• çərşənbə axşamı, 27 fevral, 15:17
  • Baku Bakı 5°C

Kompüter var, bəs müəllim?

16.09.23 02:07 2488
Kompüter var, bəs müəllim?

Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə bildirib ki, yaxın üç il ərzində Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək, son nəticədə hər altı şagirdə bir kompüter düşəcək.

Ölkə məktəblərinin müxtəlif proqramlar çərçivəsində kompüter avadanlığı ilə təchiz edilməsi prosesi artıq bir neçə ildir davam edir. Yeni nəsil texniki vasitələr hazırda tədris prosesinə fəal şəkildə daxil olur. 

Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə bildirib ki, yaxın üç il ərzində Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək, son nəticədə hər altı şagirdə bir kompüter düşəcək.

Maraqlıdır, nazirin qeyd etdiyi kimi, rəqəmsallaşma sahəsində bundan sonra məzmun baxımından görüləcək işlərə məktəb mühiti, uşaqların qavrayış səviyyəsi, öyrənmə bacarıqları və ən başlıcası, ixtisas müəllimlərinin bilgiləri adekvatdırmı? Rəqəmsallıqdan istifadənin digər müəllimlər arasındakı təbliği hansı səviyyədədir? 

Ekspertlərin fikirləri bu istiqamətdə o qədər də haçalanmır, amma problem yaradacaq nüanslar da yox deyil. 

40-50 kompüter olan sinif otaqları

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadənın fikrincə, rəqəmsallıq ilk növbədə dərsdə interaktivliyi təmin etməyə imkan verir: “Hazırda müəyyən tədris alətləri var ki, onların vasitəsilə əyləncəli dərsləri təşkil etmək olur. Məktəblərin kompüterləşməsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Bir çox məktəblərimiz də bu prosesə hazırdır. Yeni yetişən müəllimlərin çoxunun kompüter bilikləri kifayət qədər yaxşıdır və onlar rəqəmsallığı təmin edə bilirlər. Belə bilgilər nə qədər çox olsa uşaqların da o qədər rəqəmsal alətlərdən düzgün istifadəsinə gətirib çıxaracaq. Eyni zamanda, rəqəmsal vətəndaşlığın təşviqi istiqamətində dünyada, o cümlədən ölkəmizdə də bır sıra addımlar atılır. Bu da şagirdlərin rəqəmsal istiqamətdə yetişməsində böyük rol oynayacaq”. Ekspert hər şagirdə bir kompüterin düşəcəyi günün gələcəyinə də ümidlidir: “Mən oxuduğum dövrdə məktəblərdə 1-2 kompüter vardı. İndi məktəblərin böyük əksəriyyətində 40-50 kompüter olan otaqlar var. Yəqin ki, bir müddət sonra ya məktəb özü bunu təmin edəcək, ya da dövlətin bu istiqamətdə sosial layihələri olacaq. Ailələrin özlərinin də artıq bu alətlərə çıxışı yaranacaq”. 

Müəllimlərin səviyyəsi yetərlidir?

R.Əsədzadə rəqəmsal məzmuna müəllimlərin bilgisinin adekvat olub-olmamasına da münasibət bildirdi: “Bizdə adətən “rəqəmsallıq” anlayışı düzgün qarşılanmır. Rəqəmsallıq tək informatika müəllimləri ilə bağlı deyil. İnformatika bir peşə, ixtisasdır. Bizim informatika müəllimləri son 5-6 ildə təkmilləşməyə başlayıblar. Bunun da səbəbi informatikaya ehtiyacın yaranması ilə bağlıdır. Əvvəllər informatika və ya riyaziyyat-informatika seçimi olanda sadəcə riyaziyyatı seçirdilər. İndi əksinədir, daha çox informatikanı seçməyə başlayıblar. Bu o deməkdir ki, informatika müəllimləri təkmilləşir. Rəqəmsallıqdan istifadənin digər müəllimlər arasındakı təbliği təbii ki, zamanla inkişaf edir. Ancaq rəqəmsal inkişaf digər sahələrdən daha sürətli inkişaf etdiyinə görə, ona çatmaq üçün daim təkmilləşmək lazımdır. Məsələn, Google şirkəti müəllimlər üçün “birinci səviyyə öyrədənlər” adlı bir  proqram həyata keçirir. Proqramı başa vuranlara sertifikat 3 illik verilir. Buna görə də müəllimlərin davamlı olaraq özlərini inkişaf etdirmələri vacibdir”. 

Dövrün tələbinə tam uyğun deyilik

Astara rayon Deqədi kənd ümumi orta məktəbinin informatika müəllimi Nemət Tarverdiyev rayon məktəblərinin də tədricən  kompüterləşdiyini bildirdi: “Artıq  bizim məktəbə və qonşu məktəblərə də bir neçə kompüter  verilib. Bu, ilk növbədə şagirdlərin informasiya axtarışı üçün vacibdir. Xüsusən kənd məktəbində bəzən uşaqların mobil telefonu olmur və onlar lazımı məlumatları axtara bilmirlər. Kompüterin olması onlara informasiyanı düzgün axtarmağı öyrədir. Məktəblər də internetləşməni sürətləndiriblər. Qonşu məktəblərə fiber optik kabel çəkilir”. N.Tarverdiyev rəqəmsallaşma ilə ayaqlaşmaq üçün informatika müəllimlərinin bilgilərinin bir qədər aşağı olduğunu etiraf edir: “Bunu özümdə də hiss edirəm. Dövrün tələbinə tam uyğun deyilik. Düzdür, nazirlik tərəfindən müəllimlərin İKT bacarıqlarının artırılması üçün təlimlər keçirilir, bu istiqamətdə ciddi layihələr təşkil olunur. Təcrübəli müəllimlər də az deyil, sadəcə, bu sahə bizdə yenidir”.

Hər şagirdə bir kompüter

İKT üzrə ekspert Tural Mustafayev hesab edir ki, məktəblərin kompüterləşməsi şagirdlərin praktik biliklərinin artmasına müsbət təsir göstərəcək. Belə ki, Elm və Təhsil Nazirliyində İKT üzrə həyata keçirilən STEAM, Robotiks, Scratch, mobil proqramlaşdırma və alqoritm qurulması kimi yeni layihələr aktiv biliklər tələb edir:

“Müəllim bu sahələr üzrə dərsi keçəndən sonra şagirdi mütləq şəkildə test etməlidir. Müəyyən valideynlərin övladları üçün kompüter almaq və onların praktiki biliklərini yoxlamaq imkanı var. Amma bəzi valideynlərin belə imkanı yoxdur. Bu baxımdan, kompüterləşmə şagirdlərə müsbət təsirini göstərəcək”. Ekspertin fikrincə, altı şagirdə bir kompüterin düşməsi vəziyyəti keçən illərə nisbətən yaxşılaşdıracaq, amma uşaq sayı çox olan siniflərdə problem yaradacaq: “45 dəqiqə ərzində müəllim həm yeni dərsi izah etməli, həm köhnə tapşırığı yoxlamalıdır. Şagirdlər də növbə ilə tapşırığı etməlidir. Mütləq şəkildə hər dərsdə hər bir şagirdin qarşısında bir kompüter olmalıdır ki, onlar dərs vaxtından faydalı istifadə etsinlər və informatika dərsindən nəsə əldə etmiş olsunlar. Gələcəkdə də hansısa şagird inkişaf edib özünü İKT sahəsində görürsə, bu, onun inkişafına təkan verəcək”. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər