Keçmişdən gələcəyə ipək körpü
Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O, həm də ismət, sevgi rəmzidir. Qədim zamanlardan əgər bir qız bir oğlana kəlağayısını versə, ona könlünü vermiş sayılırdı. Son vaxtlar da kəlağayı dəbə düşüb. Müxtəlif yerlərdə xanımların həm başlarına, həm boyunlarına kəlağayı bağladığını görürük.
Azərbaycan qadınları hər zaman çox güclü xarakterə malik olublar. Bu gözə görünən gücün altında onlar həm də çox zəngin və zərif xüsusiyyətlərə malik idilər. Bu gün də belədir. Bu zəriflik onların davranışında, həyat tərzində, geyimində və eləcə də baş örtüyündə özünü göstərib. Azərbaycanlı xanımların ən gözəl və ən qədim baş örtüyü kəlağayıdır desək, yəqin ki, yanılmarıq. İpəkdən hazırlanan kəlağayı incəliyinə, gözəlliyinə, həm də tibbi baxımdan xeyrinə görə digər baş örtüklərindən fərqlənir. Kəlağayıya bənzər ipək örtüklərin hazırlanması eramızdan əvvələ getsə də və sonradan Azərbaycanda fərdi şəkildə kustar üsulla ev şəraitində kəlağayılar hazırlansa da, sırf kəlağayı istehsal edən müəssisələrin işə düşməsi orta əsrlərə təsadüf edir. Kəlağayıçılıq sənətinin ilk ünvanı İsmayıllı rayonunun Basqal kəndidir. Daha sonra Şəki, Şuşa və Gəncə şəhərlərinə də bu sənət yayılıb və oralarda da istehsal olunan kəlağayılar keyfiyyətinə və gözəlliyinə görə seçiliblər. Azərbaycan kəlağayıları əcnəbilərin də diqqətini çəkib və onlar haqqında ötən əsrlərə aid səfərnamələrdə qeydlərə rast gəlinir.
Sevgi etirafı – Kəlağayı
Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O, həm də ismət, sevgi rəmzidir. Qədim zamanlardan əgər bir qız bir oğlana kəlağayısını versə, ona könlünü vermiş sayılırdı. Ona görə də sevgisini etiraf edən bir oğlan üçün qızdan kəlağayısını almaq onun razılığını almaq hesab olunurdu. Bunun özündə də bir gözəllik, zəriflik var. Elçi gedilən qızın “hə”sini alanda da oğlanın anası, ya bacısı başına qırmızı kəlağayı salardı. Yeri gəlmişkən, bu adətimiz indi də var. Bundan başqa, toyda gəlinin başına ağ kəlağayı, gəlin gətirilən arabaya, ata zoğalı, soğanı və ya narıncı kəlağayı bağlanardı. Yaşlı xanımlar kəlağayını çalma, gənclər isə örpək kimi örtərdilər. Amma əlbəttə ki, gənclərdən də çalma bağlamağı sevənlər var.
Hər yaşın öz kəlağayısı
Kəlağayıçı Zülfüqar Basqal deyir ki, kəlağayı rəngləri əvvəl az idi, indi isə daha çeşidlidir. Ata-baba sənətini davam etdirən müsahibimiz bildirir ki, kəlağayını rənglərinə görə örtmək adəti var: “Çəhrayı rəngli kəlağayını gənc, nişanlı qızlar, ağ kəlağayını ailə quran, təxminən 25-50 yaş arası orta yaşlı xanımlar, qara kəlağayını bir qədər daha yaşlı xanımlar örtərlər. Qara kəlağayını həm də simvolik olaraq yas mərasimlərinə həm yaşlı, həm də gənc xanımlar taxarlar. Amma ümumiyyətlə şux, xoş rəngli kəlağayılar daha çox gənc, subay, təzə ailə qurmuş xanımlar üçün nəzərdə tutulur. Qəhvəyi, noxudu rəngli kəlağayılar da orta yaşlı xanımların sevdiyi tərzdir. Daha çox məşhur olan “Ağzəmin” adlı kəlağayılardır. Onu hamı tanıyır. Zəmini, yəni yerliyi ağ, qıraqlarında göy naxışlar olan kəlağayılar. Kəlağayının boyanmasında təbii rənglərdən istifadə edilir ki, onlar da nar qabığı, zirinc, zəfəran, narınc, qarağat və başqa bitkilərdən alınır. Həmin rənglərin alınması da ayrıca bir işdir”.
