• şənbə, 30 Noyabr, 14:34
  • Baku Bakı 9°C

Korsikada narazılıq artır

07.10.23 04:00 3101
Korsikada narazılıq artır

Fransa prezidenti Emmanuel Makron artan etirazlar fonunda Korsika adasına muxtariyyət verilə biləcəyini açıqlayıb. Korsikaya muxtariyyət verilməsinin ölkənin digər regionlarına da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Əgər bu qərar keçərsə, Fransanın digər əyalətləri də özlərinə oxşar hüquqlar tələb edə bilərlər. 

Cənubi Qafqazda erməni separatizminə rəvac verən Fransa artıq özü də bu problemi yaşayır. Ölkə daxilində və xaricində yaşanan uğursuzluqlar Fransa prezidenti Emmanuel Makronu bir sıra güzəştlərə getməyə məcbur edib. Keçmiş müstəmləkələri bir-bir əldən çıxır, tabeliyində olan ərazilərdə etirazlar səngimir. 

Makronun “muxtariyyət” təklifi

Fransa prezidenti səfərdə olduğu Korsika adasında “Korsika üçün muxtariyyət yaradaq. Bu muxtariyyət dövlətdən ayrılmadan birlikdə gələcək qurmaq vasitəsi olmalıdır. Bu, nə dövlətə qarşı muxtariyyət, nə də dövlətsiz muxtariyyət olacaq”, - deyib. Lakin yerli hakimiyyət orqanlarının konkret hansı səlahiyyətləri ala biləcəyini dəqiqləşdirmək istəməyib. Sadəcə, Korsika Assambleyasına “əvvəlcədən müəyyən edilmiş sahələr” üzrə qanunvericilik səlahiyyətlərinin verilməsini və təhsil müəssisələrində Korsika dilinin tədrisinin təkmilləşdirilməsini təklif edib. Makron ilk dəfə 2022-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində Korsikaya inzibati muxtariyyət verilməsi ideyasını irəli sürsə də, buna əməl etməyib. Fransa prezidentinin son çıxışı zamanı Korsika “Libera” Partiyasının tərəfdarları etiraz əlaməti olaraq assambleyaya qatılmaqdan imtina ediblər. Makron Korsikaya muxtariyyət verilməsi prosesində tərəfləri birlikdə işləməyə çağırsa da, burada bir məsələ var. Belə ki, o, Korsika dilinə rəsmi statusun verilməsinin və ada xalqı ilə Fransa arasındakı bağın tanınması tələblərinin yer almamasını istəyib. Bu da adada indidən narazılıqlara yol açıb. Ada sakinləri Makronun muxtariyyət məsələsini qeyri-müəyyən qoyduğunu bildiriblər. Onların qənaətincə, həmişə olduğu kimi, bu dəfə də Makronun nə demək istədiyi məlum deyil. Korsika parlamentində 63 yerdən 46-na sahib olan millətçilər Korsika dilinin rəsmi statusunu və Korsika xalqı ilə torpaqları arasında bağlılıq statusunun tanınmasını tələb edirlər. 

Napoleonun yurdu müstəqillik əldə edə biləcəkmi?

Bəlli olduğu kimi, Napoleonun doğma yurdu Korsika illərdir ki, müstəqilliyi uğrunda mübarizə aparır. Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir. Korsikanın müstəqilliyini tələb edən yerli xalq bu adanın aborigen sahibləridir. Onların mübarizəsini separatizm hesab edən rəsmi Paris korsikalıların milliyyətini pasportlarda “fransız” yazmaqla, unutdurmağa çalışır. Hazırda Korsika Milli Azadlıq Cəbhəsi 9000 kv.km əraziyə və 350 min əhaliyə sahib olan adanın Fransa müstəmləkəçiliyindən azad olunması üçün mübarizə aparır. 

Adada gərginlik yüksəlir

Makronun bəyanatının verilməsinə səbəb həm də adada gərginliyin artmasıdır. Korsikalı millətçi İvan Kollonnanın Fransada öldürülməsi nəticəsində adada sosial iğtişaşlar artıb. O, 1998-ci ildə adanın prefektinin (polis rəisi) qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Kolonna Fransanın Arles şəhərindəki həbsxanada bir məhkumun hücumuna məruz qalaraq həyatını itirib. Bundan sonra həmkarlar ittifaqlarının çağırışı ilə Korsikada Kolonnaya dəstək nümayişləri keçirilib. Fransa polisi və hərbçilərinin zorakılığı nəticəsində çox sayda etirazçı saxlanılıb. Günlərlə davam edən nümayişlərdə bir çox iş yeri və avtomobil yandırılıb. Kolonnanın ailəsi səhlənkarlıq iddiası ilə Fransa dövlətini məhkəməyə verib. Kolonnanın ölümü Korsikada Fransadan müstəqillik tələblərini gücləndirib. 

İvan Kolonnanın ölümü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. “Xüsusi məhbus” statusu ilə saxlanılan İvan həbsxanada daim xüsusi müşahidə altında olmalı idi və ona hücum mümkünsüz kimi dəyərləndirilirdi. Korsikalı gənclər kolleclərə, liseylərə və universitetlərə getməyərək, bu hadisəyə daha sərt reaksiya verirlər. Vəziyyəti sakitləşdirmək üçün adaya səfər edən daxili işlər naziri Jerald Darmanen muxtariyyət verməyə açıq olduqlarını deyir. Deyilənlərin seçki bəyannaməsi və ya dialoq vədi olmasını zaman göstərəcək. 

Fransanın digər regionları da muxtariyyət tələb edəcək

Yeri gəlmişkən, Korsikaya muxtariyyət verilməsinin ölkənin digər regionlarına da təsirsiz ötüşməyəcəyi irəli sürülür. Əgər bu qərar keçərsə, o zaman Korsika Fransada muxtariyyət alacaq ilk region olacaq. Ölkə qanunvericiliyinə görə, Fransa unitar dövlətdir və ölkədə yaşayan bütün sakinlər fransızlardır. Buna baxmayaraq, Fransa hakimiyyəti fransız millətinin tərkibində ayrı-ayrı etnik qrupların - korsikalıların, bretonların, alzaların və ya baskların mövcudluğunu inkar etmir. Əksəriyyət hesab edir ki, regionların səlahiyyətlərini genişləndirməklə hakimiyyət yerli özünüidarəetmə orqanlarını da yenidən təşkil etməyə çalışır. Digər tərəfdən qeyd edilir ki, bu təşəbbüs ölkənin siyasi dairələrində ciddi mübahisələrə səbəb olacaq. Bir çoxları Korsikaya inzibati muxtariyyət verilməsinin “Pandora qutusu” açacağından qorxur, ehtiyat edirlər ki, bundan sonra digər əyalətlər də özlərinə oxşar hüquqlar tələb edəcəklər. Belə ərazilərdən biri Fransanın şimal-qərbindəki breton etnik azlığının yaşadığı Brittani ola bilər. Əvvəllər breton fəalları inadkar mübarizədən sonra Parisdən öz dillərində işarə və yol nişanlarına sahib olmaq hüququnu qazanmışdılar. Qeyd edək ki,  breton dili hələ tükənməmiş bir neçə kelt dillərindən biridir və bu dildə hələ də təxminən 200.000 adam danışır.

Beləliklə, Makronun yeni məcburi addımları ölkənin parçalanmasına gətirib çıxara bilər. Bəlkə onda Fransa hakimiyyəti başqa ölkələrdə separatizmə dəstək verməyin zərərini anlayar. 

Azər Nuriyev

banner

Oxşar Xəbərlər