Kinoda işləyir, teatrda istirahət edir - MÜSAHİBƏ
Rasim Cəfər: “İnsanın içində bütün rənglər var. Qara, ağ, qırmızı, yaşıl, sarı... Sadəcə kimində bir az sarı çoxdur, kimində yaşıl, kimdəsə qara. Çalışıram ki, palitranı balansda saxlayım. İçindəki bütün hislərin rəngini tanımalısan. Hansı tərəfinin hansı rəng olduğunu bilməlisən”.
Müsahibim Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyoru, Əməkdar artist Rasim Cəfərdir. O, teatr tamaşalarındakı müxtəlif rolları, eyni zamanda da filmlərdəki rəngbərəng rolları ilə diqqəti cəlb etməyi bacarıb. Rasim Cəfəri səhnəyə kino sevgisi gətirib: “İncəsənət Universitetinə kino aktyoru olmaq istəyi ilə daxil olmuşam. Həmişə kinoya can atmışam. Və mənim üçün kino daha yaxındır, özümü orada daha rahat, daha sərbəst hiss edirəm. Düzdür, teatrı da çox sevirəm, canlı ünsiyyətdir, birbaşa kontaktdır tamaşaçı ilə. Amma kinoda daha rahat oluram. Uşaqlıqdan kinoya bağlıyam, tamaşalara da az getmişəm. Yəni teatr sevgim kinodan fərqli olaraq uşaqlıqdan yox, oxuduqca, işlədikcə yaranıb. Kino çəkilişi prosesində daha çox özüməm”.
Bir dəfə çəkilir, vəssalam
“Teatrda aylarla bir əsərin üzərində işləyirik. Düzdür, son dövrlər bu müddət qısalsa da, ümumən uzun çəkir. Və sən personaj haqqında hər şeyi bilirsən” deyən aktyor vurğulayır ki, kinoda rolun üzərində özün işləyirsən: “Ssenarini götürüb hazırlaşırsan, obrazını qurursan. Rejissorun istiqamətləndirməsi isə artıq çəkiliş meydançasında olur. Onun gördüyü ilə sənin qurduğunun arasında ortaq bir məxrəc tapırsan. Çəkildiyim filmlərin heç birindən tam razı qaldığım olmayıb. Hər dəfə deyirəm ki, gərək bunu belə edərdim. Bax bu doymazlıq, bəlkə də, məni kinoya daha yaxın edir. Teatrda etdiyin səhvi növbəti tamaşada düzəldə bilirsən, amma kinoda yox. Bir dəfə çəkilir, vəssalam”.
Teatr daha geniş məkandır
“Kino rejissorundu, teatr aktyorun” deyir Rasim Cəfər: “Çünki tamaşa başladısa, vəssalam. Rejissor kulisdə nə edir etsin, lap saçların yolsa da, aktyor səhnədə nə oynasa, odur. Tamaşa ömrünü o 1-2 saat ərzində orada yaşayır. Amma bu, kinoda mümkün deyil. Bu baxımdan aktyor üçün daha geniş məkandır, daha böyük sərbəstlikdir teatr. Mənim üçün teatr həm də, bir növ kinoya hazırlıqdır, məşqdir. İstər fiziki, istərsə də mənəvi bir hazırlıqdır. Sanki kinoda işləyir, teatrda istirahət edirəm”.
Get özünə sənət tap
Rasim bəy deyir ki, heç bilmirəm aktyor olmasaydım nə olardım: “Evdə də bəzən sual verirlər ki, birdən iş olmasa, nə edəcəksən? Bilmirəm! Heç bilmirəm ki, bundan başqa əlimdən nə gələr. Uşaq vaxtı rəssam olmaq istəyirdim. Böyük həvəsim vardı. Sonra keçdi, hüquqşünas olmaq istədim. Müdafiə etmək istəyirdim insanları. İki nəfər mübahisə edirdisə, biri o birini əzməyə çalışırdısa, ürəyim dözmürdü. Bəzən heç haqlı olmayan adamın da həddindən artıq əzilməyinə göz yuma bilmirdim. “Hə, haqlısan, amma bu qədər də olmaz” deyirdim. Sonra fikrim dəyişdi. Aktyor olmaq istədim. Evdə mənə deyirdilər ki, bala, get özünə sənət tap, bu sənətlə nə edəcəksən? Atam çox da qarışmırdı. Amma anam danışırdı. Deyirdi ki, nə təhər olacaq, necə dolanacaqsan?”