Miqren və osteoxondrozun dərmanı
Zülfüqar bəy deyir ki, kəlağayı həm də mənəvi dəyədir: “Kəlağayı barama qurdunun yaratdığı saplardan hazırlanır. O da çox əziyyətli və mistik bir işdir. Orda mütləq bir halallıq olmalıdır. Olmasa, ipək əmələ gəlməz. İpək də olmasa, kəlağayı olmaz. Hər bir ipəkçi, kəlağayıçı işinə həssaslıqla yanaşır. Ona ürəyini, ruhunu, sevgisini qoymasa, heç nə alınmaz. İnanın ki, bu, belədir. Qədimdən üç növ parça var: ipək, pambıq, bir də yun. Bunların hamısı müalicəvidir, bədənə ziyanı yoxdur. Sintetik parçaların orqanizmə ziyanından həkimlər özləri çox danışıb, hamı da bilir. Adlarını çəkdiyim parçalar isə çox faydalıdır. Onlardan yun bir qədər allergik olsa da, ipək və pambıq belə deyil. İpəkdən hazırlanmış kəlağayılar boyun, baş ağrılarını aradan qaldırır. Müasir dildə desək, miqren və osteoxondroz kimi xəstəliklərdə müalicəvi effekti var”.
Orijinalı nazik üzüyün içindən rahat keçir
Satışda kəlağayı çoxdur. Onlar rənginə, ölçüsünə, naxışlarına görə fərqlənirlər. Yəni məsələnin bu tərəfində seçim xanımların zövqünə bağlıdır. Amma keyfiyyət məsələsinə gəlincə... Bu, artıq başqa bir mövzudur. Amma bineyi-qədimlərdən belə bir misal var ki, kəlağayının təmizliyini yoxlamaq üçün onu üzükdən keçirmək lazımdır. “Əsl kəlağayı, dediyim kimi, təmiz ipəkdən hazırlanır. Amma, təəssüf ki, satışda sintetika ilə qarışıq parçalardan da hazırlanan, kəlağayıya bənzəyən yaylıqlar var. Əgər müştəri doğrudan da kəlağayı almaq istəyir və təmizliyini yoxlamaq istəyirsə, onu üzükdən keçirsin. Kəlağayı barmaq ölçüsündə olan üzüyün halqasından sürüşüb keçəcək. Amma sintetik qarışığı olan yaylıq kobud olduğundan halqanın içində ilişib, çətinliklə çıxacaq”, - deyə Zülfüqar Basqal vurğulayır.
Kəlağayının yuyulma sirri
Kəlağayı həm də düzgün yuyulmalıdır. Bəzən onu şampunla, ətirli sabunla yuyurlar və bu zaman rəngləri qarışır, gözəlliyi itir. Basqalda kəlağayı işi ilə məşğul olan Abbasəli kişi deyir ki, kəlağayının yuyulması asan olsa da, bu sirri çoxu bilmir: “Əvvəl ilıq suda 72%-li paltar sabununu açmaq – əritmək, üzünə yığılan köpüyü yığmaq gərəkdir. Sonra isə kəlağayını ehmalla həmin məhlula salıb xəfifcə yumaq, axar suda yaxalayıb, yaxşıca çırpışdırıb, sərmək lazımdır. Bu üsulla yuyulan kəlağayı nə korlanar, nə də rəngi bulanar”.
Xanımlar üçün ən gözəl hədiyyə
Son dövrlərdə kəlağayı xüsusilə dəbə düşüb. Müxtəlif yerlərdə xanımların həm başlarına, həm boyunlarına kəlağayı bağladığını görürük. Modern geyimlərin üstündə qədim bir ornament sanki müasir xanımları həm də öz kökünə bağlayır. Kəlağayı keçmişdən bu günümüzə ipək körpüdür. Xanımlar üçün özəl hədiyyə axtaran bəylər onlara kəlağayı versələr, uduzmazlar.
Xanım Aydın