İstehsalı var, amma idxalı da qaçılmazdır
Ekspertin
fikrincə, Qarabağ və Şərqi Zəngəzur rayonlarında heyvandarlıq sahəsindəki yüksək
potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir.
İşğaldan azad edilmiş ərazilərdə ildə 30 min ton ət istehsalı proqnozlaşdırılır
ki, bu da ölkənin özünü ətlə təmin etməsi baxımından əhəmiyyətli rəqəmdir.
Tələbatı tam ödəmək məqsədilə bir çox ərzaq məhsulları
ölkəyə xaricdən idxal edilir. Bu sıraya ət və ət məhsulları da daxildir. Ət məhsullarının
idxaldan asılılığını azaltmaq üçün indiyədək dövlət qurumları tərəfindən aqrar
sahəyə ciddi dəstək olunub. Hər ötən il bu sahədə statistik göstəricilər müsbətə
doğru dəyişib. Lakin hələ də ət və ət məhsulları sahəsində idxaldan asılılıq
var. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin
yanvarında Azərbaycan 5 milyon 720.46 min ABŞ dolları dəyərində 3 165.38 ton ət
idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq
32.9% və 34.3% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında ölkənin
xaricdən ət alışının həcmi 2 357.85 ton olub. Buna xərclənən vəsait isə 4
304.93 min dollar təşkil edib. Maraqlıdır, ətin idxalındakı artım nə ilə bağlıdır? İdxalı azaltmaq üçün
hansı işlər görülməlidir?
İdxalı stimullaşdıran bahalaşma
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında iqtisadçı
alim Mahir Zeynalov bildirdi ki, Azərbaycan ətə olan tələbatını tam ödəyə bilmədiyindən,
əlavə olaraq xaricdən ət və ət məsulları idxal edir: "Nə qədər qəribə səslənsə
də, ətin idxal qiymətləri yerli istehsal qiymətlərindən ucuzdur. Ancaq idxal ətinin
keyfiyyəti aşağıdır. Ona görə, keyfiyyətsiz olsa da, idxalçılar ucuz ət
idxalında maraqlıdırlar. Bu ucuz ətdən, əsasən, yeyinti sənayesində, kolbasa
istehsalında istifadə edilir. Ona görə də, ilin ilk ayında idxalda artım qeydə
alına bilər. Bununla belə, son aylarda daxili bazarda yerli ətin bahalaşması da
idxalı stimullaşdırır. Həm də idxalda qeyd edilən artım ötən ilin yanvar ayı ilə
müqayisədə ortaya çıxıb, il boyu ət idxalında belə yüksək artım gözlənilmir”.
Dünya bazarında yüksələn tələbat
İqtisadçı ekspert vurğuladı
ki, Azərbaycanın özünü ətlə təminetmə səviyyəsi 84,5%-dir: "Ölkədə ildə
(2020-ci ildə) 346 min ton ət istehsal olunur, daxili tələb 410 min tondur,
63,6 min ton ət idxal edilir. Quş əti ilə təminetmə səviyyəsi isə 79%-dir. Ölkədə
ildə 115 min ton quş əti istehsal edilir, daxili tələb 146 min tondur, 31 min
ton idxal edilir. Ölkəmiz yalnız qoyun əti ilə özünü təmin edə bilir (97%).
2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə
quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min
ton olmuşdur.
Dünya bazarında ət
istehsalı artsa da, ona tələb də yüksəlir. Hətta BMT Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinə görə, 2021-ci ildə ət 12,7%, süd
məhsulları 17% bahalaşıb. Orta
gəlirli ölkələrdə insanlar heyvandarlıq məhsullarına və balığa üstünlük verməyə
başlayıblar. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya
iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının
ixracına məhdudiyyətlər tətbiq etməsi, ixrac rüsumlarını artırması, ixracatçı
ölkələrin daxili ərzaq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz
iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara tələbatın
artması kimi amillərdir. Hətta 2022-ci ildə də qiymət artımlarının davam edəcəyi
gözləniləndir”.
"30
min ton ət istehsalı proqnozlaşdırılır”
M.Zeynalov qeyd etdi ki, işğaldan
azad edilmiş torpaqlarda heyvandarlığın inkişaf etdirilməsi hesabına ət
istehsalının artırılması mühüm əhəmiyyət daşıyır: "Bu, həm də ərzaq təhlükəsizliyi,
daxili bazarın ekoloji təmiz, keyfiyyətli ət və ət məhsulları ilə təmin
olunması baxımından vacibdir. İşğaldan
azad olunmuş torpaqlarda kənd təsərrüfatı dirçəldikdən sonra Qarabağda əsas
aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı
olacaq: "İşğaldan azad edilmiş rayonlarda ildə 30 min ton ət istehsalı
proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi
və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Bu rayonlarda kənd təsərrüfatı
dirçəldikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə
biləcək”.
"Qarabağ
və Şərqi Zəngəzur rayonlarında...”
İqtisadçı-alimin sözlərinə
görə, işğaldan azad edilmiş ərazilərdə ənənəvi
heyvandarlıq sahələri yüksək potensiala malikdir: "Qarabağda heyvandarlığın
inkişafı üçün təbii şərait var. Heyvandarlıq Qarabağın iqtisadiyyatında özünəməxsus
mühüm yer tutan ənənəvi sahələrdən biridir. 1980-ci illərdə Qarabağ və ətraf
rayonlarda 321 min baş iribuynuzlu (ondan 110,3 min başı inək və camışlar),
1106,7 min baş xırdabuynuzlu heyvanlar bəslənilirdi. İribuynuzlu heyvanların
sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti 16,2%, xırdabuynuzlu heyvanların
sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti isə 19,3% təşkil edirdi ki, bu da
o dövr üçün kifayət qədər əhəmiyyətli rəqəmlərdir. Qarabağın iqtisadiyyatında ənənəvi
sahə olan heyvandarlıq yaxşı inkişaf etmişdi. Belə ki, 1980-ci illərdə keçmiş
Yuxarı Qarabağ və Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan
rayonlarında ildə 27,5 min ton ət, 163,8 min ton süd, 94,3 milyon ədəd yumurta
istehsal edilirdi. Ölkə üzrə ət və süd istehsalının 15%-i, yumurta istehsalının
isə 8,8%-i bu regionun payına düşürdü. Qarabağ və Şərqi Zəngəzur rayonlarında heyvandarlıq
sahəsindəki yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da
inkişaf etdirilməlidir”.
Bəxtiyar
Məmmədli