Palitra oyunu
“Bütün rollarımda mən varam” deyir aktyor: “Əgər aktyor oynadığı rolda özünü qırağa qoyur və sırf həmin personajı yaratmağa çalışırsa, bu, yanlışdır. Bu olacaq sxem. Burda ruh olmayacaq. Amma əslində, “sən bu personaj olsaydın necə olardın?” olmalıdır. Yəni məsələn, mən Hamlet olsaydım, nə edərdim? Bax, bu düşüncə ilə oynamaq lazımdır. Ona görə oynadığım bütün personajlarda mən varam. İnsanın içində bütün rənglər var. Qara, ağ, qırmızı, yaşıl, sarı... Sadəcə kimində bir az sarı çoxdur, kimində yaşıl, kimdəsə qara. Çalışıram ki, palitranı balansda saxlayım. Elə personaj var ki, sənə sarı-yaşıl rənglər lazım olur. O rənglərlə işləyirsən. İçindəki bütün hislərin rəngini tanımalısan. Hansı tərəfinin hansı rəng olduğunu bilməlisən. Əgər “Əlvida Şmidt”də mən simic, acıdil birini oynayıramsa, o da Rasimdir. “Əzizim Fellini”də isə başqa bir Rasimdir. Hamısı mənəm, sadəcə ayrı-ayrı rəngləri oynayıram. Amma ən sevdiyim rolum “Yalqız qəlb” tamaşasındakıdır”.
Mənəvi ehtiyac
“Teatr üçün nə etmək lazımdır” sualıma aktyor “Teatrın cəmiyyətə lazımlığını çatdırmaq vacibdir” deyir: “Necəsini bilmirəm. Amma nə isə etmək, təbliğat aparmaq lazımdır. Cəmiyyət anlasa ki, teatr ona lazımdır, teatra axışacaqlar. Onda yaxşı əsərlər də gələcək. Klassiklər olsa da, müasir tamaşaçını maraqlandıran əsərlər də olacaq. Bilirsiniz, bu, maddi ehtiyac deyil, mənəvi ehtiyacdır. Məni həmişə maraqlandırıb ki, teatr, aktyor sənəti, bu istək, bu ehtiyac nədən yaranıb. İnsanın oynamaq, oynayana baxıb həzz almaq kimi istəyi haradan yaranıb? Nə olub axı bunu vacib edən? Bu, sirli bir şeydir. Nə olduğunu bilmirəm. Amma camaatın bu mənəvi ehtiyacını yarıtmaq lazımdır”.
Saat kimi işləyən mexanizm
Aktyor müqayisələrdən də danışdı: “Daha çox serialları müqayisə edirlər. Bizim serial seti ilə türk serial seti arasında istər maddi, istər də iş prosesi baxımından yerlə-göy qədər fərq var. Elə götürək birinci maddi tərəfini. Bizdə bir operator, bir köməkçi, bir rəssam, bir rejissor, bir işıqçı, bir səsçi olur. Yəni hərəsindən bir nəfər. Amma Türkiyədə çəkiliş prosesində olmuşam, baxmışam ki, set qaynayır, doludur. Bir dəfə də görmədim ki, işıqçının harada olduğunu soruşsunlar. Orda o qədər işçi var və hamı da öz yerini bilir. Mexanizm də düzgün qurulub. Saat kimi işləyir. Və bu saat düzgün işləyir. Bizdə bu mexanizm yoxdur”.
Turabov 31 yaşında Gəray bəyi oynayıb, mən də...
Rasim Cəfər teatrda başına gələn tragikomik hadisədən də danışdı: “31 yaşım vardı, “Tıq-tıq xanım”ı hazırlayırdıq, gərgin məşqlər gedirdi. Qəzetdə Həsənağa Turabov haqqında məqalə oxudum və bildim ki, Gəray bəyi 31 yaşında oynayıb. Məşqdə Ağaxan müəllim yenə də nə üçünsə deyinirdi. Dedim, ay Ağaxan müəllim, Həsənağa Turabov 31 yaşında Gəray bəyi oynayıb, mən də 31 yaşında Siçan bəyi oynayıram. O deyimim, bir lətifəyə dönmüşdü. Tamaşa da çox gözəl alınmışdı. Deyim ki, o Siçan bəydə də mən varam”.
Söhbətləşdi: Xanım Aydın