edirlər. Bu sahədə tənzimlənmə fəaliyyətinin zəif olması əvvəlki dövrlərdə problemlər yaradırdı. Qiymətləndirmə şirkətləri peşə risklərini sığortalamalıdırlar. Yəni hansısa banka müəyyən bir zərər dəyirsə, qiymətləndirici şirkətlər və şəxslər buna görə məsuliyyət daşıyırlar. İndi isə bu sahəyə diqqət artıb. Şirkətlər daha peşəkar səviyyədə fəaliyyət göstərirlər. Bu baxımdan problemli kreditlərin azalması normaldır. Düşünürəm ki, dövr keçdikcə problemli kreditlər daha da azalacaq və bu sahədə sağlamlaşma müşahidə ediləcək”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər