• çərşənbə axşamı, 10 dekabr, 16:47
  • Baku Bakı 7°C

Kölgəsi olmayan ağaclar - REPORTAJ

27.07.24 04:55 5141
Kölgəsi olmayan ağaclar - REPORTAJ

Binəqədi rayonu ərazisində yerləşən zeytunluqda ağaclar quruyaraq məhv olur. Sakinlər bunun səbəbinin suyun olmaması ilə əlaqələndirirlər. Qurumlar isə həmin ərazinin vaxtaşırı suvarıldığını və qulluq edildiyini bildirirlər.

Son günlərdə Bakının “ağciyərləri” sayılan zeytunluq adlanan parkdan şikayətlər var. Söhbət Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən zeytun bağlarından gedir. İddialara görə, bu parkdakı ağaclar tamamilə quruyub, vaxtilə yaşıllığı ilə göz oxşayan ağacların əvvəlki halından əsər-əlamət qalmayıb. Əvvəllər burada zeytun bağları daha geniş ərazini əhatə edib. Zaman keçdikcə ərazidə binalar, iaşə obyektləri və sair inşa edilib. Beləliklə, zeytunluqdan çox kiçik bir hissə indi park kimi qalıb. 

Mövcud vəziyyəti araşdırmaq üçün biz də həmin əraziyə üz tutduq. Şahidi olduğumuz mənzərə həqiqətən acınacaqlı idi. Bizi üzərində meyvəsi olmayan, saralıb-solmuş, can vermək üzrə olan zeytun ağacları qarşıladı. Parkda kölgəsində oturmağa ağac tapa bilmədik. 
Bununla belə, ərazidə oturacaqlar, zibil qutuları qoyulub, insanların təhlükəsizliyi üçün kameralar da quraşdırılıb. İnsanlar burada rahat şəkildə gəzə, yürüş edə, velosiped sürə bilərlər. 

Yarısı MTK, yarısı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansındadır

Parkın yaxınlığındakı binada yaşayan Ramiz Məmmədov deyir ki, dörd il əvvəl buraya köçdüyü zaman zeytunluq yamyaşıl olub: “Zeytunlar vaxtında çiçəkləyirdi, bol məhsul da gətirirdi. Burada yaşayan əhali zeytun yetişəndə gəlib yığırdı. Yaşıl idi, çünki sulanırdı...” 
Sakinin sözlərinə görə, zeytunluq sonuncu dəfə 3-4 il əvvəl su maşınları ilə sulanıb. Bundan sonra ağaclara su verilməsinin şahidi olmayıb: “Keçən ildən ağaclar qurumağa başlayıb. Bəzi iddialara görə ağaclar qəsdən suvarılmır. Qurumasına şərait yaradılır ki, onları kəsmək daha asan olsun”. 

R.Məmmədov zeytunluğun bir hissəsinin yaşayış binasının balansında olduğunu, ağaclara da məhz onların qulluq etməli olduğunu söyləyir: “Neçə dəfə müraciət etmişik ki, zeytun ağacları quruyur, onları sulamaq lazımdır. Lakin bildirilib ki, bunun üçün vətəndaşlardan əlavə ödəniş yığılmalıdır”. 

Vətəndaşın sözlərinə görə, burada Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan zeytun ağacları da mövcuddur. Lakin hər iki tərəfdə vəziyyət eynidir. Nə qədər şikayət olsa da, su verən yoxdur. 

İşçilər də var, amma su yoxdur

Parkda gəzintiyə çıxan Əbülfəz Həsənov deyir ki, o, uşaq olarkən bu ərazidə zeytun ağacları çox olub: “144 nömrəli məktəbdə oxuyanda bizi bu zeytunluq əraziyə gətirirdilər. Ərazisi çox geniş idi. Binalar, restoranlar yox idi. Briqadalar buradan zeytun yığırdılar. Böyük su xətti var idi. Onunla bu ərazi suvarılırdı. İndi isə suvarmaq üçün imkan yoxdur. Oturacaqlar qoyublar, lakin yaşıllıq olmadıqdan sonra nəyə lazımdır?”  
Nəvəsinin skuter sürməsini izləyən Nazilə Quliyeva isə parka yuxarı məhəllədən gəlir:

“Keçən ildən başlayaraq ağaclar sürətlə quruyur. Əvvəl ağaclar balaca idi, o qədər də su lazım olmurdu. Bu il torpağı traktorla şumladılar ki, yağış yağanda su toplansın. Burada əraziyə baxan işçilər də var. Onlar ağacların dibini yumşaldır, belləyir, qurumuş hissələri kəsirlər”. 

“Su quyusu lazımdır”

14 ildir bu bağa qulluq edən Şəhla Ələsgərova da su olmamasından gileyləndi: “Parkda su quyusu yoxdur. Bizim ərazini sulamağımız üçün su quyusu lazımdır. Ərazi üçün 3-4 su quyusu kifayət edər. Sakinlərin dediklərinə görə, sovet dövründə buradan su xətti keçib, lakin sonradan dağılıb. 2-3 il əvvəl maşınla gəlib sulayırdılar. Onu da insanlar şikayət edəndə gətirirdilər. Amma indi əraziyə maşın da daxil ola bilmir. Böyük xətt çəkilib, əraziyə maşınların daxil olmasına maneə yaradır. Amma ağacları maşınla sulamaq da effekt vermir. Yaxınlıqdakı parklarda su quyuları var. Lakin onların da suyu öz ərazisinə güclə çatır”.

Şəhla xanımın sözlərinə görə, ağaclar quruduqca dibindən pöhrə verir. 

Rəsmi qurumların cavabları

Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, ərazidəki zeytun ağaclarının quruması ilə bağlı iddialar tamamilə əsassızdır: “Biz bu məsələni araşdırmışıq. Bir yaş dövründən sonra ağacların intensiv suvarmaya ehtiyacı qalmır. Xüsusilə də zeytun ağacları daim suvarılmamalıdır. Əraziyə qulluq edilir, ağaclar sulanır. Oraya su maşınlarla verilir. Ağaclara xidmət edən əməkdaşlar da mövcuddur”. Həmçinin o da əlavə olundu ki, sözügedən ərazidə yerləşən ağaclara aqrotexniki qulluq göstərilir, ərazidə mütəmadi olaraq iməcliklər keçirilir.

Xəstəlik, yoxsa baxımsızlıq? 

Bioloq Elman Yusifov zeytun ağaclarının daim suya ehtiyacı olduğunu və xüsusi qayğı tələb etdiyini deyir:

“Zeytun ölkəmizə sonradan gətirilən ağaclardandır. Ağac baxımsız qaldıqda gec-tez quruyacaq, yaxud cırlaşacaq, zəif inkişaf edəcək, məhsuldarlığı olmayacaq. Zeytun ağaclarının quruması araşdırılır. Hətta bu məsələ ilə bağlı xarici mütəxəssislər də cəlb edilmişdi. Mülahizələr var idi ki, səbəblərdən biri xüsusi həşəratlardır.

Onlar ağacın qabığında, yarpağında parazitlik edir. Ağacın şirəsini çəkməyə gəlirlər və onu yoluxdururlar. Ağacların qurumuş, çürümüş hissələri təmizlənməyəndə həmin zərərvericilər üçün əlverişli şərait yaranır. Bu da ağacın qurumasına gətirib çıxarır. Parkdakı ağaclara da baxış keçirmək lazımdır. Onlardan nümunələr götürülüb araşdırılmalıdır. İqlim dəyişmələrinin də zeytun ağaclarının qurumasına təsiri ola bilər”. 

Zərif Salmanlı

 

banner

Oxşar Xəbərlər